2024-cü il yanvarın 19-da Mingəçevir Dövlət Universitetində Ümumxalq Hüzn Gününə həsr olunmuş “20 Yanvar: Azərbaycan tarixinin şərəf və qəhrəmanlıq səhifəsi” mövzusunda elmi konfrans keçirilib. Konfransda MDU-nun bir qrup akademik-inzibati heyət üzvləri, professor və müəllimləri, tələbə və magistrantları iştirak edib.
Öncə 20 Yanvar faciəsinin qurbanları və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı giriş sözü ilə açan Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov 34 il öncə baş verən qanlı faciənin mahiyyəti, onu doğuran səbəblər, həmin vaxt ölkədə yaşanan xaos, xalqın apardığı azadlıq mübarizəsi, Qarabağ zəfəri barədə məlumat verib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə paytaxt Bakıda baş verən qanlı qətliamı, onun dəhşətli nəticələrini, yüzlərlə günahsız insanın gülləbaran edildiyini diqqətə çəkən rektor 20 Yanvar faciəsini 2020-ci ildə əldə olunan Zəfər yolunun başlanğıcı kimi qiymətləndirib.
20 Yanvar hadisələri təkcə faciə deyil, həm də Azərbaycan tarixinin qanla yazılmış şərəf, qürur salnaməsi, milli oyanış tarixi olduğunu bildirən Ş.Bayramov çıxışında Ümummilli lider Heydər Əliyevin Vətənin harayına yetişərək Moskvada Bakı həqiqətlərini dünyaya çatdırılmasını təmin etdiyini diqqətə çatdırıb. Ümummilli liderin 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı 1994-cü il yanvarın 5-də imzaladığı Fərmanda, həm də Milli Məclisdə hadisəyə tam siyasi-hüquqi qiymət verilməsini tövsiyə etdiyini və 1994-cü il mart ayının 29-da ölkə parlamenti “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edib.
Açılış nitqindən sonra 20 Yanvar faciəsinə həsr olunmuş video-çarx nümayiş etdirilib və proqrama uyğun olaraq məruzələr dinlənilib.
MDU müəllimlərindən Leyla Babayeva “20 Yanvar faciəsi: Səbəb, nəticə və tarixi dərs”, Hüseyn Əsgərov “20 yanvar faciəsinin hüquqi-siyasi aspektləri”, Jalə Qasımova “20 Yanvar faciəsi və beynəlxalq mətbuatda”, Ceyran Vəliyeva “Qanlı 20 Yanvar bədii ədəbiyyatımızda” və Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin koordinatoru Minayə Hüseynova “20 Yanvar hadisələri və Azərbaycan gəncliyi” mövzularında çıxış ediblər.
Çıxışlarda Azərbaycan xalqına qarşı törədilən bu cinayətin əsl mahiyyəti barədə məlumat verilib, 20 Yanvar hadisələri Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi kimi səciyyələndirilib. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin bu qanlı faciəni törədənləri dərhal kəskin ittiham etdiyi və xalqımızın ən çətin günündə ona mənəvi dəstək olduğu vurğulanıb. Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanın qət etdiyi inkişaf yolundan bəhs olunub, ölkəmizin əldə etdiyi nailiyyətlərdən söz açılıb.
Qeyd edək ki, MDU-da 20 Yanvar faciəsinin ildönümü hər il dərin hörmət və ehtiramla anılır.