Təbiət ən şirin, ən sirli-sehrli dastandır, nağıldır. Hər gün dünyaya yenidən oyananda təbiətin təkrarsız simfoniyasını dinləmək, insanın iç dünyasını yerindən oynadan füsunkar gözəllikləri izləmək əvəzsiz Tanrı payıdır. Təbiətin insandan ən böyük üstünlüyü ondadır ki, Tanrının buyurduğundan bir addım da kənara çıxmaz. Təbiətdəki mütənasiblik, vəhdət də həsəd doğurur. Onda anlayırsan ki, Tanrının yaratdıqlarında təsadüfilik yoxdur.
Tanrının
Əbədi
Bəxş etdiyi
İdeal
Əsər
Təbiətdir
İnsan təbiətin bir parçasıdır. Təbiət öz sərvətləri ilə bizi bəsləyir, yaşadır, insanın fiziki və mənəvi qüvvələrini inkişaf etdirir, bizə həyat verir. Təbiət tükənməz xəzinədir, ilk növbədə mənəviyyat xəzinəsidir. Sən ona arxa çevirməsən, həyatının dolanbaclarında da o səni tək buraxmaz. Təbiətlə dostluğunda mükəmməl sevgi səviyyəsinə yüksələ bilsən, həyatda da eşqdə də Füzuli zirvəsini fəth etmək qüdrətinə yetişərsən, təkcə insanlara deyil, eləcə də, Tanrının yaratdığı bütün nəsnələrə münasibətdə də bu ucalıqda olacaqsan. Təbiətin ruhunuza və qəlbinizə səpəcəyi toxumları layiqincə “suvara” bilsəniz, məram və niyyətləriniz ümmana çevriləcək, bəşəriyyətə töhvələriniz sıralanacaq. Təbiət qismətinizə qismət qatacaq. Təbiətin ruhuna nüfuz etmək qüdrətinə yetə bilsən, mənəvi dünyanı daha dolğun kəşf edəcəksən, beləliklə, xoşbəxt və mənalı ömürün açarına yiyələnmiş olacaqsan.
Poeziya tariximizdə təbiət obrazlarının ulu bir salnaməsi var. Bir çox əsərlərin libası təbiətdir, mayası isə milli, bəşəri düşündürmələrdir. Ümumilikdə füsunkar təbiət xalis obrazdır . Təbiət sənətkarın məhəbbət tərəfdaşıdır; o, təbiəti özünə tabe etdirmək istəyir, ancaq özü də bilmədən onun əsirinə çevrilir. Şeirlər həsr edir, mahnılar qoşur, bir sözlə, təbiəti müqəddəsləşdirir. Beləcə, təbiət öz gözəlliyi, əzəməti, təravəti ilə bədii əsərin ruhunu, tərzini zamanla, dövrlə, şəraitlə, xüsusilə müəllifin şəxsi duyğuları ilə əlaqələndirir, sənətkarın dünyagörüşünə və təxəyyülünə xas olan tərzdə tərənnüm olunur.
Azərbaycanın təbii gözəlliklərini yorulmadan vəsf edən, dünya şöhrətli şairimiz Nizami Gəncəvi bütün dövrlərin ən sevilən dahilərindən biridir. Xalqımızın adına ucalıq gətirmiş bu böyük şəxsiyyətin bizə miras qoyduğu mənəvi sərvətindən bu gün də bəhrələnirik. Əsərlərini oxuduqca oxucunun düşüncəsində Nizami başqa bir obrazda – təbiət qanunlarını mükəmməl bilən, təbiətdə gedən bioloji prosesləri təhlil edən bioloq kimi canlanır. Şairin təliminə görə insanlar da təbiətin bir hissəsidir. Təbiətin bütün üzvlərinin özünəməxsus vəzifəsi vardır. Hərkəs bu vəzifəni layiqincə yerinə yetirməyə borcludur. Vəzifələr dedikdə isə təbiətin, ətraf aləmin təmizliyinə riayət etmək, çirkləndirməmək, canlılara, heyvanlara, çiçəklərə, bitkilərə, ağaclara qayğı, qulluq və məhəbbət aşılamaq nəzərdə tutulur.
Nizami Gəncəvi, demək olar ki, bütün əsərlərində insanları təbiəti sevməyə və ona qayğıkeş münasibət bəsləmək ruhunda tərbiyələndirməyə çalışmışdır. Onun ekoloji tərbiyə ilə bağlı fikirlərində insanın öz ülviyyətini qoruması, təbiəti məhv olmaqdan xilas etməsi irəli sürülmüşdür. Dahi şairin hikmət dolu misraları bu gün də gənc nəsildə ekoloji dünyagörüşün formalaşması istiqamətində canlı təbiətə humanist münasibətin yaranmasına səbəb olur, onları düşündürür:
Torpağa mərhəmət xeyirdir, inan,
Lütf etsən gül verər, zülm etsən tikan.
Şair dünyanın əşrəfi olan insana başa salmağa çalışır ki, hər bir canlı da sənin tək canlıdır, qiymətlidir, təbiətdə öz dəyəri var, heç bir canlını məhv etməyə çalışma. Söhbətində insanları təbiətin və həyatın gözəlliklərindən zövq almağa və təbiəti məhv etməməyə çağırır. Dahi şairimizin çağırışlarına dayanaraq, bugünün müəllimləri uşaqlarıyla, şagirdləri və tələbələri ilə birlikdə ağac əkmə aksiyalarında iştirak etməklə, məktəbyanı sahədə çiçək əkməklə, əkilən bitkilərə qulluq etməklə uşaqlarda (şagirdlərdə) həm estetik hissləri formlaşdırır, həmdə təbiətə əməyi aşılayır.
Aparılan araşdırmalar bir daha sübut edir ki, böyük təbiətşünas alim, humanist-tərbiyəçi-pedaqoq olan Nizami Gəncəvi, demək olar ki, bütün əsərlərində insanları təbiəti sevməyə və ona qayğıkeş münasibət bəsləmək ruhunda tərbiyələndirməyə çalışmışdır. Onun ekoloji tərbiyə ilə bağlı fikirlərində insanın öz ülviyyətini qoruması, təbiəti məhv olmaqdan xilas etməsi irəli sürülmüşdür.
Təbiət fənlərinin tədrisində dahi Nizami əsərlərinə inteqrasiya etmək, canlı və cansız aləmlə tanışlıq, şairin cansız və canlı təbiətlə bağlı fikirlərini səsləndirmək, təbiətin qanunauyğunluqlarını başa salmaqla yanaşı, onlarda vətənpərvərlik, canıyananlıq, mehribanlıq, tapşırıqlara əməl etmək, təmizkarlıq, qətiyyətlilik, doğruçuluq, dostluq, yoldaşlıq kimi mənəvi-əxlaqi keyfiyyətlərin formalaşdırılması şagirdlərin marağına səbəb olar ki, bu da mövzuların mənimsənilməsində çox əlverişli olar. Buna görə də təlim prosesində bu keyfiyyətlərin tərbiyəsinə mühüm diqqət yetirilməlidir. Şairin əsərlərindəki estetik, ekoloji, əmək, əxlaq tərbiyəsinə aid nümunələrindən istifadə edərək şagirdlərdə bu tərbiyə növlərinin formalaşmasına daha yaxşı nail olmaq olar.
Təlim prosesi elə təşkil olunmalıdır ki, bu şəraitdə ekoloji tərbiyə də səmərəli həyata keçirilsin. Buna görə də təlim prosesində bu keyfiyyətlərin tərbiyəsinə mühüm diqqət yetirlməlidir. Məşğələlər zamanı ayrı-ayrı mövzular öyrədilərkən başlıca vəzifə uşaqların təbiəti mühafizə tərbiyəsi olmalıdır. Bunun üçün birinci növbədə ekoloji tərbiyə üçün xüsusi əhəmiyyəti olan mövzula seçilməlidir.
Təcrübə göstərir ki, təbiətdə əmək uşaqların əqli və sensor tərbiyəsi üçün böyük əhəmiyyət kəsb edir. Bu məqsədlə tərbiyəçilər ekskursiyada müşahidə metodundan geniş istifadə edirlər. Belə müşahidələrin təşkili zamanı bitki və heyvanlar, canlı və cansız təbiət, təbii hadisələr, adamların təbiətdə əməyi, eləcə də əşyalar və hadisələr arasında asılılıq və səbəb-nəticə əlaqələri haqqında şagirdlərə ətraflı məlumat verilir. Biz elə şərait yaratmalıyıq ki, təbiətin nemətlərinin müxtəlifliyini, təbiətdəki yaranma və inkişaf proseslərini müşahidə edə bilsinlər.
Hər birimiz mənəviyyat xəzinəmizin ən qiymətli incilərindən biri olan Nizami Gəncəvinin bizə miras qoyub getdiyi ədəbi-pedaqoji irsi daha dərindən mənimsəməli və dərslərimizdə şagirdlərimizə və gələcəkdə müəllim adı daşıyan tələbələrimizə aşılamalıyıq. Bu, bizim mənəvi borcumuzdur.
Rahilə Məmmədova,
MDU-nun Humanitar fənlər kafedrasının baş müəllimi, fil.ü.f.d.