Mingəçevir Dövlət Universitetində (MDU) Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) maliyyə dəstəyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən Azərbaycanda həyata keçirilən “Cənubi Qafqazda aztəminatlı məcburi köçkünlərin və yerli əhalinin iqtisadi və sosial inkişafı” proqramının (EPİC) ekspertləri Jalə Ələkbərova, Günel Mustafayeva və Nicat Qarayev ilə görüş keçirilib.
Görüşdən əvvəl, EPİC proqramı çərçivəsində MDU-da yaradılacaq Karyera Mərkəzinin fəaliyyəti üçün nəzərdə tutulan avadanlıqlar universitetə təqdim edilib.
Görüşdə MDU-nun rektoru Şahin Bayramov universitetin potensialının gücləndirilməsinə töhfə verən layihənin ərsəyə gəlməsinə dəstək göstərən qurumlara və onun icrasında iştirak edən şəxslərə təşəkkürünü bildirib.
Layihə çərçivəsində hazırda “Karyera məsləhətçiliyi” təlimlərinin uğurla davam etdiyini diqqətə çatdıran rektor karyera bələdçiliyi sahəsində bilik və bacarıqların artırılmasının gələcəkdə Karyera Mərkəzinin effektiv fəaliyyətinin təmin edilməsi baxımından əhəmiyyətindən danışıb.
Görüşdə layihənin mövcud gedişatı, növbəti mərhələlərdə görüləcək işlər və MDU-nun strateji hədəflərinə uyğun olaraq GIZ ilə potensial əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, 2020-ci ilin dekabrında MDU-da Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) texniki dəstəyi ilə “Karyera Mərkəzinin yaradılması və inkişafı” layihəsinin icrasına start verilib. Mərkəzin yaradılmasında əsas məqsəd əmək bazarında rəqabət qabiliyyətliliyin yüksəldilməsi, karyera seçimi və məşğulluq problemlərinin həlli, işəgötürənlərlə əlaqələrin yaradılması, ali təhsilin növbəti səviyyələrində təhsilin davam etdirilməsi və karyera inkişafı kimi vacib məsələlərdə təhsilalanlara və məzunlara köməklik göstərməkdir.