Mingəçevir Dövlət Universiteti və Ankara Hacı Bayram Veli Universitetinin birgə təşkilatçılığı ilə növbəti seminar keçirilib

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universiteti və Ankara Hacı Bayram Veli Universitetinin birgə təşkilatçılığı ilə növbəti seminar keçirilib

 

2021-ci ilin 22 iyun tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Ankara Hacı Bayram Veli Universiteti (AHBVU) arasında əməkdaşlıq çərçivəsində “Mühasibat uçotu sahəsində e-dövlət tətbiqləri” mövzusunda seminar keçirilib. “Google meeting” platforması üzərindən onlayn formatda təşkil edilən seminarda AHBVU və MDU-nun İqtisadiyyat və idarəetmə fakültələrinin akademik heyət üzvləri, eləcə də tələbə və magistrantlar iştirak ediblər.

Seminar iştirakçılarını salamlayan AHBVU-nun fakültə dekanı Kemal Görmez və MDU-nun fakültə dekanı Nüşabə Qədimli universitetlər arasında inkişaf edən əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər. Ölkələrimiz arasındakı möhkəm dostluq və qardaşlıq əlaqələrinin təhsilin inkişafına da böyük töhfələr verdiyini diqqqətə çatdıraraq seminarın işinə uğurlar arzulayıblar.

Seminarın moderatoru, AHBVU-nin professoru Mustafa Nail Alkan mövzu haqqında məlumat verdikdən sonra maliyyə müşaviri Zübeyir Ülgerin məruzəsi dinlənilib.

“Mühasibat uçotu sahəsində e-dövlət tətbiqləri” mövzusunda çıxış edən Z.Ülger müasir rəqəmsallaşan dünyada həm dövlət xidmətlərinin göstərilməsində, həm də bütün digər əməliyyatların həyata keçirilməsində texnoloji alətlərdən və internetdən istifadə edilməsinin zəruriliyindən danışıb.

İnformasiya texnologiyalarının inkişafının həyatın bütün sahələrində olduğu kimi, mühasibat uçotu sahəsində də özünü göstərdiyini qeyd edən məruzəçi mühasibat əməliyyatlarının elektron mühitdə həyata keçirilməsinin üstünlüklərini və çətinliklərini diqqətə çatdırıb.

Elektron bəyannamələrin tətbiqi ilə yanaşı, mühasibat uçotunun elektron formatda aparılması sahəsində digər mövcud imkanlardan və yeniliklərdən bəhs edən Z.Ülger elektron mühasibata töhfə verən e-dövlət tətbiqlərindən və elektron xidmətlərin təkmilləşdirilməsi məsələlərindən söhbət açıb.

Gələcəyin mühasiblərinin mövcud rəqəmsal transformasiya ilə ayaqlaşa bilməsinin vacibliyini vurğulayan məruzəçi bu istiqamətdə lazımi bilik və bacarıqların əldə edilməsi ilə bağlı tələbə və magistrantlara müvafiq tövsiyələrini bildirib.

Seminar iştirakçıları tərəfindən böyük maraqla qarşılanan məruzə ətrafında geniş müzakirə aparılıb və təqdim edilən suallar ətraflı cavablandırılıb.

Qeyd edək ki, MDU və AHBVU arasında əməkdaşlıq əlaqələri 2021-ci ilin mart ayında qurulub. Sözügedən əməkdaşlığın əsas istiqamətlərindən biri kimi hər iki universitetin akademik heyət üzvləri, tələbə və magistrantlarının iştirakı ilə ortaq konfransların və seminarların keçirilməsi nəzərdə tutulub.

{phocagallery view=category|categoryid=635|limitstart=0|limitcount=0}