Mingəçevir Dövlət Universitetinin İctimai Nəzarət Şurasının iclası keçirilib
2020-ci ilin 20 iyul tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) İctimai Nəzarət Şurasının növbəti iclası keçirilib. 2019/2020-ci tədris ilinin başa çatması münasibətilə virtual formatda keçirilən iclasda Şuranın bütün üzvləri iştirak ediblər.
Tədbiri açan MDU-nun rektoru Şahin Bayramov 2019/2020-ci tədris ilində universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi, elmi fəaliyyətin səmərəliliyinin artırılması və maddi-texniki bazanın yaxşılaşdırılması istiqamətində görülən işlər haqqında geniş hesabatla çıxış edib. Rektor hesabat dövründə həyata keçirilmiş struktur islahatları, profesor-müəllim və inzibati-texniki heyət üzvlərinin əmək haqlarının artırılması ilə bağlı atılmış addımlar, idarəetmə prosesində tələbələrin iştirakı üçün yaradılmış imkanlar haqqında məlumat verib.
Ş.Bayramov Azərbaycanın aparıcı ali təhsil müəssisələrindən olan Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Texniki Universiteti ilə yaradılmış əməkdaşlıqdan, Mingəçevir şəhərində yerləşən dövlət və özəl müəssisələri ilə qurulmuş qarşılıqlı faydalı işbirliyindən bəhs edib. Rektor MDU-nun təbliği, kütləvi informasiya vasitələri ilə işin təkmilləşdirilməsi, universitetin fəaliyyətinin elekron informasiya resurslarında və sosial şəbəkələrdə yayılması istiqamətində yeniliklər barədə danışıb.
Mövcud karantin dövrünün tələblərindən irəli gələn reallıqlar haqqında məlumat verən Ş.Bayramov cari tədris ilinin yaz semestrində məsafədən dərslərin təşkili istiqamətində həyata keçirilən kompleks tədbirlər və ilk dəfə olaraq online formatda təşkil olunan imtahan sessiyasında əldə olunan uğurlar barədə məlumat verib.
İclasda MDU-nun İctimai Nəzarət Şurasının bütün üzvləri çıxış ediblər. Çıxışlarda MDU-nun müasirləşdirilməsi, milli ali təhsilimizdəki mövqeyinin gücləndirilməsi və universitet idarəçiliyinin təkmilləşdirilməsi sahəsində görülmüş işlərdən məmnunluqlarını ifadə ediblər. Şura üzvləri MDU-nun tanıtımı istiqamətində həyata keçirilmiş tədbirlərin müsbət nəticələr verməsini və pandemiya dövründə tədris prosesinin davamlılığının təmin edilməsinin mühüm nailiyyət olduğunu diqqətə çatdırıblar.
Tədbirdə uzun müddət təhsil idarəetməsi sahəsində çalışmış Mirzə Cavadov MDU-nun İctimai Nəzarət Şurasının yeni üzvü seçilib.
Qeyd edək ki, 2019-cu ilin 28 dekabr tarixində yaradılmış MDU-nun İctimai Nəzarət Şurasının əsas məqsədi universitet idarəçiliyində şəffaflığın artırılmasından və ictimai hesabatlılığın təmin edilməsindən ibarətdir. Şuranın doqquz üzvü vardır.
{phocagallery view=category|categoryid=418|limitstart=0|limitcount=0}