“Azərbaycan müəllimi” qəzetinin 24 iyul 2020-ci il tarixli buraxılışında rektor Şahin Bayramovun məqaləsi dərc olunub
Mingəçevir Dövlət Universiteti: modernləşməyə doğru
Azərbaycan müəllimi, 24 iyul 2020-ci il
Davamlı dövlət dəstəyi
Başa çatan tədris ili milli ali təhsilimizin inkişafında yeni bir mərhələ olmaqla ilk növbədə dördüncü sənaye inqilabının başlanması, rəqəmsal texnologiyaların sürətli inkişafı və davam etməkdə olan qlobal pandemiya ilə şərtlənən müasir reallıqlar və yeni çağırışlarla xarakterizə oluna bilər. Təbii ki, əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla reallaşdırılan və yeni dövrün tələblərinə uyğun davamlı inkişaf etdirilən dövlət siyasətinin məzmununda ali təhsilin prioritet əhəmiyyət daşıması xüsusi vurğulanmalıdır.
Ölkə başçısının Bakı Dövlət Universitetinin 100 illik yubiley mərasimində proqram xarakterli tarixi çıxış etməsi və bütün ali təhsil müəssisələri qarşısında müvafiq istiqamətlər üzrə konkret vəzifələr qoyması cari tədris ilində ali təhsilimizin ən mühüm hadisəsi kimi qiymətləndirilməlidir. Həmin çıxışda ölkədə yüksək ixtisaslı kadr hazırlığının Azərbaycanın potensial sosial-iqtisadi inkişaf perspektivləri, milli-mənəvi dəyərlər və vətənpərvərlik tərbiyəsi kimi mühüm amillər nəzərə alınmaqla müasirləşdirilməsi və təkmilləşdirilməsinin vacibliyi bəyan edilmişdir.
Bütün dünyanı bürüyən COVID-19 infeksiyası ilə qlobal mübarizə getdiyi şəraitdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və ali təhsil müəssisələri tərəfindən birgə həyata keçirilən tədbirlər, eləcə də müvafiq normativ-hüquqi aktlara edilən müvəqqəti dəyişikliklər ali təhsildə davamlılığın təmin olunmasına və tədris ilinin uğurla başa çatdırılmasına imkan vermişdir. Məsafədən təhsilin tətbiqinə başlanılması ali təhsilin tədris, elmi tədqiqat, idarəetmə, beynəlxalq əməkdaşlıq və digər komponentləri üzrə fəaliyyətin məzmununda yeni xüsusiyyətlərin yaranmasını şərtləndirmişdir.
MDU-nun müasirləşən profili
Strateji hədəf və prioritet istiqamətlər
2019/2020-ci tədris ilində Mingəçevir Dövlət Universitetində (MDU) həyata keçirilən kompleks tədbirlər ilk növbədə əsas strateji hədəfə – paytaxt səviyyəli ali təhsil müəssisəsinə çevrilmək məqsədinə çatmaq yolunda irəliləyişə nail olmağa hesablanmışdır. Bu zaman milli ali təhsilimizdə müşahidə olunan inkişaf trendləri, beynəlxalq ali təhsil məkanında baş verən dəyişikliklərə əsaslanan yeni çağırışlar, eləcə də universitetin mövcud durumu və potentsial imkanları əhəmiyyətli dərəcədə nəzərə alınmışdır.
Müasir tədris texnologiyalarının, innovativ təlim metodlarının və çevik universitet idarəetmə mexanizmlərinin tətbiqi MDU-nun milli ali təhsilimizin ümumi xəritəsindəki mövqeyinin gücləndirilməsini, onun Mingəçevir şəhəri və ətraf rayonların sosial-iqtisadi inkişafına daha çox töhfələr verməsini hədəfləyir. Bütün bunlara nail olmaq üçün mövcud şərtlər kontekstində tədrisin keyfiyyətinin yüksəldilməsi, elmi fəaliyyətin səmərəliliyinin artırılması, maddi-texniki bazanın gücləndirilməsi, professor-müəllim və inzibati-texniki heyət üzvlərinin sosial rifahının yaxşılaşdırılması, yerli və xarici universitetlərlə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, özəl və dövlət qurumları ilə səmərəli işbirliyinin yaradılması prioritet istiqamətlər olaraq seçilmişdir. Həmin istiqamətlər üzrə fəaliyyətin təşkilində qısamüddətli, ortamüddətli və uzunmüddətli perspektivlər nəzərə alınır və fərqləndirilir. Bu bölgü sayəsində bütün cari imkanlardan və mövcud kadr potensialından daha effektiv istifadə mümkün olmuşdur.
Əsaslandırılmış qərarlar və inamlı addımlar MDU-nun yerləşdiyi regionda ümumi ekosistemin mühüm aktorlarından birinə çevrilməsi istiqamətində mühüm inkişaf əldə olunmasına imkan vermişdir. Məhz bu amil həm universitetin populyarlığının və cəlbediciliyinin artmasına, həm də əmək bazarının sürətlə dəyişən tələblərinə cavab verən yüksək ixtisaslı kadr hazırlığının keyfiyyətinin yüksəlməsinə dəstək vermişdir.
Kadr hazırlığı, tələbə və müəllim heyəti
Başa çatan tədris ilində universitetdə iqtisadiyyat, mühəndislik və pedaqoji profilləri əhatə edən 23 ixtisas (bakalavriat) və 12 ixtisaslaşma (magistratura) üzrə kadr hazırlığı həyata keçirilmişdir. 3 fakültənin, 10 kafedranın mövcud olduğu universitetdə ümumilikdə 2400-dən artıq tələbə və magistrant təhsil almışdır. 6 tələbə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərmişdir.
Bütövlükdə 300-dən artıq əməkdaşı olan universitetdə 185 professor-müəllim heyəti üzvü çalışır ki, onlardan 61 nəfərin müvafiq istiqamətlər üzrə elmi dərəcəsi, 41 nəfərin isə elmi adı vardır. Hesabat dövründə 1 əməkdaş elmi dərəcə, 1 əməkdaş isə elmi ad almışdır.
Tədris prosesində məzmun və forma dəyişikliyi
Çevik qərarlar, struktur islahatları
İlk dəfə olaraq MDU-da tədris ilinə hazırlıqla bağlı müvafiq əmr verilmişdir. Mövcud qanunvericiliyin tələbləri və aparıcı universitetlərin müsbət təcrübəsi əsasında hazırlanmış əmrdə müvafiq struktur bölmələrinə tədris prosesinin təşkilinə dair konkret tapşırıqlar verilmişdir. Dekanlıqlar, kafedralar və Tədris şöbəsi arasında funksional iş bölgüsünün dəqiq aparılması tədrisin təşkilində səmərəliliyin artırılmasına səbəb olmuşdur.
Struktur islahatları çərçivəsində yeni yaradılan Tədris şöbəsi innovativ yönümlü təhsilin təşkili, proqnozlaşdırılması və planlaşdırılması, keyfiyyətin monitorinqi və qiymətləndirilməsi, tələbələrin qeydiyyatı və hərəkəti, məzunlarla iş, karyera, tyutor xidmətinin yenilənməsi, tədrisə dair sənədləşmələrin sistemləşdirilməsi sahəsində mühüm rol oynamışdır. Şöbənin nəzdində tədrisin təşkili, keyfiyyət təminatı və təcrübə-karyera istiqamətləri üzrə müvafiq bölmələrin yaradılması MDU-da tədris idarəçiliyi mexanizmini əhəmiyyətli dərəcədə təkmilləşdirmişdir.
Tədrisin Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramları”nın və Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın tələbləri əsasında təşkili təmin edilmişdir. Yeni təlim texnologiyalarından istifadə, interaktiv dərslərin keçirilməsi üçün elektron avadanlıqlarla təminat, dərslik, dərs vəsaiti və mühazirə mətnlərinin hazırlanması, cari və aralıq qiymətləndirmənin obyektiv və şəffaf keçirilməsi istiqamətində atılan addımlar öz müsbət nəticələrini artıq payız imtahan sessiyasında vermişdir.
Magistratura təhsilinə fərqli yanaşma
MDU-da magistratura təhsilinin məzmununun yenilənməsinin vacibliyi və doktorantlarla işin səmərəliliyinin yüksəldilməsi zəruriliyi nəzərə alınmaqla, struktur islahatları çərçivəsində Magistratura və doktorantlarla iş şöbəsinin yaradılması faydalı olmuşdur. Qısa müddət ərzində magistratura səviyyəsində dərslərin təşkili, dərs cədvəllərinin müəyyən edilməsi, magistrantların dərsə davamiyyəti, dissertasiyaların yazılması, elmi və pedaqoji təcrübənin təşkili ilə bağlı çatışmazlıqlar aradan qaldırılmışdır.
Qlobal pandemiya, adekvat reaksiya və məsafədən təhsil
Tədrisin davamlılığının təmin olunması
Pandemiya şəraitində universitetin əsas vəzifəsi tədris prosesində davamlılığın təmin edilməsindən ibarət olmuşdur. Kollektivin məqsədyönlü fəaliyyəti və Təhsil Nazirliyi tərəfindən göstərilən davamlı dəstək nəticəsində MDU bu vəzifənin öhdəsindən gələ bilmişdir. Bütün mümkün online kommunikasiya alətlərindən istifadə, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, infrastruktur imkanların və kadr potensialının səfərbər olunması sayəsində universitetdə tədrisin məsafədən təşkili mümkün olmuşdur.
Online və offline dərslər
Cari ilin 17 mart tarixindən etibarən dərslərin “ZOOM” platforması üzərindən online formatda və Youtube kanalı üzərindən təqdim olunan “Videodərslər” vasitəsilə offline rejimdə təşkilinə start verilmişdir. 6 aprel tarixindən etibarən isə Təhsil Nazirliyinin dəstəyi ilə dərslərin “Microsoft Teams” platforması üzərindən də keçirilməsinə başlanılmışdır. Nəticədə, 17 mart-31 may tarixlərində “ZOOM” platforması üzərindən 1504 online dərs keçirilmişdir. Bundan başqa, 6 aprel-31 may tarixlərində “Microsoft Teams” platforması üzərindən 2255 məsafədən dərs təşkil olunmuşdur. Beləliklə, hər iki platforma üzərindən birlikdə 200-dən çox fənn üzrə 3759 virtual dərs keçirilmişdir. Əlavə olaraq, 17 mart-31 may tarixlərində müəllimlər tərəfindən hazırlanmış 710 “videodərs” Youtube kanalında ümumilikdə 100 min dəfədən çox izlənilmişdir.
Hər üç metod üzrə götürdükdə MDU-da müəllimlərin 90%-dən çoxu, tələbələrin 80%-dən çoxu, yaz semestrində tədris olunan fənlərin isə 100%-i məsafədən təhsilə cəlb olunmuşdur. Qiyabi şöbə üzrə bütün dərslər də online formatda təşkil edilmişdir.
MDU tarixində ilk online imtahan sessiyası
Yaz semestrinin imtahan sessiyası Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” 18 may 2020-ci il tarixli 179 nömrəli Qərarı, Təhsil Nazirliyinin 20 may 2020-ci il tarixli 01-11-522/15 nömrəli və 22 may 2020-ci il tarixli 04-11-531/15 nömrəli məktubları, MDU-nun Elmi Şurasının 22 may 2020-ci il tarixli 43 nömrəli Qərarı ilə təsdiq olunmuş “Mingəçevir Dövlət Universitetində 2019/2020-ci tədris ilinin yaz semestrində imtahan sessiyasının təşkili Qaydaları” əsasında təşkil edilmişdir.
Qaydalara əsasən imtahan sessiyasının ilk dəfə olaraq “Microsoft Teams” platforması üzərindən online formada şifahi qaydada keçirilməsi qərara alınmışdır. Tələbənin aralıq qiymətləndirilməsi hər biri 10 bal olmaqla 5 suala verilən cavab əsasında həyata keçirilmişdir. Tələbənin cari qiymətləndirilməsinin nəticəsi isə onun aralıq qiymətləndirilməsinin nəticəsinə bərabər götürülmüşdür.
Online imtahan modeli
Sessiyaya hazırlıq istiqamətində görülmüş kompleks tədbirlər və müvafiq əmr əsasında struktur bölmələr arasında aparılmış sistemli funksional bölgü bütövlükdə imtahan prosesinin operativ və çevik şəkildə idarə edilməsinə imkan vermişdir. Qanunvericiliyə edilən dəyişikliklərin yaratdığı imkanlar, karantin dövrünün xüsusiyyətləri və məsafədən tədrisin reallıqları nəzərə alınmaqla, imtahan sessiyasında çoxsaylı güzəştlər tətbiq edilmişdir. Eyni zamanda, universitetin akademik heyəti tərəfindən “Microsoft Teams” və “ZOOM” platformaları üzərindən keçirilən online dərslər və Youtube kanalı üzərindən təqdim olunan “videodərslər” də tələbə və magistrantların müvafiq fənlər üzrə zəruri bilik və bacarıqları əldə etməklə imtahanları uğurla verməsinə ciddi əsaslar yaratmışdır.
İmtahan sessiyasının obyektiv, şəffaf və mütəşəkkil keçirilməsində universitetin akademik və inzibati heyəti, “İmtahan Qərargahı”nın, müəllimlərdən ibarət “İmtahanlara dəstək qrupu”nun və gənc əməkdaşlardan ibarət “Texniki dəstək qrupu”nun üzvləri fəal iştirak etmişlər.
Məsafədən apellyasiya, “İmtahan könüllüləri” layihəsi
Tələbə, magistrant və valideynlərin imtahanlarla bağlı müraciətlərinə operativ baxılmasında və təhsilalanların biliyinin obyektiv qiymətləndirilməsinin təmin olunmasında “Apellyasiya Komissiyası” mühüm rol oynamışdır. “Könüllülər ili” elan edilmiş 2020-ci ildə ilk dəfə olaraq MDU-da reallaşdırılan “İmtahan könüllüləri” layihəsinə qoşulan könüllü sonuncu kurs tələbələri imtahan prosesində çevikliyin təmin olunmasına mühüm töhfələr vermişlər. Sevindirici haldır ki, tələbə, magistrant, valideyn və ictimaiyyət nümayəndələrindən MDU-da məsafədən keçirilən dərslər və imtahanlardan məmnunluq ifadə edilən çoxsaylı müraciətlər daxil olmuşdur.
İmtahan sessiyası rəqəmlərdə
Sessiya ərzində ümumilikdə 646 imtahanda bakalavriat səviyyəsində I-III kurslarda, magistratura səviyyəsində isə I kursda təhsil alan 1900-dən artıq tələbə və magistrant iştirak etmişdir. Sevindirici haldır ki, ilk dəfə məsafədən keçirilən imtahanlarda faktiki olaraq bütün tələbələrin və magistrantların iştirakı təmin olunmuşdur. Ən əsası isə, imtahanlarda iştirak edənlərin demək olar ki, hamısı müvəffəq qiymət almışdır.
Yaz imtahan sessiyasının nəticələrinə əsasən universitet üzrə bakalavriat səviyyəsində müvəffəqiyyət göstəricisi 99.3%, keyfiyyət göstəricisi isə 27.5% olmuşdur. Qeyd etmək lazımdır ki, payız imtahan sessiyasının nəticələrinə əsasən sözügedən göstəricələr müvafiq olaraq 80.9% və 16.9% təşkil etmişdir. Yaz imtahan sessiyasında magistratura səviyyəsində müvəffəqiyyət göstəricisi 100%, keyfiyyət göstəricisi isə 85% olmuşdur. Anoloji olaraq, payız imtahan sessiyasında həmin göstəricilər müvafiq olaraq 98.4% və 64% təşkil etmişdir.
Magistrlik dissertasiyalarının online müdafiəsi
Magistrlik dissertasiyalarının müdafiəsi ilk dəfə olaraq “Microsoft Teams” platforması üzərindən online formatda təşkil olunmuşdur. 11 ixtisas üzrə magistrlik dissertasiyaları müdafiə edən 36 magistrantın hamısı müvəffəq qiymət almış, 31 magistrantın nəticəsi yüksək balla qiymətləndirilmişdir. 13 magistrant MDU-nu fərqlənmə diplomu ilə bitirmişdir.
Elmi tədqiqat fəaliyyətində yeni yanaşma
Ənənəvi elmi tədqiqatların müasirləşdirilməsi tələbi
Tədris ili ərzində elmi tədqiqatların məzmununun təkmilləşdirilməsinə, bu sahədə müasir metodlardan istifadənin artırılmasına və elmi fəaliyyətin nəticəyönümlülük yanaşması üzərində qurulmasına xüsusi diqqət yetirilmişdir.
Ənənəvi formada kafedralar tərəfindən reallaşdırılan elmi fəaliyyət çərçivəsində hesabat dövründə MDU-da dörd elm sahəsi üzrə (təbiət elmləri, texniki elmlər, ictimai elmlər, humanitar elmlər) ümumilikdə 13 problemə dair 37 mövzunu əhatə edən 101 elmi iş yerinə yetirilmişdir. Akademik heyətin hamısının cəlb edildiyi bu tədqiqatların keyfiyyətinin ölçüləbilən meyarlar nəzərə alınmaqla yüksəldilməsi əsas tələb kimi qoyulmuşdur və bu prosesdə yeni yaradılmış Elm və innovasiyalar şöbəsi mühüm rol oynamağa başlamışdır.
Alimlərin sayının artırılması səyləri
Gənc əməkdaşların və magistraturanı bitirən məzunların elmi fəaliyyətlə məşğul olması üçün imkanlar artırılmış və stimullaşdırıcı tədbirlər həyata keçirilmişdir. 2019-cu ildə Təhsil Nazirliyinin dəstəyi ilə digər universitetlərin doktorantularında MDU üçün 15 məqsədli yer ayrılmışdır. Hazırda universitetin 27 əməkdaşı fəlsəfə doktoru proqramı, 5 əməkdaşı isə elmlər doktoru proqramı üzrə ölkəmizin müxtəlif ali təhsil müəssisələrində və AMEA-nın sahə institutlarında dissertant və doktorantdır. Fəlsəfə doktoru proqramı üzrə 14 nəfər əsasən müdafiəyə hazırdır və müvafiq müdafiə şuralarının fəaliyyətə başlamasını gözləyir.
RDI Layihəsindən faydalanmaq cəhdləri
Tədqiqat bacarıqlarının inkişaf etdirilməsi kontekstində, Təhsil Nazirliyi tərəfindən icra edilən və Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” (RDI) layihəsinin ekspertləri tərəfindən MDU-da təşkil olunan “Beynəlxalq elmi jurnallarda məqalələrin yazılması” mövzusunda seminar çox faydalı olmuşdur. Bundan başqa, MDU əməkdaşları sözügedən layihə çərçivəsində “Elmi işlərin yazılması və nəşri”, “Tədqiqat metodologiyası”, “Verilənlərin təhlili, emalı və idarə edilməsi”, “Texnoloji transfer və kommersiya”, “Sahibkarlıq və startap“, “Open Access” mövzularında keçirilmiş təlimlərə də qatılmışlar.
Tədris ilinin mühüm elmi tədbirləri
Uğurlu respublika elmi konfransı
6-7 dekabr tarixlərində MDU-da təşkil olunan “Şəxsiyyət, cəmiyyət, dövlət: qarşılıqlı münasibətlərə müasir yanaşmalar” mövzusunda respublika elmi konfransı ali təhsil və elm ictimaiyyətinin böyük marağına səbəb olmuşdur. 9 elmi istiqaməti əhatə edən konfransa 22 ali təhsil müəssisəsindən, AMEA-nın 16 sahə elmi-tədqiqat institutundan və 5 digər təşkilatdan 3 bölmə (Humanitar; İqtisadiyyat və idarəetmə; Texnika və ekologiya) üzrə ümumilikdə 300-ə yaxın məqalə və tezis daxil olmuşdur. 700 səhifəlik kitab şəklində dərc edilmiş konfrans materialları respublika elmi ictimaiyyəti tərəfindən sanballı elmi nəşr kimi qəbul edilmişdir.
Dayanıqlı enerji təminatı konfransı
Başa çatan tədris ilinin elmi hadisələri sırasında 29 noyabr tarixində MDU-da Azərbaycan Texniki Universiteti ilə birlikdə keçirilən “Sosial-İqtisadi İnkişafın Dayanıqlı Enerji Təminatı: universitet-sənaye işbirliyi və innovativ kadr hazırlığı” mövzusunda I regional elmi-texniki konfrans mühüm yer tutur. Konfransın məqsədi energetika sisteminin kadr və elmi-metodiki təminatında universitetlərin rolu, energetikanın müasir problemləri və digər mövzularda müzakirələrin aparılması olmuşdur. Mingəçevir şəhər İcra Hakimiyyəti, “AzərEnerji” ASC, “Mingəçevir Su Elektrik Stansiyaları Silsiləsi” MMC, “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin təmsil olunduğu konfransda universitet-sənaye işbirliyi mövzusunda fikir mübadiləsi aparılmış və potensial əməkdaşlıq imkanları müəyyən edilmişdir.
Elm gününün geniş qeyd olunması
27 mart – Elm günü münasibətilə nəzərdə tutulan silsilə tədbirlər virtual formatda keçirilmişdir. Bu sıradan aprel ayında təşkil olunan doktorant, dissertant və gənç tədqiqatçıların iştirakı ilə “Azərbaycan elminin inkişafında gənclərin aparıcı rolu” mövzusunda elmi seminarı və magistrantların elmi-nəzəri konfransını xüsusi qeyd etmək lazımdır. Bundan başqa, Tələbə Elmi Cəmiyyəti tərəfindən aprel ayında hər üç fakultədə keçirilən tələbə elmi konfransları da Elm gününə həsr olunmuşdur. Əməkdaşlar, magistrantlar və tələbələr tərəfindən edilən məruzələr və aparılan diskussiyalar elmi fəaliyyətin stimullaşdırılması, bu sahədə monitorinqin aparılması və mövcud çətinliklərin aşkarlanması baxımından faydalı olmuşdur.
Universitet-orta məktəb elmi əməkdaşlığı
Təhsil pillələri arasında varisliyin təmin olunması ideyası çərçivəsində MDU və Mingəçevir Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü liseyin birgə təşkilatçılığı ilə “Elmin zirvəsinə gedən yol” mövzusunda keçirilən elmi-nəzəri konfrans uğurlu olmuşdur. Təhsil Nazirliyinin “Kiçik Akademiya”lar proqramı çərçivəsində təşkil olunan konfransda şagirdlər MDU müəllimlərinin elmi rəhbərliyi ilə hazırladıqları elmi məruzələri təqdim etmişlər.
MDU “Web of Science®” platformasında
Universitetin profilinin yaradılması
Dünyanın aparıcı elmi-məlumat bazası olan “Web of Science®” platformasında MDU-nun təşkilat profili yaradılmışdır. Bu, əməkdaşların elmi nəticələrini ölçməyə, onların məqalələrini və həmin məqalələrə edilən istinadları izləməyə imkan verəcəkdir. Belə ki, elmimetrik funksiya daşıyan bu baza elmin müxtəlif istiqamətləri üzrə yalnız informasiyanı toplamaqla deyil, həmçinin elmi informasiyanı emal etmək, onu vaciblilik və mühümlülük baxımından prioritetləşdirməklə də məşğuldur.
Yeni yaradılan profilin cari göstəricilərinə əsasən bu vaxta qədər MDU əməkdaşlarının 9 məqaləsi “Web of Science®” bazasında indekslənən elmi nəşrlərdə dərc olunmuşdur. Həmin məqalələrdən 3-ü yüksək impakt faktorlu jurnallarda çap olunmuşdur. MDU əməkdaşlarının məqalələri üzrə ümumilikdə 23 istinad edilmişdir.
MDU alimlərinin “Web of Science®” bazasına daxil olan elmi məqalələri əsasən kimya mühəndisliyi, yanacaq energetikası, riyaziyyat, tətbiqi kimya və multidissiplinar kimya sahələrinə aiddir. Hamısı ingilis dilində yazılmış məqalələr Azərbaycan, Almaniya, Polşa və Rusiyanın müxtəlif elmi təşkilat və tədqiqatçıları ilə birgə əməkdaşlıq nəticəsində ərsəyə gəlmişdir.
MDU-Clarivate Analytics tərəfdaşlığı
Clarivate Analytics şirkəti ilə sürətlə inkişaf etdirilən tərəfdaşlıq çərçivəsində MDU-nun sözügedən baza üzrə göstəricilərinin daha da yaxşılaşdırılması məqsədilə şirkət tərəfindən universitetin əməkdaşları üçün müvafiq təlimlərin təşkil edilməsi nəzərdə tutulmuşdur. Bu sıradan ilk vebinar MDU-nun 70-dən artıq əməkdaşının iştirakı ilə cari ilin 25 iyun tarixində keçirilmişdir.
(I hissə)
Şahin BAYRAMOV,
Mingəçevir Dövlət Universitetinin rektoru