Mingəçevir Dövlət Universitetinin 6 tələbəsi “Adlı təqaüd”ə layiq görülüb

2025-ci ilin 20 may tarixində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİRK) tərəfindən təhsildə və tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən 308 tələbəyə “Adlı təqaüd” təqdim edilib. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan tədbir Bakı Ali Neft Məktəbində keçirilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov tədbirdə çıxışı zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən gənclər siyasətindən, həmçinin Heydər Əliyev Fondunun və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə elm, təhsil, mədəniyyət və digər sahələrdə reallaşdırılan layihələrdən bəhs edib.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov təhsilə göstərilən yüksək diqqət və qayğını vurğulayıb, “Adlı təqaüd” layihəsinin tələbələrin motivasiyasına və inkişafına verdiyi töhfədən danışıb.

“Adlı təqaüd”ə layiq görülən tələbələr arasında Mingəçevir Dövlət Universitetinin 6 tələbəsi: Səadət Atakişiyeva, Arzu Ramazanova, Gülnarə Mirzəliyeva, Səbinə Şirinova, Tamara Həsənova və Aytac Babayeva da yer alıb.

Qeyd edək ki, ATİAHİRK-nın “Adlı təqaüd” layihəsi 1995-ci ildən həyata keçirilir və bu günədək 3179 tələbə bu mükafata layiq görülüb.

Mingəçevir Dövlət Universiteti olaraq tələbələrimizi təbrik edir, onlara gələcək təhsillərində və fəaliyyətlərində uğurlar arzulayırıq.