“Azərbaycan Müəllimi” qəzetində MDU-nun “Məzun günü – 2020” tədbiri barədə geniş yazı dərc olunub
2019-2020-ci tədris ilində bakalavr və magistratura səviyyələri üzrə 450-yə yaxın gənc məzun oldu.
İyunun 29-da Mingəçevir Dövlət Universitetində (MDU) “Məzun günü – 2020” tədbiri keçirilib. “Zoom” platforması üzərindən online formatda keçirilən tədbirdə cari tədris ilində MDU-dan məzun olan tələbələr və magistrantlar, eləcə də valideynlər və universitetin əməkdaşları iştirak ediblər. “Məzun günü – 2020” tədbirinin iştirakçılarını salamlayan MDU-nun rektoru Şahin Bayramov 2019/2020-ci tədris ilində bakalavriat və magistratura səviyyələri üzrə ümumilikdə 450-yə yaxın gəncin universitetdən məzun olduğunu bildirib, bütün məzunları, onların müəllimlərini və valideynlərini təbrik edib. Rektor məzunların öz müəllimlərindən əldə etdikləri biliklərin təcrübi bacarıqlarla zənginləşdirilməsində mühüm rol oynamış MDU-nun tərəfdaşlarına təşəkkürünü bildirib.
2020-ci ilin MDU ailəsinin hər birinin həyatına yeniliklər gətirdiyini qeyd edən Ş.Bayramov yeni çağırışlarla qarşılaşdığımız bir zamanda universiteti bitirən məzunların əsl fədakarlıq göstərdiklərini vurğulayıb. Rektor hazırda dünyamızın sınaq qarşısında olması və hamılıqla gözəgörünməz düşmənlə mübarizə aparılması səbəbindən gənclərin ürəyincə olan, yeniliklərlə zəngin “Məzun Günü” keçirə bilmədiklərini diqqətə çatdırıb. Universitetin doğma divarları arasında keçirməyi arzu etdikləri “Məzun günü”nün daha möhtəşəm ola biləcəyini deyən rektor tədbiri mövcud informasiya texnologiyalarının yaratdığı imkanlardan faydalanmaqla keçirmək qərarını verdiklərini bildirib. Universitet məzunu olmağın böyük nailiyyət və əhəmiyyətli uğur olduğunu qeyd edən Şahin Bayramov bu uğurun əldə olunmasında yardımçı olmuş müəllimləri və məzunların ailə üzvlərini də təbrik edib, onlara təşəkkürünü bildirib.Təhsil aldıqları müddətdə MDU ailəsinin üzvünə çevrilən tələbələrin bundan sonra həmin ailədə məzun statusunda təmsil olunacaqlarını qeyd edən rektor bu ailənin professor-müəllim heyəti, tələbələr, magistrantlar və məzunlar üçün ortaq dəyər olduğunu vurğulayıb. O, bu dəyəri qorumaq, bu dəyəri uca tutmaq və bu dəyərə layiq olmaq üçün MDU ailəsinin bütün üzvlərinin üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb.
Ş.Bayramov cari tədris ilinin məzunlarının universiteti innovasiyaların rolunun kəskin artdığı, dördüncü sənaye inqilabının başlandığı, süni intellektin sürətlə inkişaf etdiyi və rəqəmsal texnologiyaların həyatımıza güclü nüfuz etdiyi bir dövrdə bitirdiklərini bildirib. O, məzunların milli və beynəlxalq əmək bazarında rəqabət mübarizəsinin kəskin xarakter aldığı, qlobal dünyamızın mövcud nizamının sürətlə dəyişdiyi və hər birimizin yaşam tərzinin durmadan yeniləndiyi bir vaxtda universitet məzunu olduqlarını da deyib. Rektor gənclərin doğma Azərbaycanımızın davamlı inkişaf etdiyi, ölkəmizdə insan kapitalının əhəmiyyətinin sürətlə artdığı və post-neft dövrünün reallıqlarından irəli gələn çağırışların gücləndiyi bir dövrdə universitet məzunu olduqlarını da əlavə edib.
MDU-da əldə etdikləri biliklər, qazandıqları kompetensiyalar və topladıqları təcrübə sayəsində məzunların yeni dövrün tələblərinə uyğun yüksək ixtisaslı mütəxəssis kimi formalaşdıqlarını qeyd edən Ş.Bayramov hər bir məzunu öz daxilində olan yüksək potensialın fərqində olmağa, həmin potensialı üzə çıxarmaq üçün daim çalışmağa, hər bir şəxsin potensialının onun xəyalları qədər olmasını unutmamağa və xəyallarını reallığa çevirməyə yetərli olan gücünün olmasına daim inanmağa çağırıb.
Ş.Bayramov məzunları qarşılarına real məqsədlər və əlçatan hədəflər qoymağa, professional inkişaf yollarını məhz həmin hədəflərə uyğun qurmağa, bu zaman səhv etməkdən qorxmamağa və səhvlərin onları uğura aparan yolda olmasına inanmağa dəvət edib. Rektor bu yolda bütün məzunlara cəsarət, əzmkarlıq və özünəinam arzulayıb.
Ş.Bayramov məzunlara gənclik enerjisini düzgün qiymətləndirməyi, zamanın dəyərini bilməyi, universiteti bitirməyin biliklər əldə etməyin bitməsi demək olmadığı fikrini əsas götürməyi və “öyrənəcəklərim öyrəndiklərimdən hər zaman çoxdur” yanaşmasını unutmamağı tövsiyə edib. Məzunların bilik və təcrübəsinin daim artırılmasının vacibliyini qeyd edən rektor bu işdə MDU-nun onlara daim dəstək göstərməyə hazır olduğunu bildirib. O, məzunları müəllim, iqtisadçı və mühəndis kimi fəaliyyət göstərəcəkləri qurumlara, ziyalı kimi isə yaşadıqları cəmiyyətə faydalı olmağa, ən əsası isə xalqımıza, dövlətimizə və vətənimizə layiq vətəndaş olmağa çağırıb.
Cari tədris ilinin əvvəlindən başlayaraq MDU-da hamılıqla yeni bir missiyaya start verdiklərini vurğulayan rektor hazırda universitetin sürətlə dəyişdiyini, yeniləndiyini və müasirləşdiyini diqqətə çatdırıb. O, bir qədər fərqli reallıqlar şəraitində başa vurduqları tədris ili ərzində sonuncu kurs tələbələri və magistrantların da fəal iştirakı ilə MDU-nun strateji hədəflərinə doğru inamlı addımlar atdıqlarını bildirib.
Onlayn tədbirdə “Məzun Günü – 2020” tədbirinin iştirakçılarına video-təbriklər nümayiş olunub. Universitetin məzunlarını, rəhbərliyini və professor-müəllim heyətini Azərbaycan Respublikasının Təhsil Nazirliyi adından salamlayan Təhsil nazirinin müavini Firudin Qurbanov MDU-nu uğurla bitirən bütün məzunlara səmimi təbriklərini çatdırıb və onlara gələcək həyatlarında uğurlar diləyib. Gənclərin ali təhsil müəssisəsindən ölkəmizin sürətlə inkişaf etdiyi bir dövrdə məzun olduğunu qeyd edən F.Qurbanov paytaxtla yanaşı regionlarda da müasir tələblərə cavab verən universitetlərin fəaliyyət göstərdiyini və MDU-nun məhz belə universitetlərdən biri olduğunu vurğulayıb. Nazir müavini cari tədris ili ərzində MDU-da müsbət dəyişikliklərin baş verdiyini və uğurlu islahatların aparıldığını da diqqətə çatdırıb.
Tədbirdə video-formatda çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov hazırda ölkə başçısının birbaşa rəhbərliyi ilə ölkəmizdə koronavirus (COVID-19) pandemiyasına qarşı məqsədyönlü mübarizə tədbirlərinin həyata keçirildiyini bildirib. Mövcud şəraitdə MDU-da “Məzun günü” tədbirinin online formatda keçirilməsini alqışladığını qeyd edən İ.İsmayılov məzunları təbrik edib və onların layiqli mütəxəssis kimi Azərbaycanımızın inkişafına töhfələr verməsini arzulayıb.
Məzunları təbrik edən Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev MDU-dan məzun olan gənclərin müstəqil Azərbaycan dövlətinin gələcəkdə daha sürətli inkişafı üçün var güclərilə çalışacaqlarına inandığını bildirib. Məzunların öz potensiallarını gerçəkləşdirməklə gələcək həyatlarını uğurla quracaqlarını qeyd edən B.Əliyev onların MDU-da aldıqları bilik və bacarıqların müstəqil dövlətimizin daha da güclənməsinə xidmət edəcəyinə əminliyini vurğulayıb. O, məzunlara həm öz adından, həm də Milli Məclisin Elm və təhsil komitəsi adından uğurlar arzulayıb.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı, MDU-nun məzunu Tahir Məmmədov növbəti dərs ilinin bitməsi münasibətilə universitetin məzunlarını və müəllimlərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, regionun ən güclü və dinamik inkişaf edən dövləti kimi Azərbaycanın daha böyük hədəflərinin olduğunu və hazırda neft ölkəsindən qeyri-neft ölkəsinə transformasiya olunduğunu bildirib. Bu prosesdə insan resurslarının mühüm rol oynadığını qeyd edən T.Məmmədov MDU məzunlarının dövlətimizin və cəmiyyətimizin inkişafına böyük töhvələr verəcəyinə inandığını bildirib.
Azərbaycan Respublikası Milli Məclisinin Mingəçevir şəhərindən seçilən deputatı Aydın Mirzəzadə məzunları təbrik edib və MDU-nun keçdiyi inkişaf yoluna yaxşı bələd olduğunu bildirib. Vaxtilə MDU-da dərs dediyini qeyd edən millət vəkili hazırda bu universitetin ölkəmizin tanınan və öz nüfuzunu günü-gündən artıran ali təhsil müəssisələri sırasında olduğunu vurğulayıb. A.Mirzəzadə MDU məzunlarının hazırda Mingəçevir şəhərinin və ölkəmizin ictimai-siyasi həyatında və iqtisadi quruculuğunda fəal iştirak etdiklərini diqqətə çatdırıb. O, qədəm qoyduqları yeni həyatın məzunlardan bilik, yenilik, vətənpərvərlik, tariximizə və milli dəyərlərimizə bağlılıq tələb etdiyini bildirib.
“Azərbaycan İES” MMC-nin direktoru Təhmasib Hüseynov, Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzinin direktoru Elxan Cəfərov, Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, “Mingəçevir Tekstil” MMC-nin direktoru Mehman Hüseynov, Mingəçevir şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru, MDU-nun İctimai Nəzarət Şurasının üzvü Ədalət Quliyeva, “Mingəçevir işıqları” qəzetinin baş redaktoru, MDU-nun İctimai Nəzarət Şurasının üzvü Fərman Nəbiyev, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin direktoru Tural Kərimov, Mingəçevir Yüksək Texnologiyalar Parkı nəzdində “SİMBİOZ” Texnoloji Biznes İnkubatorun koordinatoru Orxan Nadirov, valideynlər Vəfa Hacıyeva, Sadəddin Cəfərov, Elşad Hacıyev bütün məzun olan gəncləri və universitetin professor-müəllim heyətini təbrik, onlara yeni-yeni uğurlar arzu ediblər.
Tədbirdə çıxış edən məzunlar Kəmalə Hacıyeva, Məhəmməd Kərimov, Elsəvər Cəfərov, Günel Məmmədova və Könül Aydın MDU məzunu olmaqdan qürur duyduqlarını, müasirləşməkdə olan doğma universitetlərini layiqincə təmsil etməyə çalışacaqlarını və onların üzərində böyük əməkləri olan müəllimlərinə daim minnətdar olacaqlarını bildiriblər.
Daha sonra təhsil müddətində yüksək akademik göstəricilər göstərmiş və MDU-nun ictimai həyatında fəal rol oynamış bir qrup məzunun MDU-nun Fəxri Fərmanı ilə təltif olunması barədə rektorun müvafiq əmri oxunub.
Tədbirin sonunda məzunların MDU haqqında təəssüratlarını əks etdirən video-çarxlar və MDU tələbələri tərəfindən məzunları təbrik məqsədilə hazırlanmış video-musiqilər nümayiş etdirilib. MDU-dan məzun olan Bağdagül Baliyeva və İranə Budulovanın iştirakı ilə çəkilmiş “MDU Məzunu 2020” video-klipi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.