2023-cü il dekabrın 22-də “Heydər Əliyev İli” çərçivəsində Mingəçevir Dövlət Universiteti (MDU) ilə Mərkəzi Aran Regional Təhsil İdarəsi (RTİ) arasında imzalanmış 2023-cü il üçün birgə Tədbirlər Planına uyğun olaraq Zərdabda “Heydər Əliyevin zəngin dövlətçilik irsinin əsas istiqamətləri” mövzusunda elmi seminar keçirilib.
Zərdab şəhəri H.Zərdabi adına 1 nömrəli məktəb liseydə baş tutan tədbirdə Mərkəzi Aran RTİ-nin əməkdaşları, MDU-nun bir qrup professor-müəllim heyəti, rayonun ümumi təhsil müəssisələrinin rəhbərləri və müəllimləri iştirak edib.
Əvvəlcə, Zərdab məktəblilərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbir Ümummilli Liderimizin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Elmi-seminarın açılışında MDU-nun rektoru Şahin Bayramov və Mərkəzi Aran RTİ-nin müdiri Elçin Kərimov çıxış ediblər. Açılış nitqlərində müasir Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliğinin əhəmiyyətindən söhbət açılaraq, seminarın önəmi vurğulanıb və təşkilatçılara minnətdarlıq ifadə olunub.
Əbədiyaşar lider Heydər Əliyevin zəngin irsi və keçdiyi həyat yolundan bəhs edən videoçarx izlənildikdən sonra elmi-seminarın məruzələri dinlənilib.
MDU alimlərindən Asim Məmmədov, Namaz Manafov, Səadət Ağakişiyeva və Əməkdar müəllim Könül Aydın məruzələrlə çıxış ediblər. Məruzələrdə ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın qurulmasında, milli-mənəvi dəyərlərimizin, eləcə də Azərbaycan dilinin qorunmasında və zənginləşməsində, milli ədəbiyyatın inkişafında göstərdiyi misilsiz xidmətlərdən bəhs edilib, xalqımızın milli sərvəti hesab edilən dahi şəxsiyyətin çoxşaxəli və zəngin dövlətçilik irsinin ölkəmizin etibarlı gələcəyinin təminatında əvəzolunmaz rolundan danışılıb.
Sonda şagirdlərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib, “Yüz ilə – Yüz şeirlə” müsabiqəsinin fəal iştirakçıları təltif edilib.
eyd edək ki, 2023-cü il aprelin 20-də MDU və Mərkəzi Aran RTİ arasında imzalanmış Tədbirlər Planı çərçivəsində Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilib.