Aprelin 7-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Türkmənçay müqaviləsinin 195 illiyinə həsr olunmuş elmi konfrans keçirilir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla anılıb.
Daha sonra Türkmənçay müqaviləsi haqqında videoçarx nümayiş olunub.
Konfransda Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorun müdiri Elşən Hüseynov çıxış edərək 1828-ci il fevralın 10-da imzalanan Türkmənçay müqaviləsinin Azərbaycanı ikiyə bölünməsini rəsmiləşdirən sənəd olduğunu və Azərbaycan tarixinin ən kədərli səhifələrdən biri olduğunu bildirib.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev Türkmənçay müqaviləsi haqqında məlumat verərək bildirib ki, 1805-1909-cu illər ərzində Azərbaycan torpaqlarına bir milyon erməni köçürülüb. Qeyd edib ki, Azərbaycan tarixini hər bir gənc çox yaxşı bilməlidir.
F.Hacıyev həmçinin bildirib ki, İkinci Qarabağ müharibəsində Bədən Tərbiyəsi və İdman Akademiyasının 75 əyani oxuyan tələbəsi iştirak edib, 30-dan çox tələbə qazi, 16-sı isə şəhid olub.
Gənclər və idman nazirinin müavini İndira Hacıyeva konfransın əhəmiyyətindən söz açaraq tariximizin hər səhifəsinin bizim üçün ya ibrət, ya da qürur səhifəsi olduğunu vurğulayıb. Deyib ki, Prezident İlham Əliyev gənclər haqqında söylədiyi çıxışlarda hər zaman onların Azərbaycan dilini və tarixini bilmələrini xüsusi vurğulayır. Çünki Azərbaycan xalqını birləşdirən dil və tarixidir.
Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın yeni tarixi” şöbəsinin müdiri Hacı Həsənov və Mingəçevir Dövlət Universiteti təhsil fakültəsinin dekanı Nizami Zeynalov Türkmənçay müqaviləsinin mahiyyəti, tariximizdəki yeri haqqında məlumat veriblər.
Bildirilib ki, bu müqavilə Azərbaycan torpaqlarının bölüşdürülməsi siyasətinin başlanğıcı idi. Bu sənədlə azərbaycanlıların etnik təmizləmə və soyqırımının təməli qoyuldu. Müqavilə eyni zamanda müsbət ideoloji əhəmiyyət də daşıyır. Çünki bizə dostumuzu və düşmənimizi tanıtdı və bugünkü qonşularımızla ehtiyatlı davranmağımızı öyrətdi.
Konfrans “XIX əsrin əvvəllərində Qafqaz regionunda baş verən müharibələr və onların dünya siyasətinə təsiri”, “Türkmənçay müqaviləsi: Qafqazda yeni siyasi proseslərin katalizatoru”, “Türkmənçay müqaviləsinə yeni baxış”, “Türkmənçay müqaviləsinin tarixi və hüquqi aspektləri” bölmələri üzrə işini davam edib.