Mingəçevir Dövlət Universitetində (MDU) 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.
MDU-nun Magistratura və Doktorantura Təhsil Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə şəhid ailələrinin üzvləri, professor-müəllim heyəti, tələbə və magistrantlar iştirak edib.
Əvvəlcə, ümummilli lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə bayram təbriklərini çatdıran universitetin əməkdaşları ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması şəraitində bayram günlərinin qeyd edilməsinin olduqca qürurverici olduğunu bildirib, sonsuz sevinc və fəxarət hislərini xalqımıza yaşadan qəhrəman şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyiblər. Əlamətdar günlərlə bağlı keçirilən bütün tədbirlərdə olduğu kimi, hazırda da şəhid ailəsi üzvlərinin universitetin kollektiv üzvləri ilə bir arada olduğu diqqətə çatdırılaraq, onlara dərin minnətdarlıq və ehtiram bildirilib. Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin liderliyində qalib xalqımızın möhtəşəm uğurlarının davamlı olacağına və birliyininn daha da güclənəcəyinə əminlik ifadə olunub.
Sonra bədii hissə ilə davam edən tədbirdə MDU-nun tələbə, magistrant, doktorant və əməkdaşlarının təqdimatında müxtəlif şeir və mahnılar səsləndirilib, rəqslər ifa olunub.
Yeni il şənliyinin əsas personajları Şaxta baba və Qar qız şəhid övladlarını təbrik edib, onlara hədiyyələr təqdim ediblər.