Xocalı soyqırımı hərbi-siyasi cinayət kontekstində
Beynəlxalq hüquqda “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya”nın 2-ci maddəsində soyqırım cinayətinə belə tərif verilir: “soyqırım cinayəti hər hansı bir milli, etnik, irqi və ya dini qrup üzvlərinin tamamilə və ya qismən məhv etməklə öldürülməsi, qrup üzvlərinə ciddi bədən xəsarəti və ya əqli pozğunluq yetirilməsi, qrupun fiziki məhvinə yönəlmiş həyat şəraitinin yaradılması, qrup icərisində doğumun qarısının alınmasına yönəlmiş tədbirlər, zorla uşaqların bir qrupdan digər qrupa verilməsidir”. Onu da qeyd edək ki, soyqırım cinayətinə görə bu konvensiya ilə ilk dəfə beynəlxalq fərdi cinayət məsuliyyəti təsbit olunmuşdur.
Xocalı soyqırımı ilə bağlı ölkədaxili hüquqi prosedurların, xüsusilə bu faktlar əsasında cinayət məsuliyyəti kontekstində bizi maraqlandıran məsələ hadisələrə beynəlxalq hüquq prizmasından yanaşmaqla cinayət mühakiməsinin reallaşdırılmasına nail olmaqdır. Çünki, faktiki olaraq cinayət baş verdiyi halda cəza labüd deyil. Əlbəttə, buna bəzi beynəlxalq hüquqi sənədlərin qəbul olunması zamanı siyasi iddiaların önə cəkilməsi daha çox mane olur. Xatlırladaq ki, 1998-ci ildə Romada qəbul olunmuş Beynəlxalq Cinayət Məhkəməsinin Əsasnaməsinin 5-ci maddəsində aşağıdakı beynəlxalq cinayətlər sadalanır: soyqırım, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və təcavüz cinayəti. Qeyd edək ki, Əsasnamənin müddəalarına görə ilk baxışdan Azərbaycan ərazisində törədilən cinayətlərə, o cümlədən soyqırım cinayətinə görə məsuliyyətə cəlbetmə üçün real imkanların olmadığı qənaətinə gəlinə bilər. Çünki, Roma Əsasnaməsi onun qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətlərə şamil edilmir (retroaktivlik prinsipi). Lakin burada soyqırım və təcavüz cinayətlərinə münasibətdə hüquqi baxımdan vəziyyət bir qədər fərqli ola bilər. Daha doğrusu, müasir beynəlxalq cinayət hüququnun normalarına və məhkəmə presedentlərinə əsaslansaq, bu cinayətin istisna təşkil etdiyini müəyyən etmək mümkündür.
Belə ki, “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın tətbiqi üzrə Beynəlxalq Məhkəmənin 26 fevral 2007-ci il tarixli qərarında qeyd olunur ki, bu işdə Məhkəmənin səlahiyyəti yalnız Konvensiyanın 9-cu maddəsi ilə məhdudlaşır. Buradan belə nəticəyə gəlmək olar ki, Məhkəmə Konvensiyada beynəlxalq hüquqla nəzərdə tutulmuş öhdəliklərin pozuntuları arasında xüsusilə soyqırım cinayəti ilə bağlı müstəsna qərar çıxarmaq səlahiyyətinə malikdir. Eyni zamanda Konvensiyanın 9-cu maddəsi istənilən dövlətə imkan verir ki, soyqırım cinayətinə görə beynəlxalq instansiyalarda mübahisə edən tərəflərdən hər hansı birinin sorğusu əsasında məsuliyyət məsələsi qaldırıla bilər.
Bundan əlavə, BMT-nin 26 noyabr 1968-ci ildə qəbul etdiyi və 11 noyabr 1970-ci ildə qüvvəyə minmiş “Hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlərə münasibətdə cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin tətbiq edilməməsi haqqında” Konvensiyasının 1 (b) maddəsinə görə soyqırım cinayətinə, hətta o dövlətlərin daxili hüququna əsasən cinayət tərkibi yaratmasa belə, onun törədilməsi tarixindən asılı olmayaraq, məsuliyyətə cəlbetmə müddəti tətbiq edilə bilməz. Digər tərəfdən, bununla bağlı beynəlxalq hüquqda artıq bir nümunə vardır: 1975-1979-cu illərdə qırmızı kxmerlərin hakimiyyəti dönəmində törədilmiş soyqırım cinayətinə görə Kamboca Fövqəladə Məhkəmə Palataları mühakiməni həyata keçirdi və bu zaman məsuliyyətə cəlbetmə müddəti tətbiq edilmədi.
Ermənistanın təcavüz cinayəti faktına gəldikdə isə, bu cinayət konkret mürəkkəb cinayətlərin davam edən cinayət növünə aid olduğu və qeyd olunan əmələ münasibətdə ictimai təhlükəlilik davamlı xarakter daşıdığı üçün, eyni zamanda təcavüz cinayəti beynəlxalq sülh və təhlükəsizlik baxımından BMT TŞ-nın qərar və qətnamələrinə əsasən real təhdid sayıldığına, habelə Ermənistanın da həmin qətnamələri icra etməməsi səbəblərinə görə retroaktivlik haşiyəsindən çıxır. Azərbaycan Beynəlxalq Cinayət Məhkəməsinin Əsasnaməsini hələ ratifikasiya etməməsinə baxmayaraq, müasir beynəlxalq hüquqa əsasən hər iki cinayətə – həm soyqırıma, həm də təcavüzə münasibətdə Məhkəmənin yurisdiksiyasının aid edilməsi mümkündür.
İndi isə konkret olaraq Xocalı soyqırımın beynəlxalq hüquqi elementlərinə diqqət yetirək. Xocalı soyqırımı 1992-ci il 26 fevral tarixində geniş əhatəliliyi və sistematikliyi ilə fərqlənən, dunya dövlətləri tərəfindən hələ də cinayət olaraq tam etiraf olunmayan, Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş beynəlxalq cinayətdir. 1988-ci ildən ermənilər tərəfindən başlanan və davam edən təcavüz cinayətinin fonunda baş verən bu kriminal əməlin xarakteri və elementlərinə bu gün beynəlxalq sənədlər əsasında qiymət verilməlidir.
Bir qayda olaraq hər bir dövlət öz ərazisində baş verən cinayətlərə görə ədalət mühakiməsini özü həyata keçirir. Lakin beynəlxalq cinayətlərə münasibətdə bu prinsip bir qədər fərqlidir. Bu prinsipə görə, təkcə cinayətin törədildiyi dövlət yox, digər dövlətlər də beynəlxalq cinayətlərlə bağlı ədalət mühakiməsini həyata keçirə bilərlər. Azərbaycanda soyqırım cinayəti törətmiş şəxsləri istənilən dövlətin milli məhkəməsi mühakimə etmək səlahiyyətinə malikdir. Biz Xocalı soyqırımının təşkilatçıları və icraçıları barədə axtarış elan etməklə, onları istənilən dövlətin vasitəsilə Azərbaycana gətirə və yaxud elə həmin dövlətin özündə mühakimə edə bilərik. Çünki, Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırım deyil, bəşəriyyət əleyhinə törədilmiş qanlı cinayətdir. 613 nəfər azərbaycanlının əvvəlcədən düşünülmüş qaydada, milli əlamətinə görə tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə qətlə yetirilməsi Xocalıda baş verən faktların beynəlxalq hüquqa əsasən məhz soyqırım olduğunu təsdiq edir. “Böyük Ermənistan” dövləti yaratmaq kimi təcavüzkar niyyətlərinin reallaşdırılması isə erməni millətçilərinin davamlı strateji məqsədlərini təşkil edir. Beynəlxalq cinayətləri milli cinayətlərdən fərqləndirən mühüm şərtlərdən biri də ondan ibarətdir ki, burada cinayətin həm obyekti baxımından, həm də məsuliyyətin müəyyən olunması üçün kriminal əməl beynəlxalq ictimaiyyətin əksər subyektləri tərəfindən tanınmalıdır. Sonrakı mərhələ isə bu əməllərə görə beynəlxalq mühakiməni labüd edir.
Azərbaycan dövlətinin strateji hədəfi isə tarixi Azərbaycan torpaqları olan Qarabağa və Zəngəzura XIX əsrdən başlayaraq erməni əhalisinin yerləşdirilməsi, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, 1918-1920-ci illərdə, 1987-1992-ci illərdə azərbaycanlı əhaliyə qarşı törədilən soyqırımlar, Zəngəzurun, Naxçıvanın Azərbaycandan qoparılması, 1948-1953-cü illərdə, 1988-ci ildə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki yurdlarından deportasiya olunması, Xocalı soyqırımı və bu gün də davam edən təcavüz cinayətinə görə vahid Beynəlxalq Hərbi Tribunal formalaşdırılması tələbi ilə çıxış etməklə ədalət mühakiməsinin reallaşdırılmasıdır.
Xocalı soyqırımına hüquqi qiymətin verilməsinin və ermənilərə qarşı beynəlxalq hüquqi iddialarla çıxış edilməsinin bir sıra mühüm məqamları vardır. Çünki, hazırda malik olduğumuz mövcud resurslar – təkmil dövlət siyasəti, qəbul olunmuş beynəlxalq hüquqi aktlar və dövlətdaxili qanunvericilik, diplomatik şərait, respublikamızın sahib olduğu real hərbi-iqtisadi güc, xüsusilə ölkəmizin 2016-cı ilin aprel döyüşlərindəki qalibiyyəti və Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı dövlət başıçsı tərəfindən atılan konseptual addımlar, nəhayət 44 günlük müharibə və qazanılan Zəfər Xocalı hadisələrinin soyqırım kimi tanıdılmasına, eyni zamanda Ermənistanın digər beynəlxalq cinayətlərinin hüquqi cəhətdən qiymətləndirilməsinə tam əsas verir və imkan yaradır.
Humanitar fənlər kafedrasının baş müəllimi
Mətanət Yusifova