Mingəçevir Dövlət Universitetində “Bu günün şagirdləri gələcəyin müəllimləridir” mövzusunda elmi-praktik seminar keçirilib

2025-ci il fevralın 28-də Mingəçevir Dövlət Universitetində (MDU) “Bu günün şagirdləri gələcəyin müəllimləridir” mövzusunda elmi-praktik seminar keçirilib. Seminarın məqsədi gənc nəsilin təhsil sahəsindəki rolu və onların gələcək müəllimlik peşəsinə hazırlığı ilə bağlı müzakirələr aparmaq olub.
Seminarın moderatoru MDU-nun Fizika və Ekologiya kafedrasının müəllimi Fəridə Həsənli olub. Tədbirə giriş sözü ilə MDU-nun Fizika və Ekologiya kafedrasının müdiri Təranə Yusibova və Mingəçevir şəhər 16 nömrəli tam orta məktəbin direktoru Aygün Quliyeva çıxış ediblər. Onlar tədbirin təhsil sahəsində mühüm əhəmiyyətə malik olduğunu və şagirdlərin elmi araşdırmalara marağının artırılmasının vacibliyini vurğulayıblar.
Seminarda 16 nömrəli tam orta məktəbin IXa sinif şagirdləri Sevda Mustafazadə – “Alanlar”, Zəhra İbrahimli – “Maqnit sahəsi”, Aysel Mirzəyəva – “Tənəffüs sistemi” mövzularında məruzələrlə çıxış ediblər.
Şagirdlər öz təqdimatlarında müasir təhsil məsələlərinə toxunaraq, fizika və ekologiya sahələrindəki araşdırmalarını iştirakçılarla bölüşüblər. Məruzələr dinləyicilər tərəfindən maraqla qarşılanıb və seminarın sonunda şagirdlərin təqdimatlarına dair suallar verilərək müzakirələr aparılıb.