Mingəçevir Dövlət Universitetinin (MDU) təşkilatçılığı ilə Gələcəyə baxış: təhsil və iş dünyasında yeni çağırışlar adlı forum keçirilib

  • Post category:MDU xəbərləri

2024-cü ilin 6 dekabr tarixində Ağsaray Deluxe otelin zalında MDU-nun təşkilatçılığı ilə Gələcəyə baxış: təhsil və iş dünyasında yeni çağırışlar adlı forum keçirilib.
Forumun əsas məqsədi təhsildə yeni çağırışları müzakirə etmək, yeni dövrün təhsil tələblərini nəzərə alaraq keyfiyyətin daha da yüksəldilməsinə nail olmaq, əmək bazarının ehtiyaclarına uyğun kadr hazırlığının əsas istiqamətlərini müəyyən etmək olub.
Tədbirdə öncə Xalqımızın ümummilli lideri Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən, Tədris məsələləri üzrə prorektor Üzeyir Zeynalov forumun ənənəvi görüşlərdən fərqli olaraq təhlilə söykənən müzakirələr formatında aparılmasının daha keyfiyyətli təhsilin təşkili istiqamətində önəmini vurğulayıb. Ü.Zeynalov universitet-sənaye əlaqələrinə diqqət yetirərək, tədrisin keyfiyyətinin yüksəldilməsində bu əlaqələrin mühüm əhəmiyyət daşıdığını bildirmişdir.
Forumun əsas məruzəçiləri Mərkəzi Aran Regional Təhsil İdarəsindən Tədrisin keyfiyyəti sektorunun müdiri Leyla Bayramova “Məktəbdən universitetə: təhsil yolunda gənclərə dəstək”, MDU-nun uğurlu məzunu, Azsoftware şirkətinin texniki direktoru Emin Novruzov “Təhsildə süni intellekt və yeni imkanlar”, MDU-nun uğurlu məzunu, Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyinin Texnoloji inkişaf şöbəsinin baş məsləhətçisi, İKT standartlaşması üzrə Texniki komitənin məsul katibi Qulam Abdullayev “Yeni nəsil İKT ekosisteminin tətbiqi və iş dünyasında biznes modelləri”, Qarabağ Universitetinin qonaq professoru Evren Güçer “İnsan kapitalının inkişafında qlobal yanaşmalar: təhsil və sənayenin qarşılıqlı təsiri” mövzularını əhatə edən məruzələrlə çıxış ediblər.
Forum “Təhsil və iş dünyası əməkdaşlığının gələcəyi” adlı panel müzakirəsi ilə davam edib. Panel sessiyada moderator MDU-nun uğurlu məzunu, KOBİA, KOB Dostu departamenti Bakı və xüsusi zonalar üzrə koordinatorluğun əməkdaşı Ayaz Ədilov, panelistlər isə MDU-nun rektoru vəzifəsini müvəqqəti icra edən Üzeyir Zeynalov, MDU-nun uğurlu məzunu, “Mutfakçı” şirkətinin rəhbəri İlkin Manafov, Qarabağ Universitetinin qonaq professoru Evren Güçer olub. Panel müzakirədə ali təhsilin əlçatanlığı, iş dünyası ilə əməkdaşlığın genişləndirilməsi məsələlərindən, əməkdaşlıq perspektivləri üçün müsbət zəminin yaradılmasından, problemin həllində təməl amil kimi təhsilin vacibliyindən danışılıb.