2024-cü il iyunun 20-də Mingəçevir Dövlət Universitetində (MDU) 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib.
“Açıq qapı” günündə MDU-nun rektor səlahiyyətlərini müvəqqəti icra edən, tədris məsələləri üzrə prorektor Üzeyir Zeynalov əvvəl universitetin Mühəndislik fakültəsində təhsil alan bir qrup tələbənin valideyni ilə görüşüb. Ü.Zeynalov valideynlərə MDU-da cari tədris ilində davam edən imtahan sessiyasının təşkili barədə məlumat verib, onları maraqlandıran sualları cavablandırıb. Bildirilib ki, MDU-da imtahan sessiyasının obyektiv, şəffaf və mütəşəkkil keçirilməsinin təmin etmək, eləcə də yarana biləcək neqativ halların dərhal aradan qaldırması və digər müvafiq tədbirləri həyata keçirmək məqsədilə “İmtahan Qərargahı”, “İmtahanlara dəstək qrupu” və “Apellyasiya Komissiyası” yaradılıb. Eyni zamanda, sessiya ərzində “Qaynar xətt”in (telefon və e-mail vasitəsilə) fəaliyyətinin təmin edildiyi diqqətə çatdırılıb.
Sonra, valideynlərlə birlikdə imtahanların gedişatı izlənilib. Valideynlər imtahan prosesinin təşkilindən razılıqlarını bildirib, obyektivlik və şəffaflığın tam təmin olunduğunu vurğulayıblar. Övladlarının biliyinin düzgün qiymətləndirilməsinə, müəllimlərin obyektiv yanaşmasına və yaradılan şəraitə görə universitet rəhbərliyinə və professor-müəllim heyətinə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, MDU-da yaz imtahan sessiyası başa çatanadək “Açıq qapı” günləri təşkil ediləcək.