Mingəçevir Dövlət Universitetində (MDU) Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin təşkilatçılığı ilə 28 May Müstəqillik Gününə həsr olunmuş “Müstəqil Azərbaycan dövləti bizim ən böyük sərvətimizdir!” adlı tədbir keçirilib. Universitetin akt zalında keçirilən tədbirdə MDU-nun akademik-inzibati heyət üzvləri, tələbə və magistrantları iştirak edib.
Əvvəlcə, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirin açılışında çıxış edən MDU-nun elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov əlamətdar tarixi gün münasibətilə təbriklərini çatdırıb. Müstəqilliyimiz bərpa edildikdən sonra hər il bu bayramın ölkəmizdə böyük təntənə ilə qeyd olunduğunu bildirən professor Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.
Ardınca Respublika Gününə həsr olunmuş videokompozisiya nümayiş olunub.
Sonra MDU-nun əməkdaşı Aynur Rzayeva “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” adlı məruzə ilə çıxış edib. O, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını tarixi keçmişimizin şanlı səhifələrindən biri kimi səciyyələndirib. Cəmi iki il mövcud olan şərqin ilk demokratik dövlətinin bir çox uğurlara imza atdığını, uzun illərdən sonra müstəqilliyini bərpa edən Azərbaycan Respublikasını bu gün regional miqyasda və beynəlxalq aləmdə öz sözünü deyə bilən ölkə olduğunu diqqətə çatdırıb. Bildirib ki, öz əməlləri, xidmətləri ilə gerçək bir tarix yaradan və hamımızın qəlbində xüsusi yeri olan Ümummili lider Heydər Əliyevin xidmətlərinin, fədakar əməyinin bəhrəsi olaraq bu gün müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşamadı, müstəqillik yolunda uğurla irəliləməyə davam edir.
Tədbir ədəbi-bədii kompozisiya ilə davam edib. Universitetin əməkdaşlarının və tələbələrinin təqdimatında vətənpərvərlik mövzusunda bir-birindən gözəl musiqi və şeirlər səsləndirilib, rəqslər nümayiş etdirilib. Sonda səslənən, sözləri Azərbaycan şairi Nəbi Xəzriyə, musiqisi Müslüm Maqomayevə məxsus “Azərbaycan” mahnısı tamaşaçılar tərəfindən coşqu ilə qarşılanıb. Bütün iştirakçılar bir araya gələrək üçrəngli bayrağımızı səhnədə dalğalandırıb.