Ali təhsil ocağında Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
Mingəçevir Dövlət Universitetində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş “Xocalı – qan yaddaşımız” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
Mingəçevir Dövlət Universitetinin konfrans zalında keçirilən tədbirdə rektor Akif Hacıyev, universitetin professor-müəllim, tələbə heyətinin nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Konfransı açıq elan edən Mingəçevir Dövlət Universitetinin tərbiyə işləri üzrə prorektoru, dosent Rövşən Əliyev Xocalı soyqırımına ilk dəfə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verildiyini vurğulayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Xocalı soyqırımının 27-ci ildönümü haqqında” 5 fevral 2019-cu il tarixli Sərəncamdan, eləcə də həmin sənədin icrasından irəli gələn vəzifələrdən bəhs edib. Tarix boyu Azərbaycan xalqına qarşı törədilən deportasiyalar, soyqırımlar, terror aktları və insanlığa sığmayan vəhşiliklərlə törədilmiş xüsusilə ağır cinayətlər barədə konfrans iştirakçılarına ətraflı məlumat verən Rövşən Əliyev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdiyini bildirdi. Xocalı şəhərinə hücumundan, bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq şəhərə zirehli texnika yeridilməsindən, dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıqla divan tutulmasından danışan Rövşən Əliyev Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq və 70 qocanın xüsusi amansızlıqla qətlə yetirildiyini, 487 nəfər dinc sakinin ağır yaralandığını və 1275 nəfərin isə girov götürüldüyünü bildirib.
Sonra “Xocalı soyqırımına tarixi baxış” mövzusunda “Tarix müəllimliyi” ixtisasının tələbəsi Xədicə Abdullayeva cıxış edərək ötən əsrin 80-ci illərinin sonlarından məkrli erməni cəlladları tarixi tоrpaqlarımız hesabına “Böyük Ermənistan” yaratmaq məqsədilə zaman-zaman azərbaycanlılara qarşı qanlı cinayətlər törətdiyini, sоydaşlarımızı qətlə yetirib, repressiya və deportasiyaya məruz qoyduğunu, etnik təmizləmə aparıb, ərazilərimizin bir hissəsini işğal etdiklərini bildirdi. Nəticədə dəfələrlə xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qaldığını vurğuladı. Xədicə Abdullayeva Azərbaycan xalqına qarşı işğalçılıq və soyqırımı siyasətinin davamı olan Xocalı soyqırımının tarixi faktlarını xatırladaraq vurğulayıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni cəlladlarının Xocalıya hücumu zamanı azərbaycanlılar xüsusi qəddarlıqla qətlə yetirilib, öldürülənlər arasında yaşlı, qadın və uşaqlar da olub. Mülki əhali itkin düşüb, əsir götürülüb, ailələr büsbütün məhv edilib.
Sonra “Xocalı soyqırımının ədəbiyyatda təcəssümü” mövzusunda “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının magistrantı Könül Mustafayeva çıxış edərək bildirib ki, xalqımızın qədim, ulu soy-kökə malik olması hamıya aydındı. Torpağının zənginliyi həris nəzərləri daima özünə cəlb edib. Faciələrimizin başlanğıcı da məhz buradan başlayır. Faciələrimizin başlanğıcı həm də unutqanlığımızla başlayır. Düşmənin xəbis təbiətini tez unudub, bağışlamağımızla… Tarixən xalqımız ona qarşı yönələn hücumlarla və bu hücumların törətdiyi faciələrlə çox rastlaşıb. Amma Xocalı soyqırımı tarixin üz qarası, idraka, ağıla sığmayan faciəsidir ki, xalqımız onu yaşayıb. Bu həmçinin insanlığa qarşı törədilən cinayətdir. Könül Mustafayeva qeyd edib ki, ötən illər ərzində soyqırımın dünyaya çatdırılması istiqamətində xeyli iş görülüb. Bu mövzuda filmlər, çarxlar çəkilib, kampaniyalar aparılıb. KİV-də faciəni daim gündəmdə saxlayır. Təbii ki, bu ümumxalq faciəsi söz sənətində də öz ağrısını yaşayıb və yaşayacaqdır. Məruzəçi bildirib ki, Xocalı faciəsi ədəbiyyatımıza elə o gecədən – fevralın 25-dən 26-na keçən gecədən – səhəri olmayan gecədən boylandı. O gündən taleyimizə yazılan Xocalı yazısını yazmağa çalışırıq… Faciənin tanıdılmasında ədəbi əsərlərin də xüsusi rolu var. Könül Mustafayeva buraya ürək ağrısı ilə yazılan onlarla bədii əsər-şeir, poema, hekayə, roman, dram, publisistik məqalələr daxildir deyə bildirdi. Qeyd etdi ki, zənnimcə, dərdin, kədərin, ağrının miqdarını hesablamazlar. Elə mövzular var ki, onun haqqında yazmaq olmur. İnsanın ürəyi və hissi bu faciəyə tab gətirmir. Bu faciəni öz içərindən keçirib yazmaq çox çətindir. Yalnız bunu hiss edən, ruhunda yaşadan yazarlar bu mövzuda daha yaxşı yazarlar.
Sonra “Xocalıya ədalət” kampaniyası Xocalı soyqırımının tanıdılması istiqamətində ən uğurlu addımdır” mövzusunda “Tarix müəllimliyi” ixtisasının tələbəsi Vəfa Mustafazadə Ulu Öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtmasından sonra, onun təşəbbüsü ilə Milli Məclis Xocalı soyqırımına siyasi-hüquqi qiymət verdiyini qeyd etdi. Bildirdi ki, 2008-ci ildə isə Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasına start verildikdən sonra keçirilən ardıcıl tədbirlər, müxtəlif xarici ölkələrin siyasi və ictimai dairələri ilə aparılan izahat işləri nəticəsində Xocalı soyqırımı barədə həqiqətlərin dünyada tanıdılması geniş vüsət aldı. Bu sahədə səfirliklərimizin, diasporumuzun və xüsusilə də gənclərimizin, o cümlədən xaricdə təhsil alan tələbələrimiz əhəmiyyətli rol oynamışdır. Sözügedən kampaniyanın uğurları barədə faktlarla danışmaq olduğunu vurğulayan Vəfa Mustafazadə qeyd etdi ki, qısa müddət ərzində dünyanın müxtəlif qitələrindən 17 ölkə, eləcə də ABŞ-ın 22 ştatı, habelə 2 beynəlxalq təşkilat Xocalı soyqırımını tanıyan sənədlər qəbul etmişlər və bu proses davam etməkdədir. Bildirib ki, “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası soyqırımın ildönümləri ərəfəsində xüsusilə intensivləşsə də, əslində bu sıradan olan ayrı-ayrı tədbirlər bütün il boyu təşkil edilir.
Məruzələrdən sonra konfrans iştirakçılarına Xocalı soyqırımı faciəsinə həsr olunmuş “Əsrin faciəsi” videoçarxı nümayiş etdirilib.
Xocalı soyqırımının necə dəhşətli, insanlığa sığmayan bir faciə olduğunu dünya ictimaiyyəti bilsə də, heç kəs bu faciəni yaşamış, öz gözləri ilə görmüş, bir göz qırpımında, valideynlərini, qardaş bacılarını, yaxınlarını itirən insanlardan bu dəhşəti daha yaxşı anlaya bilməz.
Konfransda öz miqyasına və dəhşətlərinə görə dünyada analoqu az olan Xocalı soyqırımını görən Xocalı sakini, Mingəçevir Dövlət Universitetinin Tarix müəllimi Tahirə Quliyeva digər xocalılılar kimi 27 il öncə baş verən hadisələri ürək ağrısı və göz yaşları ilə xatırladı. Bildirdi ki, erməni şovinistləri bununla öz məqsədlərinə, Dağlıq Qarabağı ələ keçirmək və azərbaycanlılara qarşı ekstremizmi həyata keçirməyə nail oldu. Ermənilər və onların havadarları törətdiyi Xocalı faciəsi ilə bütün Azərbaycan xalqını sarsıtmış, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurmuşdur. Tahirə Quliyeva Xocalı uğrunda gedən döyüşlərdə qohumlarının əksəriyyətini itirmiş şəxsdir.
Sonra Xocalı faciəsini yaşamış daha bir şahid, Mingəçevir Dövlət Universitetinin Xarici dil müəllimi, o ağır və müdhiş günlərdə Xocalı şəhərində dərs deyən Mətanət İsmayılova çıxış edib. Mətanət İsmayılova evində qaldığı o dəhşətli, insanlığa sığmayan gecənin qurbanı olan Dilarə nənədən, qəhrəmancasına vuruşan müəllim yoldaşlarından və tələbələrindən ürək ağrısı ilə danışaraq, qəhərdən boğulurdu. Qeyd etdi ki, ermənilər xalqımıza elə dağ çəkib ki, onu unuda bilmərik. Müharibə olar, kişilər ön, qadınlar da arxa cəbhədə vuruşar. Amma Xocalı tarixdə görünməmiş müharibə idi. Bu müharibə deyildi, azğınlaşmış, qudurmuş bir kütlənin əliyalın insanların üzərinə hücumu idi. Bunu nə yuxuda görmüşük, nə də kitabdan oxumuşuq.
Sonda Mingəçevir Dövlət Universitetinin tərbiyə işləri üzrə prorektoru, dosent Rövşən Əliyev cıxış edərək bildirdi ki, əslində 1990-cı ilin 20 Yanvar qırğını Xocalı soyqırımının başlanğıcı idi. Qeyd etdi ki, Xocalı soyqırımı barədə həqiqətlərin dünyaya yayılması həm də Ermənistan-Azərbaycan münaqişəsi barədə ədalətli mövqeyimizin dəstəklənməsi baxımından əhəmiyyətlidir. Vurğuladı ki, eyni zamanda, Xocalı soyqırımı barədə məlumatlandırma və maarifləndirmə işində xalqımızın hər bir nümayəndəsi fəal iştirak etməlidir. Çünki bu, hamımızın ağrısıdır və hər bir azərbaycanlı istər Xocalı faciəsində, istərsə də ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və xoşbəxt gələcəyi uğrunda şəhid olanların ruhu qarşısında məsuliyyət daşıyır.
Qeyd edək ki, Xocalı soyqırımı haqqında reallığı özündə əks etdirən müxtəlif ədəbiyyatlar, qəzet və jurnallarda nəşr edilən materiallardan ibarət lövhələr tədbir iştirakşılarına nümayiş etdirilib.
{phocagallery view=category|categoryid=114|limitstart=0|limitcount=0}