2023-cü ilin fevralın 21-də Mingəçevir Dövlət Universitetində (MDU) “Heydər Əliyev İli” çərçivəsində “Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş tədbir keçirilib.
MDU-nun Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkil etdiyi tədbirdə universitetin bir qrup gənc əməkdaşı, tələbə və magistrantlar iştirak ediblər.
Tədbirdə giriş sözü ilə çıxış edən KİM-in mütəxəssisi İlhamə Məmmədova “Beynəlxalq Ana Dili Günü” münasibətilə iştirakçıları təbrik edib və beynəlxalq səviyyədə qeyd edilən bu günün önəmindən söhbət açıb. Ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinin inkişafında göstərdiyi misilsiz xidmətlərdən bəhs edən İ.Məmmədova hazırda ana dilimizin qorunması və daha da zənginləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsinin diqqət mərkəzində saxlanıldığını bildirib.
Sonra, MDU-nun Humanitar fənlər kafedrasının müəllimlərindən Könül Aydın “Ana dilinin tədrisində qarşıya çıxan çətinliklər”, Səbinə Novruzova “İbtidai siniflərdə ana dilini sevdirməyin yolları” və Səadət Ağakişiyeva “Ana dilimizi qoruyaq!” mövzularında məruzələrlə çıxış ediblər.
Maraqla qarşılanan məruzələr ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.