2025-ci ilin 25 sentyabr tarixində Mingəçevir Dövlət Universitetinin Təhsil fakültəsində (MDU) 27 sentyabr “Anım Gününə həsr olunmuş “Zəfər tarixi – 27 Sentyabr” mövzusunda dəyirmi masa keçirilib.
MDU-nun professor-müəllim heyəti, tələbələrinin iştirak etdiyi tədbir şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb.
MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev giriş nitqi ilə çıxış edərək, əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olan bütün şəhidlərimizə rəhmət diləyib, qazilərimizə şəfa arzulayıb. Bildirib ki, 2020-ci ildə başlanan və Azərbaycanın qələbəsi ilə nəticələnən Vətən müharibəsinin ilk gününü əbədiləşdirmək məqsədilə hər il 27 sentyabr tarixi ölkəmizdə “Anım Günü” kimi qeyd olunur. Belə ki, “Anım Günü” təkcə keçmişə hörmət və şəhidlərin xatirəsini yad etməklə məhdudlaşmır, eyni zamanda gələcək nəsillərə də önəmli mesajlar ötürür.
Ardınca Vətən müharibəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Sonra konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib. MDU-nun müəllimlərindən Leyla Babayeva “27 sentyabr Azərbaycan xalqının Qürur və Zəfər tarixidir”, Gülər Əjdərzadə “Zəfər yolumuzun Anım məqamı-27 sentyabr”, Pərvin Hüseynova “Azərbaycan xalqının mübarizə və qəhrəmanlıq tarixi ədəbiyyatımızda”, universitetin Tələbə Gənclər Təşkilatının sədri Aslan Ələkbərzadə “Zəfər zirvəsini fəth edən qəhrəman şəhidlərimiz əbədi yaşayacaq” adlı mövzularla çıxış edərək, Vətən müharibəsi şəhidlərinin xatirəsinin əbədi olaraq Azərbaycan xalqının qəlbində yaşayacağını ifadə ediblər və Anım Gününün gənclərə vətənə bağlılıq və qürur hissi aşıladığını vurğulayıblar.
Qeyd edək ki, universitetdə Vətən müharibəsinin 5 illiyi münasibətilə MDU-nun Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlər keçirilir.