Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov Şamaxıda “YayFest”də iştirak edən tələbələrlə görüşüb

  • Post category:MDU xəbərləri

2025-ci ilin 10 iyul tarixində Şamaxıda “YayFest” çərçivəsində təşkil olunan “Təhsildə milli kimlik və suveren fikrin uğurlu sinerjisi” adlı panel müzakirəsində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov tələbələrlə bir araya gəlib.

Əsas müzakirə mövzuları müasir təhsil modeli, milli kimliyin qorunması, strateji və suveren düşüncə tərzinin formalaşdırılması və gənclərin gələcək karyera imkanları ilə bağlı olan panel görüşündə Azərbaycanın müxtəlif ali və ümumitəhsil müəssisələrindən tələbələr iştirak edib. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Rəşad Zeynalovun moderatorluğu ilə baş tutan panel görüşünün qonaqları arasında Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov və Bakı Avrasiya Universitetinin rektoru Səyavuş Qasımov da olub.

Panel çərçivəsində rektor Anar Eminov gənclərlə səmimi dialoq quraraq universitetdə milli kimlik və mədəni dəyərlərin formalaşması, aşılanması, suveren düşüncə ilə milli kimliyin vəhdəti, gənclərin gələcək karyerası üçün tələb olunan praktiki bacarıqların formalaşdırılması yolları, akademik göstəricilərlə yanaşı əmək bazarında tələb olunan əlavə səriştələrin önəmi, “uğurlu məzun” anlayışının sosial aspektləri, eləcə də rəqəmsallaşma və süni intellekt dövründə universitetlərin transformasiya strategiyaları və gənclərin bu mühitdə yeni bacarıqlar əldə etməsinin əhəmiyyəti kimi mövzular ətrafında fikirlərini bölüşüb.

Tələbələrin fəal iştirakı ilə keçən görüşdə rektor universitet təhsilinin yalnız bilik ötürmək deyil, həm də şəxsiyyət formalaşdırmaq missiyasını daşıdığını vurğulayıb. O, gəncləri sosial aktivliyə, milli-mənəvi dəyərlərə bağlılığa və qlobal düşüncə ilə yerli məsuliyyət arasında balans qurmağa çağırıb.

Panel sonunda iştirakçılar tərəfindən verilən suallar cavablandırılıb, təkliflər dinlənilib və müzakirələr aparılıb.