Türkiyənin KTO Karatay Universiteti ilə birgə konfrans keçirilib
“Azərbaycan müəllimi”, 12.11.2021
Mingəçevir Dövlət Universiteti (MDU) və Türkiyənin KTO Karatay Universiteti arasında əməkdaşlıq çərçivəsində Qarabağ Zəfərinin birinci ildönümünə həsr olunan birgə elmi konfrans keçirilib. Konfransda hər iki universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər.
MDU-nun rektoru Şahin Bayramov belə bir ortaq tədbirin keçirilməsinə göstərdikləri dəstəyə görə KTO Karatay Universitetinin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edib.
44 günlük Vətən müharibəsində doğma Qarabağın işğaldan azad olunduğunu və tarixi ədalətin bərpa edildiyini deyən Ş.Bayramov şanlı Qələbənin hər birimizə sonsuz sevinc və fəxarət hissləri yaşatdığını bildirib.
Türkiyənin daim Azərbaycan xalqının yanında olmasından və böyük mənəvi dəstək göstərməsindən danışan rektor ortaq tarixə, dilə, dinə və mədəniyyətə sahib iki ölkə arasındakı qardaşlıq münasibətlərinin qalibiyyətdən sonra daha yüksək səviyyəyə çatdığını söyləyib. Postmüharibə dövründə regionda yeni geosiyasi mənzərənin formalaşdığını və Azərbaycan-Türkiyə birliyinin əsas güc faktorlarından birinə çevrildiyini diqqətə çatdıran Ş.Bayramov Qarabağın dirçəlişi istiqamətində həyata keçirilən işbirliyindən bəhs edib.
KTO Karatay Universitetinin prorektoru Çağatay Ünüsan MDU ilə birlikdə türk dünyası tarixinin şanlı səhifələrini təşkil edən Qarabağ Zəfərinin birinci ildönümünün qeyd edilməsindən məmnunluğunu bildirib.
Tarixboyu türk dövlətlərinin böyük haqsızlıqlara və təzyiqlərə məruz qalmasından, vətənlərinin istiqlalı üçün böyük mücadilələr verməsindən danışan prorektor 44 günlük Vətən müharibəsində Türk dünyasının qəhrəmanlıq salnaməsinin yazıldığını bildirib və torpaqların işğaldan azad edilməsi uğrunda canından keçən şəhidlərə rəhmət, qazilərə şəfa diləyib.
Sonra konfransın proqramına uyğun olaraq KTO Karatay Universitetindən professor Murat Canıtez “Qarabağ Zəfərinin birinci ildönümü ərəfəsində: Türkiyə – Azərbaycan və Türk Dünyası üçün beynəlxalq ticarət və logistika baxışı”, müəllim Fatma Didem Tunçes “Millətimiz bir, enerjimiz bir”, MDU-dan baş müəllim İlham Məmmədov “Türk torpaqlarına qayıdış yeni tariximizin şanlı bir səhifəsidir” və müəllim Yeganə Məmmədli “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının kənd təsərrüfatı potensialı və modernləşmə perspektivləri” mövzularında çıxış ediblər.
Konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanan məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb.