2024-cü il mayın 2-də Mingəçevir Dövlət Universitetinin (MDU) İctimai Nəzarət Şurasının üzvlərinin rektor Şahin Bayramovla növbəti görüşü keçirilib.
Qonaqlar ilk növbədə rektor Ş.Bayramovu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilməsi münasibətilə səmimi qəlbdən təbrik edib, uğurlarının davamlı olmasını arzulayıblar.
Təbrik və xoş sözlərə görə Şura üzvlərinə təşəkkürünü bildirən rektor “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalına layiq görülməyin çox qürurverici bir hiss olduğunu vurğulayıb və verilən yüksək dəyərə görə Cənab Prezident İlham Əliyevə dərin təşəkkürünü ifadə edib. Ş.Bayramov cari ilin 30 aprel tarixində Elm və təhsil naziri Emin Əmrullayev tərəfindən təqdim olunan medalın MDU ailəsinə göstərilən diqqətin ən yüksək göstəricisi olduğunu diqqətə çatdırıb.
Şura üzvləri yüksək əhəmiyyətə malik olan yubiley medalının nəinki doğma MDU ailəsinin, eləcə də nur şəhəri Mingəçevirin bütün sakinlərinin əməyinə verilən dəyər olduğunu bildiriblər. Çünki 2023-cü ildə MDU kollektivi ilə birlikdə şəhərin bütün müəssiələrinin əməkdaşları, xüsusən də təhsil ocaqları Ümummilli Lider Heydər Əliyev irsinin tədqiqində və təbliğində, azərbaycançılıq ideyasının həyata keçirilməsində xüsusi fəallıq göstərib. Ona görə də bu ali medalın MDU-nun rektoruna təqdim edilməsilə Mingəçevirə gətirilməsi şəhərimizin uğurlarından biridir. Bu uğurla qürurlandıqlarını ifadə edən üzvlər universitetin timsalında şəhərimizin təqdirəlayiq fəaliyyətlərinin davamlı olmasını arzulayıblar.
Görüş zamanı rektor Ş.Bayramov 2024-cü ilin ötən ayları ərzində universitetdə görülmüş işlər, rektorun və MDU əməkdaşlarının beynəlxalq elmi konfranslarda təmsil olunması, əldə edilmiş nəticələr və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 2024-cü ilin ölkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlamətdar olduğunu vurğulayan rektor bu münasibətlə universitetdə keçirilmiş çoxsaylı və müxtəlif formatlı tədbirlərdən bəhs edib. Həmçinin 2024-cü ilin noyabrında ölkəmizin ev sahibliyi edəcək COP29 beynəlxalq konfransında Azərbaycanın iqlim dəyikliklərinə verdiyi töhfələrin əyani şəkildə dünya ictimaiyyətinə çatdıracağı və bütün dünyanı bu qlobal çağırışa həmrəylik göstərilməsində birləşdirəcəyini vurğulayan rektor ətraf mühitin qorunması istiqamətində universitetin fəaliyyətinin daha da genişləndiriləcəyi bildirib. Qeyd edib ki, təhsil, tədqiqat və innovasiya sahəsində qabaqcıl mövqeyi ilə fərqlənən, yeni dövrün universitetinə çevrilməyi əsas hədəf kimi müəyyən edən MDU bu sahədə də ön sıralarda olmağı hədəfləyir.
Görüşün sonunda Şura üzvləri Ş.Bayramova “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalına layiq görülməsi ilə əlaqədar olaraq hədiyyə təqdim ediblər. Rektor bütün üzvlərə təşəkkür edərək MDU-nun çoxşaxəli fəaliyyətlərində əldə etdiyi uğurların şəhər ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanmasından məmnunluğunu ifadə edib.