Qafqazinfo.az saytında Universitetimizin uğuru haqqında yayımlanan xəbəri təqdim edirik
Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Beynəlxalq Universitetlər Assosiasiyasının (IAU) İdarə Heyətinin üzvü seçilib. Məlumat üçün bildirək ki, dörd il müddətinə seçilən IAU İdarə Heyəti təşkilatın əsas idarəedici qurumudur. Hazırda IAU İdarə Heyətinin 17 üzvü var. Baş Konfransın qərarlarının icrasını təmin edən və Katibliyin işinə rəhbərlik edən İdarə Heyəti hər il toplanır. Onun işlərinin bir hissəsi konkret komitələr və işçi qruplar vasitəsilə həyata keçirilir.
Qeyd edək ki, növbəti dövr üçün IAU İdarə Heyətinə üzvlərin seçilməsi 2022-ci ilin oktyabrın 25-dən 28-dək İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən sözügedən beynəlxalq təşkilatın 16-cı Baş Konfransı çərçivəsində baş tutub. Dublin Universitet Kollecinin (UCD) ev sahibliyi etdiyi Konfrans “Universitetlərin gələcək cəmiyyətə uyğunluğu və əhəmiyyəti” mövzusuna həsr olunub. 100-ə yaxın ölkədən 300-dən artıq universitet rektorlarının, ali təhsil üzrə ixtisaslaşan beynəlxalq və regional təşkilatların rəhbərlərinin qatıldığı Konfransda Azərbaycandan MDU-nun rektoru Ş.Bayramov iştirak edib.
Konfransın açılışında IAU Prezidenti Pam Fredman, İrlandiyanın ali təhsil naziri Simon Harris, UCD Prezidenti səlahiyyətlərini icra edən Mark Rogers və UNESCO-nun Baş direktorunun təhsil üzrə köməkçisi Stefania Giannini çıxış ediblər.
Bölmə iclaslarında iştirak edən Ş.Bayramov postpandemiya dövründə ali təhsil, rəqəmsallaşma, beynəlmiləlləşmə, Davamlı İnkişaf Məqsədləri və universitetlərin davamlı inkişafda artan rolu, elmin açıqlığı, universitetlərin təhsil, tədqiqat və cəmiyyətə xidmət missiyasına yeni baxış, lokal və qlobal çağırışların balanslı şəkildə nəzərə alınması və universitet dəyərləri barədə müzakirələrə fəal qoşulub.
Bundan əlavə, 16-cı Baş Konfrans çərçivəsində IAU-nun əvvəlki dövr üçün hesabatı, 2022-2030-cu illər üzrə Strategiyası və 2022-2026-cı illər üzrə Büdcəsi müzakirə və təsdiq edilib. Həmçinin, IAU-nun “Qlobal ümumi rifah naminə ali təhsil müəssisələrinin rəqəmsal dünyada transformasiyası” adlı Qətnaməsi qəbul olunub.
Qeyd edək ki, MDU cari ildən IAU-nun üzvüdür. IAU 1950-ci ildə UNESCO-nun himayəsi altında yaradılmış qlobal miqyaslı üzvlük əsaslı təşkilatdır. Ali təhsil sahəsində dünyanın ən böyük təşkilatı hesab edilən IAU dünyanın 130-dan çox ölkəsinin 600-dən artıq universitetini birləşdirir. IAU dünya ali təhsil ictimaiyyətinin nümayəndələrini, ekspertləri və universitet liderlərini ali təhsil sahəsində qlobal gündəliyə aid əsas məsələlərə həsr olunan beynəlxalq konfranslar və görüşlərdə, tematik ixtisaslaşdırılmış seminarlar və vebinarlarda bir araya gətirən beynəlxalq şəbəkələşmə və əməkdaşlıq platforması kimi çıxış edir.
Belə bir qlobal universitetlər birliyinin idarə olunmasında fəal iştirak Azərbaycan Prezidentinin qarşıya qoyduğu vəzifələrə uyğun olaraq MDU-nun yeni dövrün universitetinə çevrilməsi yolunda önəmli addım hesab edilir.