Mingəçevir Dövlət Unuversitetinin nümayəndə heyəti Azərbaycanda Nəsimi-şeir, incəsənət və mənəviyyat Festivalında iştirak ediblər

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetinin nümayəndə heyəti Azərbaycanda Nəsimi-şeir,

incəsənət və mənəviyyat Festivalında iştirak ediblər

 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 11 yanvar 2019-cu il tarixli Sərəncamı ilə elan olunmuş “Nəsimi ili” çərçivəsində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən ikinci Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində sentyabrın 29-da Şamaxı tarix-diyarşünaslıq muzeyində “Şamaxı antologiyası” əlyazmasına dair sərginin təqdimatı olub.

Təqdimat mərasiminə Mingəçevir Dövlət Universitetinin “Humanitar fənlər” kafedrasının dosenti, fil.f.d. Namaz Manafovun rəhbərliyi ilə 28 nəfərdən ibarət nümayəndə heyəti də qatılıb.

Türkiyə, Çin, Rusiya, Əfqanıstan, İndoneziya, Fransa, İngiltərə və digər ölkələrdən olan 150 nəfərdən çox festival iştirakçısının qatıldığı təqdimat mərasimini Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov açaraq qonaqları Nəsimi yurdunda salamlamaqdan şərəf duyduğunu bildirib.

Mərasimdə çıxış edən Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından olan İmadəddin Nəsimi və onun kimi mütəfəkkirlərin yaradıcılığının tədqiqi və təbliği sahəsində Fondun həyata keçirdiyi layihələrdən danışıb. Vurğulayıb ki, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 15 noyabr tarixli Sərəncamı, 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ölkəmizdə tarixən məşhur, dünya şöhrətli insanların irsinin axtarılıb üzə çıxarılmasına, tanıdılmasına göstərilən böyük diqqətin nəticəsidir.

Təbriz İslam Sənət Universitetinin professoru Kərim Mirzay çıxışında miniatür sənətinin incəliklərindən, Təbrizdə, o cümlədən Şamaxıda ədəbiyyat və incəsənətin, xüsusilə də miniatür rəssamlıq və xəttatlıq sənətinin inkişafından danışıb. Miniatür sənətinin incəliklərinə toxunan professor bu sənətin bir nəfərin deyil, xəttatın və ümumən bir qrupun işi olduğunu vurğulayıb.

Mingəçevir Dövlət Universitetinin müəllimi Nəsimişünas Əbülfət Ədilov Şamaxı Tarix-diyarşünaslıq muzeyinin direktoru Vüsalə Həsənovaya Nəsiminin İraq divanına şərhlər adlı yazdığı əsərini muzeyə hədiyyə edib.

Qeyd edək ki, əlyazma 1468-ci ilə aiddir və hazırda Londondakı “Britaniya” kitabxanasında saxlanılır. Əlyazmada 12 farsdilli şairin seçilmiş əsərləri toplanılıb. Onlardan bizə yalnız Kamal Xocəndi, Hafiz Şirazi, Əbdürrəhman Cami, Əmir Xosrov Dəhləvi, Şahi Sibzavari məlumdur. Əlyazma gözəl nəstəliq xətti ilə hər birində üç qəzəl olmaqla iki sütuna köçürülüb.

Əlyazma bir ədəd iki səhifəlik və yeddi tək miniatürdən ibarətdir. O, iki səhifəlik miniatür (diptix) sifarişçiyə həsr olunan ənənəvi ithafla açılır. Üfüqi şəkildə yerləşmiş, Herat diptixlərin xatırladan iki səhifəlik bu kompozisiya janrın bütün elementlərini özündə birləşdirir: xalçanın mərkəzində sağ hissədə nökərlər və saray xidmətçiləri, arxada bağ, ön planda naxışlı daşlarla döşənmiş həyət təsvir edilib. Təsvirdə hovuz ətrafında musiqiçilər və ziyafətə gələn qonaqlar əyləşib. Ön planda sol tərəfdə şahzadə, onun xidmətçisi və eşikağası (mərasimi idarə edən şəxs), yuxarı hissədə isə iki atla mehtər, əlində şahin tutmuş ovçu və həyətə daxil olan qonaqlar təsvir olunub.

Bir qayda olaraq, ilkin diptixlər təcrübəli və yaşlı ustalara həvalə edilirdi. Əlyazmada istifadə olunan kağız yaxşı cilalanıb və iri qızılı ləkələrlə zəngin şəkildə bəzədilmiş çəhrayı, bənövşəyi və sarı-yaşıl rənglərin müxtəlif çalarları ilə rənglənib. Teymurilər Çin kağızını yüksək qiymətləndirirdi və onlar rəngli boyalardan istifadəni və qızılla bəzədilməsini dəbə salmışdı. Bu cür çəkmək daha yaxşı hesab olunurdu, çünki azca tonlaşdırılmış kağız gözləri sakitləşdirir, tünd rənglər isə rəngli mürəkkəbləri tamamlayırdı.

Açılış mərasimində Əfqanıstanın “Detache” və Azərbaycanın “İnci” ansambllarının birgə çıxışları festival iştirakçılarında xoş ovqat yaradıb.

Şamaxının Meysəri kəndində ikinci Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində “Nəsiminin ruhu” heykəl-installyasiyasının açılışı olub.

Festival iştirakçılarının, eləcə də nəsimisevərlərin, ziyalıların qatıldığı açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov çıxış edərək Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gətirilən heykəl-installyasiyanın Azərbaycanda dahi şair və mütəfəkkir İmadəddin Nəsimiyə, ümumən yaradıcı insanlara Fondun göstərdiyi diqqət və qayğının təzahürü olduğunu söyləyib.

Heykəl-installyasiyanın müəllifi Rəşad Ələkbərov bu əsərin onun üçün də çox incə, zərif, yaradıcı təxəyyül tələb edən düşündürücü, həm də çox çətin olduğunu vurğulayaraq, hərtərəfli dəstək üçün əsərin sifarişçisi Heydər Əliyev Fonduna minnətdarlığını bildirib. O, “Nəsiminin ruhu” adlı heykəl-installyasiyanın İmadəddin Nəsiminin “Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam” beytindən qaynaqlanaraq yaratdığını qeyd edib.

Açılış mərasimində Estoniyanın “Tallinn oğlanları xorunun” çıxışı olub.

Heykəl-installyasiyanın açılışında Mingəçevir Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi üzrə təhsil alan II kurs tələbəsi Günel Məmmədovanın Nəsiminin qəzəllərindən ifa etdiyi parçalar alqışlara səbəb oldu.

Sonra ikinci Nəsimi festivalı çərçivəsində Şamaxının Meysəri kəndi ərazisində Mədəniyyət Nazirliyinin “Söz” layihəsi iştirakçılarının dahi mütəfəkkirin yaradıcılığından ilhamlanan şeir axşamı keçirilib.

Dahi şair İmadəddin Nəsiminin fəlsəfi baxışlarını əks etdirən, “Simadan-asimana” və onun öz kəlamından götürülən “Zərrə mənəm, günəş mənəm…” devizi ilə keçirilən şeir gecəsində müxtəlif yaşda olan nəsimisevərlərin şeirləri dinlənilib. Poeziya həvəskarlarının ilham və vurğunluqla səsləndirdikləri şeirlər ölməz sənətkarın əbədiyaşarlığının təcəssümü olaraq, dinləyicilər tərəfindən böyük maraqla, alqışlarla qarşılanıb.

Sonra ikinci Nəsimi festivalı çərçivəsində Şamaxının Meysəri kəndində daha bir tədbir – Nəsimi poeziyası üzərində muğam konserti olub.

Muğam konserti festival iştirakçılarına unudulmaz anlar bəxş edib. İfaçıların bir-birindən gözəl və peşəkarlıqla səsləndirdikləri muğamlar mütəfəkkir şairin böyüklüyünün əsl təqdimatı olub. Ani sükutdan sonra gurultulu alqış sədaları həm də şairin ruhuna ehtiram idi.

Sonra İkinci Nəsimi festivalı çərçivəsində Şamaxıda təşkil olunan silsilə tədbirlərin davamı olaraq qonaqların bir qrupu, habelə nəsimisevərlər şəhərin yaxınlığında yerləşən qəbirstanlığa gələrək İmadəddin Nəsiminin qardaşı Şahxəndanın məzarını ziyarət ediblər.

Rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov qonaqlara XIV əsrin tanınmış simalarından olan Şahxəndan barədə məlumat verib. Hazırda qəbirüstü abidənin restavrasiya olunduğunu bildirən icra başçısı qeyd edib ki, yazılı mənbələrdə adı çəkilən, həyatı və fəaliyyəti barədə məlumatlara rast gəlinən bir sıra görkəmli şəxsiyyətlər var ki, onların barəsində tədqiqatlara ehtiyac duyulur.

Almaniyalı nəsimişünas alim Maykl Hers abidənin ziyarəti zamanı İmadəddin Nəsimi və onun qardaşı Şahxəndanla bağlı apardığı tədqiqatlardan danışıb.

Türbənin konservasiyası və ətrafında abadlıq işlərinin aparılaması üzrə layihənin müəllifi, avstriyalı bərpaçı-memar Erik Pumer görülən və nəzərdə tutulan işlər barədə qonaqlara ətraflı məlumat verib.

Sonra Mingəçevir Dövlət Universitetinin nümayəndə heyəti Azərbaycanın görkəmli şairi Seyid Əzim Şirvaninin qəbrini ziyarət edib, ehtiramlarını bildiriblər. Ardınca ziyarətçilər Azərbaycan ərazisində, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə 743-cü ildə inşa edilən ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidi ziyarət ediblər.

Günün sonunda MDU-nun nümayəndələri Şamaxının mərkəzində Nəsiminin yeni ucaldılan abidəsini ziyarət ediblər.

{phocagallery view=category|categoryid=190|limitstart=0|limitcount=0}