2024-cü ilin 15-17 may tarixlərində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Bakı Ekspo Mərkəzində “Caspian Agro 2024” XVII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və “İnterFood Azerbaijan” sərgiləri keçirilib. Tədbirdə 38 ölkədən 500-ə yaxın şirkət iştirak edib.
“Caspian Agro 2024” Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi çərçivəsində ilk dəfə ilin ən böyük “hakaton” yarışması olan “GreenAgroHack” yarışması keçirilib.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin, Azərbaycan Texniki Universitetinin, “Bilişim Vadisi Bakı Mərkəzi”nin təşkilatçılığı və bir sıra startap ekosisteminin oyunçularının tərəfdaşlığı ilə keçirilən hakatonun əsas məqsədi innovasiyalardan və rəqəmsal texnologiyalardan istifadə etməklə aqrar sahədə məhsuldarlığın yüksəldilməsinə, aqrar idarəetmənin təkmilləşdirilməsinə və gənclər arasında bu sahəyə marağın artırılmasına nail olmaqdır. Bu baxımdan hakatonda iştirak edən komandalara öz startap ideyalarını hakatonun təşkilat komitəsi tərəfindən müəyyənləşdirilmiş, kənd təsərrüfatının 10 əsas spesifik sahəsi üzrə formalaşdırmaları ilə bağlı tapşırıq verilib.
Bu il Azərbaycanda keçiriləcək “COP29” tədbirinə görə hakaton yarışması üçün 29 saat 29 dəqiqə, 29 saniyə vaxt ayrılıb. Hakatona 19 ali təhsil müəssisəsi və 5 orta məktəb iştirakçıları qatılıb. 16 mayda yekunlaşan hakaton yarışmasında 4 komanda qalib olub və müxtəlif pul mükafatları ilə təltif edilib.
Hakatonda iştirak edən “Remote Livestock” komandasını Mingəçevir Dövlət Universitetinin əməkdaşı Nurlan Əzizli, iki tələbəsi Elşad Əmrahov, Namiq Qədimli, Azərbaycan Tibb Universitetinin tələbəsi Nərmin Məmmədyarova, Azərbaycan Texniki Universitetinin tələbəsi Sahib Əsgərov təmsil edib. Komandanın təklif etdiyi layihə maldarlıq sahəsində süni intellektin tətbiqi ilə südlük mal-qarada buzov ölümünün qarşısını alan və mal qaranın otlama, yerimə vərdişlərini ölçən kamera sisteminin inkişaf etdirilməsi olub.
Hakatonun unikal cəhəti təşkilat komitəsi tərəfindən təqdim edilən 10 həll istiqamətində sərgidə yüzlərlə şirkətin yer alması olmuşdur.
Bu fürsətdən yararlanan “Remote Livestock” komandası təklif etdiyi həll istiqamətində 20-yaxın şirkətlə görüşüb və həmin şirkətlərin nümayəndələri ilə sorğu aparıb. Müxtəlif şirkətlərlə keçirilən sorğunun məqsədi təklif olunan layihənin həllinin nə qədər real olduğunu və bu həllin mövcud problemlərə cavab verib vermədiyini müəyyən etmək olub.
Komandanın təklif etdiyi layihə bir çox şirkət tərəfindən maraqla qarşılanıb. İki şirkət; “MDC Tarım” və “AfiFarm” tərəfindən isə layihənin gələcəkdə inkişafı istiqamətində dəstək göstərilməsini (konsultasiya, mütəxəssis cəlbi və laboratoriya dəstəyi) təklif edilib.
Sərgidə sorğu aparılan şirkətlərə, eləcə də hakaton zonasını ziyarət edənlərə Mingəçevir Dövlət Universiteti, universitetin 2030-cu ilə qədər müyyən etdiyi İnkişaf Strategiya sənədi, eləcə də startap ekosisteminin inkişafı istiqamətində universitetdə görülən işlər haqqında məlumat verilib.