MDU-da Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

  • Post category:Pedaqogika / Təhsil

2024-cü il mayın 30-da Mingəçevir Dövlət Universitetində (MDU) “1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunan elmi-praktik seminar keçirilib. Seminarda MDU-nun professor-müəllim heyəti üzvü, tələbə və magistrantlar iştirak edib.

MDU-nun Pedaqogika və psixologiya kafedrasının müdiri, professor Fərəh Cəlil tədbiri giriş sözü ilə açaraq bu əlamətdar gün münasibətilə dünyaya xoşbəxtlik bəxş edən uşaqları və daxilində uşaqlıq hisslərini yaşadan hər kəsi təbrik edib. Bildirib ki, dünyanın hər yerində uşaqlara qayğı və onların qorunması xüsusi əhəmiyyət kəsb edir. Uşaqların Beynəlxalq Müdafiəsi Gününün bütün dünyada qeyd edildiyini, hər bir dövlətin uşaqları qorumağı, gələcəyimiz olan balaları müdafiə etməyi özünün əsas vəzifəsi hesab etdiyini vurğulayan F.Cəlil Azərbaycanda bu istiqamətdə həyata keçirilən məqsədyönlü işlərdən, uşaqlara göstərilən yüksək dövlət qayğısından danışıb. Qeyd edib ki, ölkə prezidenti İlham Əliyev uşaqlarla bağlı məsələyə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşır. Eyni zamanda Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva uşaq hüquqlarının qorunmasına xüsusi dəstək verir.

Sonra MDU-nun Pedaqogika və psixologiya kafedrasının müəllimlərinin təqdimatında məruzələr dinlənilib. Zülfiyyə Tanrıverdiyeva “Xoşbəxt uşaqlıq, təhlükəsiz gələcəyimizdir”, Günel Nəcəfova “Bullinq və onu yaradan səbəblərin aradan qaldırılması yolları” və Nərgiz Niftəliyeva “Uşaqlarda empatiyanın inkişafının dəstəklənməsi” mövzularında çıxış ediblər.

Maraqla qarşılanan məruzələr ətrafında müzakirələr aparılıb, müəyyən təkliflər irəli sürülüb.

Qeyd edək ki, MDU-da əlamətdar günlərin qeyd edilməsi, bu istiqamətdə müxtəlif tədbirlərin keçirilməsi hər zaman diqqət mərkəzindədir.