Mingəçevir Dövlət Universitetinin əməkdaşlarına ESG standartları üzrə seminar-treninq keçirilib

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetinin əməkdaşlarına

ESG standartları üzrə seminar-treninq keçirilib

 

“Erasmus+” proqramının dəstəyi ilə EQAC layihəsi çərçivəsində Mingəçevir Dövlət Universitetinin əməkdaşları üçün “Avropa Təhsil Məkanında Keyfiyyət Təminatı üzrə Standartlar və Təlimatlar”la (ESG) əlaqədar seminar-treninq keçirilib. Məqsəd EQAC layihəsi üzrə universitetin professor-müəllim heyətinə interaktiv şəkildə standartlarının öyrənilməsi və tədrisdə tətbiqi imkanlarına baxılması olub.

Layihə üzvü Üzeyir Zeynalov bildirib ki, ESG əsas diqqət ali təhsil müəssisələrində təlim və tədris prosesinə, o cümlədən təlim mühiti və bununla əlaqədar aparılan tədqiqat və innovasiya işlərində keyfiyyət təminatına yetirilir. Əlavə olaraq, ali təhsil müəssisələri tədqiqat və idarəetmə kimi digər fəaliyyət sahələrində də keyfiyyət təminatını və artırılmasının təmin edən müvafiq siyasət və proseduralara malikdir. Üzeyir Zeynalov ESG yerləşdiyi məkandan və formasından asılı olmayaraq Avropa ali təhsil məkanına daxil olan bütün ali təhsil müəssisələrinə, o cümlədən transmilli və transsərhəd təhsil xidmətləri göstərən bütün ali məktəblərə aid edilir. Bu sənəddə “proqram” termini ali təhsil sahəsində formal dərəcə alınmasını nəzərdə tutmayan proqramlar da daxil olmaqla ən geniş mənada istifadə edilir. Bu sənəddə göstərilmiş “Keyfiyyət təminatı” termini davamlı təkmilləşdirmə dövrəsi çərçivəsində həyata keçirilən bütün fəaliyyətləri təsvir etmək üçün istifadə olunur (başqa sözlə, keyfiyyət təminatı və artırılması fəaliyyəti).

Üzeyir Zeynalov qeyd edib ki, ESG keyfiyyət təminatı üzrə agentliklərin və onların fəaliyyətlərinin qiymətləndirilməsi üçün Avropada mövcud olan keyfiyyət səviyyəsinə uyğun olan meyarlar təklif edir. Bütün bunlar Avropa ali təhsil məkanında fəaliyyət göstərən keyfiyyət təminatı agentliklərinin eyni prinsiplərə riayət etmələrini təmin edir və proses və prosedurlar onların məqsəd və fəaliyyət göstərdikləri kontekstə uyğun hazırlanıb. Ü.Zeynalov bildirib ki, ESG Avropa ali təhsil məkanında keyfiyyət təminatında aşağıdakı dörd prinsipə əsaslanır: Ali təhsil müəssisələri göstərdikləri təhsil xidmətlərinin keyfiyyət təminatına birbaşa cavabdehlik daşıyır; Keyfiyyət təminatı müxtəlif ali təhsil sistemləri, müəssisələr, proqramlar və tələbələrlə əlaqədar müxtəlif məsələlərlə məşğul olur; Keyfiyyət təminatı sistemi keyfiyyət mədəniyyətinin inkişaf etdirilməsini dəstəkləyir; Keyfiyyət təminatı tələbələrin, digər maraqlı tərəflərin və cəmiyyətin ehtiyaclarını və təhsildən gözləntilərini nəzərə alır.

Sonra Proqram meneceri Samirə Əhmədova isə pilot müəllimlərin seçilməsi və onların cari tədris metodlarının monitorinq edilməsi haqıında məlumat verib. Bu məqsədlə MDU rəhbərliyi tərəfindən müvafiq əmr imzalandığını da qeyd edib.

Sonda ali təhsil sahəsində keyfiyyət təminatı üzrə Avropa standartları və təlimatları ilə bağlı təlimdə iştirak edən əməkdaşları təlimçilər Üzeyir Zeynalov, Səbinə Quliyeva və Samirə Əhmədova onları maraqlandıran suallara aydınlıq gətiriblər. Təlimin yekunu ilə bağlı bir çox məsələlər müzakirə olunub. Bildirilib ki, ali təhsil müəssisələri ictimaiyyət üçün açıq olan və onların starteji idarəetməsinin bir hissəsini təşkil edən keyfiyyət təminatı siyasətinə malik olmalıdırlar. Təşkilatın daxilində olan maraqlı tərəflər bu siyasəti müvafiq struktur və proseslər vasitəsi ilə və eyni zamanda təşkilatdan kənarda olan maraqlı tərəfləri də bu prosesə cəlb etməklə həmin siyasəti inkişaf etdirməli və həyata keçirməlidirlər.

Qeyd edilıb ki, ali təhsil müəssisələri proqramlarının tərtib və təsdiq olunmasını nəzərdə tutan proseslərə malik olmalıdır. Proqramlar tərtib olunarkən onların qarşısında qoyulan tapşırıqlar, o cümlədən gözlənilən təlim nəticələri nəzərə alınmalıdır. Proqramda nəzərdə tutulan kvalifikasiya aydın şəkildə müəyyən edilməli və əlaqələndirilməli, ali təhsil üzrə milli kvalifikasiya çərçivəsinə, Avropa ali təhsil məkanının kvalifikasiya çərçivəsinə uyğun olmalıdır. Müəssisələr proqramların tələbələrin tədris prosesinin yaradılmasında fəal iştirakını təşviq edəcək və tələbələrin qiymətləndirilməsinin bu yanaşmanı əks etdirəcək tərzdə icrasını təmin etməlidirlər.

Təlimçilər digər suallara aydınlıq gətirərək bildiriblər ki, ali təhsil müəssisələri tələbələrin ali məktəbə qəbulu, təhsil alması, tanınması və attestasiya qaydalarını qabaqcadan müəyyən və bəyan etməlidirlər. Ali təhsil müəssisələrində çalışan müəllimlərin səriştələri həmin ali təhsil müəssisələri tərəfindən müəyyən olunur. Müəllim heyətinin işə qəbulunda və digər kadr məsələlərində şəffaf və ədalətli qaydalar tətbiq edilməlidir. Dövri olaraq ali təhsil müəssisələri ESG-yə uyğun olaraq xarici keyfiyyət təminatı vasitəsi ilə yoxlamadan keçməlidir.

Seminarın sonunda Elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov standartın öyrənilməsi, aydınlıq gətirilməsi və onun tətbiqinə başlanması ilə bağlı yüksək səviyyədə izahatın aparılması təlimdən keçən əməkdaşlar üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib və bunla bağlı təlimçilərə təşəkkürünü bildirib.

{phocagallery view=category|categoryid=218|limitstart=0|limitcount=0}