Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının növbəti iclası keçirilib

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının növbəti iclası keçirilib

 

Dekabrın 25-də Mingəçevir Dövlət Universitetində (MDU) Elmi Şuranın genişləndirilmiş iclası keçirilib.

İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 iillik yubileyi münasibətilə keçirilən mərasimdəki nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı Azərbaycan Respublikasının Təhsil nazirinin 09 dekabr 2019-cu il tarixli müvafiq əmri ilə təsdiq edilmiş Fəaliyyət Planı geniş müzakirə olunub. Məsələ ilə bağlı ətraflı məlumat verən MDU-nun rektoru Şahin Bayramov Fəaliyyət Planında təhsil müəssisələrində tərbiyə işinin təkmilləşdirilməsi, təhsialanların vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycan tarixinin tədrisinin təkmilləşdirilməsi və tələbələrlə ideoloji işin gücləndirilməsi istiqamətində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə danışıb. Fəaliyyət Planının səmərəli icrası məqsədilə MDU üzrə müvafiq Tədbirlər Planının hazırlandığını bildirən Ş.Bayramov struktur bölmələrin rəhbərlərinə müvafiq tapşırıqlar verib.

Sonra Tədris şöbəsinin müdir müavini Üzeyir Zeynalovun “2019/2020-ci tədris ilinin payız imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında” və dekan Nüşabə Qədimlinin “İqtisadiyyat və idarəetmə fakültəsinin fəaliyyəti haqqında” hesabatları dinlənilib. Hər iki məsələ ilə bağlı geniş müzakirələr aparılıb, Azərbaycan Respublikasının Təhsil nazirinin “2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə” müvafiq əmrindən irəli gələn vəzifələr, eləcə də bununla bağlı MDU rektorunun aidiyyatı əmri ilə struktur bölmələrə konkret tapşırıqlar verildiyi diqqətə çatdırılıb.

İclasda universitet üzrə tədris prosesində iştirak edən professor və müəllim heyətinin saathesabı dərs üçün əməkhaqlarının artırılması məsələsi müzakirəyə çıxarılıb. Məsələ barədə məlumat verən rektor Ş.Bayramov mövcud maliyyə imkanları və aparılan təhlillər nəzərə alınmaqla müvafiq təkliflərin hazırlandığını bildirib. Sonda saathesabı dərs üçün əməkhaqının hər saat üzrə müvafiq olaraq elmi dərəcəsi olmayan müəllimlər üçün dörd manat, dosent elmi adı və ya fəlsəfə doktoru elmi dərəcəsi olanlar üçün altı manat, professor elmi adı və ya elmlər doktoru elmi dərəcəsi olanlar üçün isə səkkiz manat məbləğində hesablanmasına dair Elmi Şuranın qərarı qəbul olunub. Əmək haqqı artımının 01 sentyabr 2019-cu il tarixindən qüvvəyə minməsi qərara alınıb.

Sonra MDU əməkdaşları tərəfindən hazırlanmış metodiki vəsaitlər və dərsliklər müzakirə olunub və onların nəşr olunmasına dair qərar qəbul edilib.

Daha sonra Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışında MDU-nu yüksək səviyyədə təmsil etmiş səkkiz tələbə, eləcə də MDU-da və Mingəçevir şəhərində vətənpərvərlik mövzusunda tədbirlərdə fəal iştirakına görə tələbə Türkan Qurbanova Təşəkkürnamə ilə təltif edilib.

         Sonda “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi tərəfindən digər tərəfdaşlarla birlikdə keçirilmiş “Mingəçevir Gənclərinin Regional Debat Forumu: Payız 2019” yarışında qalib olmuş MDU-nun “Qarabağ” komandasının tələbələrinə sertifikatlar, medallar və kubok təqdim edilib.

 

{phocagallery view=category|categoryid=286|limitstart=0|limitcount=0}