Mingəçevir Dövlət Universitetinin bir qrup əməkdaşı Zəyəm Texnologiyalar Parkını ziyarət edib
12 iyul 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) və Mingəçevir Peşə Məktəbinin bir qrup akademik, inzibati və tələbə heyəti üzvü Şəmkir şəhərində yerləşən “Zəyəm Texnologiyalar Parkı” ASC-də (ZTP) infoturda olublar.
İnfotur zamanı ziyarətçilər, “Azmade Group” MMC-yə daxil olan ZTP-də emal, yığım və torna sexlərinin iş prosesləri, müasir texnoloji avadanlıqları və onlardan istifadə qaydaları ilə yaxından tanış olub, ağır sənaye, inşaat, neft və qaz sənayesi, aqrar-sənaye və kənd təsərrüfatı aqreqatlarının istehsal mərhələlərini müşahidə ediblər. Mühəndis-texnoloqların müşayəti ilə keçirilən infotur metal qurğu və metal məhsullar, pres qəliblər və dişli çarxlar istehsal olunan bölmələrdə davam etdirilib.
Sonra, infotur çərçivəsində dəyirmi masa keçirilib.
Dəyirmi masada təhsil və biznes təmsilçiləri ilə bir arada olmaqdan məmnunluğunu ifadə edən ZTP-nin baş direktoru Elxan Hacıyev rəhbərlik etdiyi texnoparkın missiyası, fəaliyyəti və inkişaf konsepsiyası haqqında ətraflı məlumat verib. İstehsalatda tətbiq edilən modern texnologiyalardan və mühəndis-texnoloq yanaşmasından bəhs edən E.Hacıyev bu sahədə müasir bilik və bacarıqlara sahib kadrlara böyük ehtiyac duyulduğunu vurğulayıb.
Səmimi görüşə və yüksək təşkilatçılığa görə ZTP rəhbərliyinə təşəkkür edən MDU-nun rektoru Şahin Bayramov yeni dövrün ali təhsil müəssisəsinə çevrilməyi hədəfləyən universitetdə sənaye ilə əlaqələrin inkişafına xüsusi önəm verildiyini deyib. MDU-da müasir dövrün çağırışlarına və əmək bazarının dinamik dəyişən tələblərinə uyğun yüksəkixtisaslı kadrların hazırlanması, nəticəyönümlü və səmərəli tətbiqi tədqiqatların yerinə yetirilməsi perspektivlərindən söhbət açan Ş.Bayramov sənaye və texnologiya parkları ilə əməkdaşlığın önəmini diqqətə çatdırıb.
Təhsil müəssisələri ilə əlaqələrin əhəmiyyətini vurğulayan “AZMADE Group” MMC-nin direktor müavini Aydın Əliyev qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığa daim açıq olduqlarını bildirib və belə formatda görüşlərin davamlı surətdə keçirilməsini arzulayıb.
Universitet, peşə məktəbi və sənaye arasında yeni yaradılmış üçtərəfli əməkdaşlıq formatında təmsil olunmaqdan məmnunluğunu bildirən Mingəçevir Peşə Məktəbinin direktoru İlham İlyasov sözügedən işbirliyinin məqsəd və vəzifələrindən, birgə fəaliyyətin üstünlükləri və qarşılıqlı faydalarından danışıb.
Dəyirmi masa qarşılıqlı maraq kəsb edən bir sıra məsələlərin və potensial əməkdaşlıq istiqamətlərinin geniş müzakirəsi ilə yekunlaşıb.
Qeyd edək ki, MDU, Mingəçevir Peşə Məktəbi və “Azmade Group” MMC şirkəti arasında üçtərəfli əməkdaşlığın əsası cari ilin 10 iyun tarixində tərəflər arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması ilə qoyulub. Regional ekosistemin mühüm aktorlarından birinə çevrilməyi hədəfləyən MDU-da kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, tədrisin məzmununun təkmilləşdirilməsi və nəticəyönümlü tədqiqatların səmərəliliyinin artırılması məqsədilə müxtəlif formatlı təhsil-sənaye əməkdaşlığının inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verilir.
{phocagallery view=category|categoryid=652|limitstart=0|limitcount=0}