MDU-da Xocalı soyqırımı ilə bağlı dəyirmi masa
Mingəçevir Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı və İqtisadiyyat və idarəetmə fakültəsi Tələbə Elmi Cəmiyyəti birgə Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunan “Xocalı harayı” adlı Dəyirmi masa keçiriblər.
Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Nüşabə Qədimli açıb. N.Qədimli 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın tarixində qanlı hadisənin baş verdiyini qeyd edib. Bildirib ki, erməni caniləri əli silahsız əhaliyə qarşı qəddarlıqla, vəhşiliklə soyqırımı aktı həyata keçiriblər. Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı törədilmiş qətliam deyil, insanlığa qarşı bir cinayətdir. Bu faciə nəticəsində 613 nəfər həyatını itirib, 8 ailə tamamilə məhv edilib, 1275 nəfər əsir düşüb, onlarla ailə başsız qalıb.
Dəyirmi masaya dəvət olunan Xocalı soyqırımının canlı şahidi Mingəçevir Dövlət Universitetinin “Humanitar fənlər” kafedrasının Tarix müəllimi Tahirə Quliyeva hadisə ilə bağlı acı xatirələrini iştirakçılarla bölüşüb. O, qanlı olayın illər keçməsinə baxmayaraq, sağ qalan hər bir Xocalı sakininin daxilində yaşadığını deyib. T.Quliyeva Xocalıdakı erməni vəhşiliklərinin hələ 1988-ci ildən başladığını söyləyib, ayrı-ayrı vaxtlarda silahlanmış erməni quldurlarının sadə xalqı qətlə yetirdiyini vurğulayıb.
T.Quliyeva bildirib ki, Xocalıya üç istiqamətdən hücum edildiyindən əhali Əsgəran istiqamətində qaçmağa məcbur olub. Bu istiqamətdə qaçan xocalılar Ağdam rayonu ilə qonşu olan Əsgəran rayonunun Naxçıvanik kəndi yaxınlığında erməni silahlı dəstələri tərəfindən gülləboran edilib. O, Xocalı qətliamının əvvəlcədən hazırlanmış plan əsasında həyata keçirilməsindən bəhs edərkən yerli əhalinin tərksilah edilməsini xüsusilə vurğulayıb. Günahsız xalqı qırmaqla yanaşı, cəsədlərin təhqir olunmasından danışarkən hadisə şahidi belə vəhşiliyin insan tərəfindən törədilməsinin mümkünsüz olduğunu deyib. Çıxışının sonunda T.Quliyeva Xocalı soyqırımını unutmağın olduqca çətin olduğunu, iştirakçılara hadisəni daim xatırlamağı tövsiyyə edib.
Mingəçevir Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri Samrin Xanlayev erməni terrorunun tarixi köklərindən danışıb. O deyib ki, erməni terrorçuluğunun hər zaman bizim üçün təhdid obyekti olduğunu unutmamalı, onunla ciddi şəkildə mübarizə aparmalıyıq. Xocalı soyqırımından 27 il ötsə də, onun ağrı-acıları qəlbimizdə yaşayır. Ermənilərin Xocalının dinc sakinlərinə qanlı divan tutmalarının dəhşətləri yaddaşlardan silinməyib və heç zaman silinməyəcək. Xocalı soyqırımı XX əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi faciələri ilə bir sırada durur. Aylarla mühasirədə saxlanılan Xocalı şəhəri erməni faşistləri və onların havadarları tərəfindən bir gecənin içində yerlə-yeksan edildi. Bu qanlı aksiya zamanı dinc əhaliyə amansızlıqla divan tutuldu. Samrin Xanlayev qeyd etdi ki, Xocalı faciəsi təkcə xocalılılara qarşı deyil, türk dünyasına, bütün insanlığa qarşı dəhşətli cinayətdir. Bu dəhşətli faciə barədə dünya ictimaiyyətinə daha ətraflı məlumatların verilməsi çox önəmlidir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində həyata keçirilən işlər bu baxımdan mühüm əhəmiyyət kəsb edib. Azərbaycan xalqı Xocalı faciəsini unutmur və unutmayacaq. S.Xanlayev Xocalı soyqırımının dünyada tanınması istiqamətində imzalanmış mühüm dövlət sənədlərini xatırladıb və bu işdə gənclərin üzərinə düşən vacib məqamları diqqətə çatdırıb.
Tədbirdə “İqtisadiyyat” kafedrasının müdiri, dosent Cəmilə Musayeva, İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini, baş müəllim Nazim Niftəliyev tələbələrdən TO17 saylı qrupun tələbəsi Ləman Mürsəlova, M16 saylı qrupun tələbəsi Mübarək Aydəmirov, fakültə Tələbə Elmi Cəmiyyətinin sədri, TO17 saylı qrupun tələbəsi Nəzmiyyə İsmayılova çıxış edib, fikirlərini bölüşüblər. Dəyirmi masa iştirakşıları 1992-ci il fevral ayının 25-dən 26-na gecən gecə Ermənistan silahlı birləşmələrinin Azərbaycan xalqına qarşı növbəti qanlı təcavüzə əl ataraq tarixdə misli görünməmiş Xocalı soyqırımını törətmələri, Xocalı şəhərinin minlərlə əliyalın mülki əhalisi müasir hərbi texnika ilə silahlanmış düşmənin qəfil və amansız hücumuna məruz qalması, yüzlərlə günahsız insanın kütləvi şəkildə məhv edilməsi, qocalar, qadınlar, uşaqlar, hətta körpələrin ən dəhşətli üsul və vasitələrlə qətlə yetirilməsi, əhalinin əksəriyyətinin girov götürülərək insanlığa sığmayan həqarət və təhqirlərlə üzləşdiklərini xatırlatdılar. Bu tarixi hər bir vətəndaşın xüsusilə gənclərin bilməsini tövsiyyə edərək, eyni zamanda bu hadisələri Azərbaycanın Respublikasının ərazi bütövlüyü yolunda, xalqımızın müstəqillik yolunda apardığı mübarizənin əsası kimi, xalqın qəhrəmanlığının, cəsarətinin nümayişi kimi xatırlamağın əhəmiyyətini bildirdilər.
Sonda Dəyirmi masa iştirakçılarına Xocalı soyqırımını əks etdirən videoçarx nümayiş olunub.
{phocagallery view=category|categoryid=115|limitstart=0|limitcount=0}