Mingəçevir Dövlət Universitetində (MDU) “Karyera Planlaması” fənnindən açıq dərs keçirilib

MDU-nun İqtisadiyyat və İdarəetmə fakültəsinin Mq24.1 nömrəli qrupunda “Karyera planlaması” fənnindən açıq dərs keçirilib. Sənayenin təşkili və idarətmesi kafedrasının baş müəllimi Zaur Rəsulov tərəfindən tədris edilən açıq dərs “Karyera planlamasının mərhələləri” mövzusuna həsr olunub.

Açıq dərsin əsas məqsədi karyeranın idarə edilməsi sisteminin qurulması və karyera planlaması mərhələləri barədə tələbələrə ətraflı izahat vermək olub. Dərsdə tələbələr karyera idarəetmə sisteminin məqsədləri və əhatə etdiyi məsələləri öyrənib, fərdi şəkildə karyeralarını mərhələlərlə planlama bacarığı qazanıblar. Onlar həmçinin özünüqiymətləndirmə, əmək bazarında mövcud imkanları öyrənmə, SMART məqsədləri müəyyənləşdirmə və fərdi karyera planı tərtib etməklə bağlı bilik və bacarıqlara yiyələnmişlər. Dərsdə bu məqsədlə VISA və CoHari kimi alətlərdən istifadə olunub.

Universitetdə keçirilən “Karyera planlaması” fənnindən açıq dərsi İqtisadiyyat və İdarəetmə fakültəsinin dekan əvəzi Nüşabə Qədimli və Sənayenin təşkili və idarəetməsi kafedrasının müdiri Emiliya Hüseynova tərəfindən yüksək dəyərləndirilib.

Nüşabə Qədimli açıq dərsin tələbələrin karyera planlaması ilə bağlı praktiki biliklər əldə etməsinə və gələcək peşə həyatlarındakı qərarların daha düzgün verilməsinə əhəmiyyətli təsir göstərəcəyini vurğulayıb, dərsin interaktiv formatda keçirilməsinin tələbələrin mövzuya marağını artırdığını və onların öz gələcəklərini daha yaxşı planlamalarına şərait yaratdığını bildirib.

Emiliya Hüseynova isə açıq dərsin təşkilatını və məzmununu yüksək qiymətləndirərək, dərsin tələbələrin karyera idarəetməsi sahəsində əhəmiyyətli biliklər əldə etməsinə kömək etdiyini qeyd edib, tələbələrin aktiv iştirakı və diskussiyalarda göstərdikləri marağın dərsin uğurla keçdiyini göstərdiyini vurğulayıb. Təlim müddətində tələbələr diskusiyalarda fəal iştirak edib, fərdi özünüqiymətləndirmə tapşırıqlarını yerinə yetirib və karyera ilə bağlı təqdim olunan müxtəlif keysləri həll edərək öz bacarıqlarını nümayiş etdiriblər. Təqdim olunan tapşırıqlar və müzakirələr əsasında tələbələr qiymətləndirilib.