Müharibə iştirakçısı tələbə: Bir neçə dəfə yaralansam da, döyüşə davam etdim

AzEdu Təhsil Portalının MDU-nun “Azərbaycan Bayrağı” ordenli III kurs tələbəsi Elnur Salahovla müsahibəsini sizə təqdim edirik.

Xocavənd və Şuşanın azad edilməsi uğrunda döyüşənlər içərisində yer alanlardan biri də Vətən müharibəsi iştirakçısı Salahov Elnur Elburs oğludur.

O, 2021-ci ildə Mingəçevir Dövlət Universitetinin Mühəndislik fakültəsinin nəqliyyat ixtisasına qəbul olub. E.Salahov hazırda MDU-nun III kurs tələbəsidir.

AzEdu.az Təhsil Portalı olaraq Vətən müharibəsi iştirakçısı ilə əlaqə saxladıq.

O, təəssüratlarını bizimlə bölüşüb.

-Elnur bəy, ilk növbədə özünüz haqqında məlumatla söhbətə başlayaq…

-Mən, 2000-ci ildə Tərtər rayonu Poladlı kəndində anadan olmuşam. Həmin kənddə Ələddin Qəribov adına orta məktəbi bitirmişəm. 2015-ci ildə 9-cu sinfi bitirib Şəki Dövlət Texniki Kollecinə qəbul olmuşam və 2019-a qədər təhsil almışam.

Daha sonra 2019-cu ildə Naxçıvana həqiqi hərbi xidmətə yollandım. Burada xüsusi təyinatlı qüvvələrdə xidmət etmişəm. Bu dövrdə Vətən müharibəsi başladı və mən Qarabağa getdim.

Həm antiterror, həm də Şuşanın azad edilməsi uğrunda müharibədə iştirak etdikdən sonra Naxçıvana yola düşdük. Həqiqi hərbi xidmətimin müddəti 18 ay olmasına baxmayaraq 2 il xidmət etmişəm. 2021-ci il 7 iyulda Bakıya təxris edildim.

Elə həmin ildə Mingəçevir Dövlət Universitetinin Mühəndislik fakültəsinin nəqliyyat ixtisasına qəbul olundum.

-Müharibədə heç yaralandığınız olubmu?

145614

-Müharibədə bir neçə dəfə yaralanmağıma baxmayaraq döyüşlərə davam edirdim. Xocavənd istiqamətindən Şuşaya kimi döyüşmüşəm. Həmçinin Xocavəndin bir neçə kəndi, eləcə də Şuşanın alınmasında, Daşaltı əməliyyatında iştirakım olub. 1 ay Şuşa mühafizəsində qaldıqdan sonra dekabrın 11-dən 16-na Xocavənd Tuğ kəndindən Laçın istiqamətində gedən antiterror əməliyyatlarında da iştirak etmişəm.

62 erməni terroristi zərərləşdirərkəndə yaxından fəal iştirakım olub. Daha sonra Ali Baş Komandanın sərəncamına əsasən Azərbaycan bayraq ordeni ilə təltif edildim. Şuşa və Xocavəndin azad edilməsi uğrunda medallar da qazanmışam.

-Müharibədən sonra toparlanmaq, psixi cəhətdən yaxşılaşmaq bir qədər vaxt aparan prosesdir. Necə oldu ki, təxris olunandan dərhal sonra ali təhsil almaq qərarına gəldiniz?

-Əslində universitet oxumaq çoxdankı arzum idi. Sadəcə olaraq öyrəndim ki, kolleci bitirdikdən sonra ali məktəbə qəbul olmaq daha rahatdır. Bundan sonra məndə universitetə qəbul olmaq qərarına gəldim.

-Ön cəbhədə baş verilən ekstrimal vəziyyətlə bağlı nələri xatırlayırsınız?

-İlk onu qeyd edim ki, bizim keçdiyimiz döyüş yolu çətin deyildi. Çünki Naxçıvanda da bu cür təlimlər bizə keçirilirdi. Həm də düşmənlərlə qarşı-qarşıya döyüşdükdə onlar dərhal geri çəkilməyə məcbur olurdu. Biz ilk dəfə Xocavəndin Çanaqçı kəndinin azad edilməsi uğrunda mübarizə apardıq. Ona görə də burada daha çox xatirələrimiz oldu. Belə ki, biz iki nəfər yaşlı heyətindən əsir götürmüşdük. Onlar demək olar ki, Azərbaycan dilində sərbəst danışırdı. Biz hətta təəccüblənmişdik ki, erməni ola-ola Azərbaycan dilini yaxşı bilirdilər. Daha sonra bizim əsir düşən əsgərlərimizi almaq üçün onları təhvil verdik.

-Döyüş yoldaşlarınızla yaddaqalan bir hadisə yaşamısınız?

145606

-Biz Naxçıvandan 40 nəfər olmaqla həqiqi xidmət qulluqçusu kimi əsgər gəlmişdik. Naxçıvana 3 nəfərimiz şəhid olmaqla 37 nəfərimz isə yaralı olaraq sağ qayıtdıq. Şəhid olan döyüş yoldaşlarımdan Əhmədxan Əhmədov var idi. O, Kəlbəcərli idi.Generalımızın qarşısını kəsib məhz dədə-baba torpağı olan Kəlcəbərdə döyüşmək istədəyini bildirdi. Biz Talış kəndini işğaldan azad edəndə şəhid əsgər yoldaşım bayrağımızı Kəlbəcərdə şəxsən özü sancmaq istəyirdi. Lakin Daşaltı əməliyyatında şəhidlik zirvəsinə yüksəldi. Və biz Kəlbəcərə sülh yolu ilə azad etdik.

-Gələcəkdə magistratura təhsili almaq fikriniz varmı?

-Hələki bu barədə düşünmürəm.