2023-cü ilin oktyabrın 25-də Mingəçevir Dövlət Universiteti (MDU) Bişkekdə M.Rıskulbekov adına Qırğız İqtisad Universitetinin 70 illik yubileyinə həsr olunan “İqtisadi reallıqların yeni çağırışları” mövzusunda beynəlxalq elmi konfransın bölmə iclaslarında fəal təmsil olunub.
Qeyd edək ki, beynəlxalq konfrans çərçivəsində “Dünyanın sosial-iqtisadi modelləri”, “Avrasiya universitetlər şəbəkəsi: peşə təhsili sahəsində əməkdaşlığın yeni üfüqləri”, “Nəqliyyat və rəqəmsal logistika: yeni reallıqlar və imkanlar” və “Orqanik istehsalda və yaşıl iqtisadiyyatda ərzaq və qida təhlükəsizliyinin təmin edilməsi” adlı 4 bölmə iclası keçirilib.
“Nəqliyyat və rəqəmsal logistika: yeni reallıqlar və imkanlar” adlı bölmə iclasında MDU əməkdaşı Nuranə Abbasova-Zeynalova “Rəqəmsallaşmanın ölkə iqtisadiyyatının inkişafına təsiri” mövzusunda çıxış edib.
“Orqanik istehsalda və yaşıl iqtisadiyyatda ərzaq və qida təhlükəsizliyinin təmin edilməsi” adlı bölmə iclasında isə MDU-nun akademik heyət üzvlərindən Təranə Səfərova “Ekoloji problemlərin həllində ekoloji texnologiyalardan istifadə”, Rövşən Əliyev “Azərbaycanda ərzaq təhlükəsizliyinin gücləndirilməsi yolları”, Nurlan Əzizli “Kənd təsərrüfatı innovasiyalarının təşviqində İsrail təcrübəsi” və Aynur Namazova “Azərbaycanın kənd təsərrüfatı sektorunun investisiya cəlbediciliyi” mövzusunda məruzə ilə çıxış ediblər.
Həmçinin, bu bölmədə MDU əməkdaşlarından Təranə Əliyeva “Ərzaq təchizatı sisteminin institusional inkişafı yolları”, Emiliya Hüseynova “Azərbaycanda ərzaq təhlükəsizliyi sahəsində islahatlar”, Təranə Süleymanova “Azərbaycanın aqrar sektorunda innovasiyaların rolu”, Arif Tağıyev “Müasir qloballaşma şəraitində Azərbaycanın iqtisadi təhlükəsizlik üzrə milli siyasəti”, Saqib Məmmədov “Ərzaq əlçatanlığı və sosial bərabərsizlik” və Xəyalə Xəlilova “Ərzaq təhlükəsizliyi məsələləri” mövzusunda məruzələrini təqdim ediblər.
Maraqla qarşılanan məruzələr ətrafında müzakirələr aparılıb və təqdim edilən suallar cavablandırılıb.
Qeyd edək ki, oktyabrın 25-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində səfərdə olan MDU-nun rektoru Şahin Bayramov Qırğız İqtisad Universitetinin 70 illiyinə həsr olunan təntənəli yubiley mərasimində iştirak edib və bu çərçivədə təşkil olunan sözügedən beynəlxalq konfransın plenar iclasında “Davamlı iqtisadi inkişaf: əsas konsepsiya, qiymətləndirmə metodları və Azərbaycan nümunəsi” mövzusunda məruzə ilə çıxış edib.