Mingəçevir Dövlət Universiteti (MDU) və Düzce Universiteti arasında əməkdaşlıq istiqamətində online iclas keçirilib

  • Post category:MDU xəbərləri

3 fevral 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsi ilə Düzce Universitetinin (DU) Eğitim fakültəsi arasında online formatda iclas keçirilib.

İclasda Düzce Universitetinin Eğitim fakültəsinin dekanı, prof. Mustafa Koç, dekan müavinləri dos. Aslıhan K. Vardar və dos. Hakan Sarıtekin, MDU Təhsil fakültəsinin dekanı dos. Nizami Zeynalov, dekan müavinləri, Humanitar fənlər kafedrasının müdiri dos. Esmira Cəfərova, Pedaqogika və psixologiya kafedrasının müdiri prof. Farah Cəlil, Xarici dillər kafedrasının müdiri dos. Mehdi Rəhimov, Riyaziyyat kafedrasının müdiri r.e.f.d. Rövşən Babayev, fakültənin akademik heyət üzvləri və Dayanıqlı inkişaf və regional innovasiyalar tədqiqat mərkəzinin müdiri dos. Asim Məmmədov iştirak ediblər.

İclası açan dos. Asim Məmmədov iştirakçıları MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən hörmətli Üzeyir Zeynalovun adından salamlayaraq, iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın genişləndirilməsinin hər iki tərəfə fayda gətirəcəyini vurğulayıb.
Daha sonra dos. Nizami Zeynalov çıxışında iştirakçılara təşəkkür edərək, MDU və onun Təhsil fakültəsi haqqında geniş məlumat verib. O, konkret proqram əsasında iki fakültə arasında əməkdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyini qeyd edib. MDU tələbələrinin və akademik heyətinin DU Eğitim fakültəsinin imkanlarından istifadə edəcəyini, milli bayramlar və digər əlamətdar günlərdə birgə tədbirlərin, konfransların təşkil ediləcəyini bildirib.

Daha sonra çıxış edən DU Eğitim fakültəsinin dekanı prof. M. Koç, MDU ailəsini DU ailəsi adından salamlayıb və bu əməkdaşlığın onlar üçün şərəf olduğunu bildirib. O, MDU Təhsil fakültəsinin təqdim etdiyi fəaliyyət planının kifayət qədər əhatəli olduğunu, gələcəkdə daha geniş layihələrin həyata keçiriləcəyini vurğulayıb. Prof. M. Koç yaxın bir həftə ərzində kafedra müdirlərinin iştirakı ilə təklif edilən fəaliyyət planının müzakirə ediləcəyini və mümkün qədər tez real nəticələrin əldə olunmasına çalışacaqlarını bildirib.

Humanitar fənlər kafedrasının müdiri dos. Esmira Cəfərova çıxışında keçirilən ilkin tanışlıq iclasının əhəmiyyətini qeyd edərək, fakültələr arasında razılaşdırılmış əməkdaşlıq çərçivəsində ustad dərslər və digər akademik tədbirlərin təşkilinin vacibliyini vurğulayıb.

Sonda dos. N. Zeynalov iclas iştirakçılarına təşəkkür edərək, iki fakültə arasında əməkdaşlıq planının DU Eğitim fakültəsi rəhbərliyi ilə müzakirə edildikdən sonra yaxın günlərdə yenidən görüş keçiriləcəyini bildirib. Qərara alınıb ki, ikinci semestr başlayana qədər fəaliyyət planı qəbul edilsin və icrasına başlanılsın.