“Azərbaycan müəllimi” qəzetinin 31 iyul 2020-ci il tarixli buraxılışında rektor Şahin Bayramovun məqaləsi dərc olunub (II hissə)
Mingəçevir Dövlət Universiteti: modernləşməyə doğru
2019/2020-ci tədris ili MDU-da uğurla başa çatıb
(Əvvəli qəzetin ötən sayında https://muallim.edu.az/news.php?id=12228)
Azərbaycan müəllimi, 31 iyul 2020-ci il
Çevik və şəffaf universitet idarəçiliyi
Tələbələrin idarəetmədə fəal iştirakı
Qabaqcıl dünya təcrübəsindən faydalanmaqla universitet idarəçiliyində daha çevik alətlərin tətbiqinə və şəffaf mexanizmlərin yaradılmasına mühüm diqqət yetirilmişdir.
İlk növbədə, tələbələrin bütün səviyyələrdə idarəetmə prosesində fəal iştirakı təmin edilmişdir. Belə ki, 2019/2020-ci tədris ilindən başlayaraq MDU-nun Elmi Şurasında və fakültə elmi şuralarında tələbələr bərabərhüquqlu üzv statusunda təmsil olunurlar. Bundan başqa, qış və yaz imtahan sessiyalarının təşkili çərçivəsində yaradılmış İmtahan Qərargahı və Apellyasiya Komissiyalarının tərkibinə fəal tələbələr də daxil edilmişdir.
Yeni dövrün tələblərinə uyğun struktur bölmələr
MDU-nun strukturunun təkmilləşdirilməsi və yenidən qurulması ilə bağlı təkliflərin hazırlanması məqsədilə yaradılmış İşçi Qrupunun üzvləri arasında da tələbə vardır. İşçi Qrup tərəfindən cari və strateji idarəetmənin səmərəliliyinin artırılması məqsədilə mövcud qanunvericiliyin tələbləri gözlənilməklə hazırlanmış təkliflər Elmi Şura tərəfindən təsdiq olunmuşdur. Nəticədə universitetdə Tədris şöbəsi, Magistratura və doktorantlarla iş şöbəsi, Elm və innovasiyalar şöbəsi, Beynəlxalq əməkdaşlıq ofisi, İnsan resursları şöbəsi, Daxili audit şöbəsi, İctimaiyyətlə əlaqələr şöbəsi və Dəftərxana yaradılmışdır.
Struktur islahatları tədris prosesinin daha səmərəli təşkilinə, idarəetmədə paralelliyin aradan qaldırılmasına, innovativ fəaliyyətin daha effektiv əlaqələndirilməsinə, kadr potensialının inkişafının daha sistemli planlaşdırılmasına, ictimaiyyətlə əlaqələr və kargüzarlıq işinin keyfiyyətinin əhəmiyyətli dərəcədə yüksəldilməsinə imkan yaratmışdır.
İctimai Nəzarət Şurası
Universitet idarəçiliyində şəffaflığın artırılması və ictimai hesabatlılığın təmin edilməsi məqsədilə MDU-nun İctimai Nəzarət Şurası yaradılmışdır. Təhsil, səhiyyə, mədəniyyət, mətbuat, gənclər və idman sektorlarını təmsil edən 9 təcrübəli mütəxəssisdən və ziyalıdan ibarət olan Şura tədrisin və imtahan sessiyalarının təşkilində, tələbə və valideynlərin müraciətlərinə baxılması prosesində, struktur islahatlarının müzakirəsində, universitetlə Mingəçevir şəhər ictimaiyyəti arasında kommunikasiyanın qurulmasında fəal iştirak edir. Mütəmadi olaraq toplanan Şuranın cari ilin 20 iyul tarixində keçirilmiş sonuncu iclasında MDU-nun rektoru 2019/2020-ci tədris ilinin yekunları haqqında geniş hesabat məruzəsi etmişdir.
“Açıq qapı” günləri
Tələbə, magistrant, əməkdaş və valideynlərin arzu və təşəbbüslərini dinləmək, onları maraqlandıran sualları operativ cavablandırmaq məqsədilə universitetin rəhbər şəxslərinin mütəmadi qəbul qrafiki müəyyən edilmişdir. Faktiki olaraq, hər bir şəxsin istədiyi vaxt universitetin rektoru ilə görüşməsi mümkündür.
Rektorun iştirakı ilə qış imtahan sessiyası ərzində 5 dəfə, yaz imtahan sessiyası ərzində isə 7 dəfə online formatda keçirilən “Açıq qapı” günləri universitetlə bağlı bütün məsələlərin açıq müzakirə olunduğu səmərəli platformaya çevrilmişdir.
Universitet həyatında yeni ənənələr
İlk “Oriyentasiya günü”
2019-cu ilin 13 sentyabr tarixində yeni qəbul olunan tələbələr üçün ilk dəfə “Oriyentasiya günü” keçirilmişdir. Tədbirin məqsədi onları universitetlə tanış etmək və onlara universitet həyatı barədə məlumat vermək olmuşdur. “Oriyentasiya günü”ndə gənc müəllimlər, tyutorlar, tələbə təşkilatlarının üzvləri və könüllü tələbələr fəal iştirak etmişlər. Yeni qəbul olunan tələbələr universitetin tədris infrastrukturu, tələbə təşkilatları, kitabxana resursları və idman qurğuları barədə geniş məlumat əldə etmişlər.
Virtual “Məzun günü-2020”
Cari ilin 29 iyun tarixində ali təhsil müəssisələri arasında ilk dəfə olaraq MDU-da virtual “Məzun günü-2020” tədbiri keçirilmişdir.
450-yə yaxın gəncin məzun olması münasibətilə fərqli formatda və məzmunda təşkil olunan tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı, MDU-nun məzunu Tahir Məmmədov, Milli Məclisin deputatı Aydın Mirzəzadə, digər qonaqlar, MDU İctimai Nəzarət Şurasının üzvləri və valideynlər məzunlara video-təbriklərini çatdırmışlar.
Əməkdaşlara yüksək diqqət göstərilməsi
Dövlət təltifləri
5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Təhsil nazirinin müvafiq əmri ilə MDU-nun 2 əməkdaşı “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, 5 əməkdaşı isə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunmuşdur.
Əməkhaqqı artımı
Ölkə başçısı tərəfindən ali təhsil sahəsinə göstərilən yüksək diqqətin yaratdığı imkanlardan faydalanmaqla, 01 sentyabr 2019-cu il tarixindən etibarən MDU-da aylıq əməkhaqqı professor-müəllim, inzibati-idarə, tədris-köməkçi və xidmətedici heyət üzrə orta hesabla 15% artırılmışdır. Eyni zamanda, mövcud diskriminasiya aradan qaldırılmaqla, universitedə eyni vəzifə tutan əməkdaşlar üçün vahid vəzifə maaşı müəyyən edilmişdir.
Nəticədə, aylıq vəzifə maaşı müəllim üçün 510, baş müəllim üçün 620, dosent üçün 730 və professor üçün 1000 manat məbləğində təyin edilmişdir.
Həssas qrupdan olan əməkdaşlara xüsusi diqqət
Kollektiv üzvlərinə göstərilən diqqətin tərkib hissəsi olaraq, 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə MDU-nun Həmkarlar İttifaqı Komitəsinin üzvləri şəhid ailəsi üzvü və Qarabağ müharibəsi veteranı olan əməkdaşları ailələrində ziyarət etmişlər. Bundan başqa, ömürlərinin böyük hissəsini MDU-nun uğurlarına sərf etmiş kollektiv üzvlərinə verilən yüksək dəyərin nümunəsi olaraq, cari ilin 23 may tarixində Ramazan bayramı münasibətilə universitetin qocaman əməkdaşları ailələrində ziyarət edilmişlər.
Qabaqcıl universitetlərlə faydalı əməkdaşlıq
Bakı Dövlət Universiteti
Azərbaycan ali təhsilinin flaqmanı olan BDU ilə əməkdaşlığın əsası 2019-cu ilin 30 sentyabr tarixində qoyulmuşdur. Həmin gün universitetdə BDU-nun 100 illik yubileyinə həsr olunan tədbir keçirilmişdir. Yubiley tədbiri çərçivəsində BDU ilə MDU arasında əməkdaşlıq haqqında protokol imzalanmışdır. BDU-nun zəngin təcrübəsindən və yüksək potensialından faydalanmaqla, MDU-da ilk növbədə Pedaqoji fakultənin təkmilləşdirilməsi nəzərdə tutulur. İlk addım olaraq, MDU-nun 2 tələbəsi 2019/2020-ci tədris ilinin yaz semestrində BDU-da təhsil almışdır.
Azərbaycan Dövlət İqtisad Universiteti
UNEC və MDU arasında imzalanmış əməkdaşlıq müqaviləsi hərtərəfli əlaqələr üçün hüquqi baza yaratmışdır. Dünya səviyyəli universitet olmaq yolunda sürətlə irəliləyən UNEC-lə əməkdaşlıq daha çox MDU-da İqtisadiyyat və idarəetmə fakültəsinin modernləşdirilməsini hədəfləyir. MDU tələbələri, magistrantları və əməkdaşları BDU-da təşkil olunan bütün konfranslarda fəal iştirak edirlər. Bir MDU tələbəsi mübadilə proqramı çərçivəsində 2019/2020-ci tədris ilinin yaz semestrində UNEC-də təhsil almışdır. UNEC professoru və MDU dosentinin birgə müəllifliyi ilə “İdarəetmə təhlili” adlı dərslik nəşr olunmuşdur.
Azərbaycan Texniki Universiteti
“AzTU ilə MDU arasında təhsil, elm və innovasiya fəaliyyəti üzrə qarşılıqlı əməkdaşlıq haqqında” Anlaşma Memorandumu çərçivəsində əhəmiyyətli addımlar atılmışdır. AzTU tərəfindən hədiyyə olaraq təqdim olunan çoxsaylı dərslik və dərs vəsaitləri MDU-da Mühəndislik fakültəsinin potensialının gücləndirilməsində mühüm töhfə olmuşdur. AzTU-da keçirilən bütün tədbirlərdə MDU fəal təmsil olunur. 2019-cu ilin 29 noyabr tarixində AzTU ilə birlikdə MDU-da keçirilən “Sosial-İqtisadi İnkişafın Dayanıqlı Enerji Təminatı: universitet – sənaye işbirliyi və innovativ kadr hazırlığı” mövzusunda I regional elmi-texniki konfrans uğurlu və məhsuldar olmuşdur.
Beynəlxalq əməkdaşlığın əsas prioritetləri
Erasmus+ proqramı
Qabaqcıl xarici təcrübə ilə tanışlıq və kadr hazırlığı prosesinin məzmununu müasirləşdirmək məqsədilə Avropa Komissiyasının Erasmus+ proqramının imkanlarından faydalanmaq istiqamətində zəruri addımlar atılmışdır. Bu proqram çərçivəsində MDU ilə İspaniyanın Vallodolid Unversiteti arasında reallaşdırılan tələbə mübadiləsi tələbələr arasında çox populyardır.
Başa vurduğumuz tədris ilinin payız semestrində 2, yaz semestrində isə 3 MDU tələbəsi İspaniyada təhsil almışdır.
Bundan başqa, MDU Erasmus+ proqramı çərçivəsində Bakı Biznes Universitetinin koordinatorluğu ilə reallaşdırılan “Azərbaycan universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” layihəsində də fəal iştirak edir. Layihə MDU əməkdaşlarının bilik və bacarıqlarının inkişafına mühüm töhfələr vermişdir.
Beynəlxalq tədbirlərdə təmsilçilik
Universitetin beynəlxalq ali təhsil məkanının imkanlarından faydalanması məqsədilə beynəlxalq tədbirlərdə iştiraka xüsusi əhəmiyyət verilmişdir. Əməkdaşlar Azərbaycanda, Böyük Britaniyada, Finlandiyada, İsveçdə, Rusiya Federasiyasında, Çex Respublikasında, Litvada və Koreyada təşkil olunan seminar və forumlarda iştirak etmişlər. Sevindiricidir ki, MDU Bolonya prosesi üzrə İşçi Qrupunun növbəti iclasında (Helsinki), X Rusiya-Azərbaycan Regionlararası Forumunda (Moskva) və “Ali təhsil islahatları ekspertlərinin illik konfransı”nda (Praqa) təmsil olunmuşdur.
Litvanın aparıcı universiteti ilə ilkin təmaslar
Cari ilin 30 iyun tarixində Litvanın Mikolas Romeris Universiteti (MRU) ilə əməkdaşlığın yaradılmasına dair görüş keçirilmişdir. Hər iki rektorun iştirak etdiyi iclasda Azərbaycan və Litva prezidentləri arasında keçirilmiş son görüşdə strateji tərəfdaşlığın əsas istiqamətləri sırasında təhsil sahəsinin vurğulandığı diqqətə çatdırılmışdır. İki universitet arasında tələbə və müəllim mübadiləsi, Erasmus+ və HORİZON 2020 proqramlarında birgə iştirak, birgə elmi tədqiqatların aparılması və elmi jurnallarda nəşr imkanları, ortaq elmi konfransların və yay məktəblərinin keçirilməsi, gələcəkdə ikili diplom proqramlarının yaradılması üçün geniş imkanların olduğu bildirilmişdir. İclasda yaradılmış ortaq İşçi Qrupuna 2020/2021-ci tədris ilində MDU və MRU arasında reallaşdırılacaq konkret tədbirləri özündə əks etdirən İş Planı hazırlanması tapşırılmışdır.
Professor-müəllim və tələbə heyətinin bacarıqlarının inkişaf etdirilməsi
“Peşəkarla görüş” layihəsi
Cari ilin may ayında universitetdə “Peşəkarla görüş” adlı layihəyə start verilmişdir. Layihənin məqsədi MDU əməkdaşları və tələbələrinin peşəkarların bilik və bacarıqlarından faydalanması üçün imkanların yaradılmasından ibarətdir. Layihə çərçivəsində keçirilmiş 3 görüşdə BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli “Gənclərin karyera inkişafı”, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev “Müasirləşən ali təhsil və yüksək ixtisaslı mütəxəssis hazırlığı”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov isə “Müəllim hazırlığı” mövzularında məruzələr etmişlər.
Amerikalı professor MDU-da
ABŞ Dövlət Departamentinin “English Language Fellow” təqaüd proqramı çərçivəsində 2019/2020-ci tədris ilində Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərən ingilis dili mütəxəssisi Richard Schlight 2 dəfə MDU-da olmuşdur. Amerikalı qonaq “Xarici dillər” kafedrasının əməkdaşları, “Xarici dil müəllimliyi” (ingilis dili üzrə) ixtisası üzrə təhsil alan magistrant və bakalavrlar üçün qabaqcıl tədris metodları, tələbələrlə işin təşkili xüsusiyyətləri, ingilis dilinin mənimsənilməsi yolları, tənqidi düşüncə, ünsiyyət bacarıqları və digər mövzularda təlim seminarları keçmişdir.
Sənaye təmsilçiləri tərəfindən təlimlər
Mingəçevir Sənaye Parkının rezidenti “Mingəçevir Tekstil” MMC ilə yaradılmış əməkdaşlıq çərçivəsində şirkətin təcrübəli mütəxəssisləri tərəfindən gənc əməkdaşlar və tələbələr üçün insan resurslarının idarəedilməsi və informasiya texnologiyalarının tətbiqi mövzularında master-klasslar verilmişdir.
“Tufandağ” xizək qış-yay istirahət kompleksinin mütəxəssisi tərəfindən “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan 35 tələbə üçün “Qış turizminin təşkili” mövzusunda seminar keçirilmişdir.
Fərqli mövzularda təlim proqramları
Tələbələr Mingəçevir şəhər Məşğulluq Mərkəzi tərəfindən təşkil olunan “Karyerada ilk addım” mövzusunda təlimdə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Gənclər üçün Təhsil Mərkəzi tərəfindən reallaşdırılan “Sabahın sahibkarları” layihəsi çərçivəsində təşkil olunan “İnsan Mühəndisliyi”, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən həyata keçirilən “İş Qatarı” proqramlarında, Hindistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi, Bakı Gənclər Mərkəzi və Mingəçevir Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Student Solar Lamp Workshop” layihəsində fəal iştirak etmişlər.
Startap fəaliyyətinin dəstəklənməsi
İnnovasiyalar Agentliyi ilə faydalı əməkdaşlıq
Tələbələrin startap fəaliyyətinə daha fəal cəlb olunması və onların kreativ ideyalarının layihələrə çevrilməsinə xüsusi diqqət yetirilmişdir. MDU ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyi arasında Anlaşma Memorandumunun imzalanması bu istiqamətdə mühüm nailiyyət olmuşdur. Əməkdaşlıq çərçivəsində Mingəçevir Yüksək Texnologiyalar parkında birgə yaradılmış “Simbioz” texnoloji biznes inkubatorun fəaliyyətində tələbə və müəllimlər fəal iştirak edirlər.
“Virtual Hackathon-2020”
Azərbaycan Texniki Universiteti ilə Türkiyənin OSTİM Texniki Universitetinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Innoland” İnkubasiya və Akselerasiya Mərkəzi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərəfdaşlığı ilə keçirilən “Virtual Hackathon-2020” müsabiqəsində iştirak edən 27 komanda arasında MDU-nun “Crisis Heroes” komandası 4-cü yerə çıxmışdır.
“Aquahack” hakaton yarışması
MDU-nun komandası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin İnkişaf Proqramının birgə təşkilatçılığı ilə keçirilən “Aquahack” ilk virtual hakaton yarışmasında da uğurla iştirak etmişdir. Komandanın “Artificial İrrigation” layihəsi təşkilatçılar tərəfindən bəyənilmiş və müvafiq avadanlıqla təmin edilmişdir.
Vətənpərvərlik tərbiyəsi və könüllülük fəaliyyəti
Vətənpərvərlik-Vətənə xidmətin ali zirvəsidir
Ölkə başçısının BDU-nun 100 illik yubileyi münasibətilə keçirilən mərasimdəki nitqindən irəli gələn vəzifələri nəzərə alaraq, MDU-da tərbiyə işinin təkmilləşdirilməsi, təhsialanların vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycan tarixinin tədrisinin təkmilləşdirilməsi və tələbələrlə ideoloji işin gücləndirilməsi diqqət mərkəzində saxlanılmışdır. Bu kontekstdə, 2019-cu ilin 24 dekabr tarixində Mingəçevir şəhər Gənclər və İdman İdarəsi və Mingəçevir Peşə Məktəbi ilə birgə “Vətənpərvərlik-Vətənə xidmətin ali zirvəsidir” mövzusunda təşkil olunan tədbirdə 2016-cı ilin Aprel döyüşləri şəhidlərinin valideynləri, Aprel döyüşləri şəhidinin övladı, Aprel döyüşçüləri iştirak etmişlər.
Aprel döyüşləri
Cari ilin 4 aprel tarixində universitetdə “Aprel döyüşləri müstəqil Azərbaycanın müasir tarixinin qələbə və qəhrəmanlıq səlnaməsidir” mövzusunda virtual konfrans keçirilmişdir. Ali Baş Komandanın “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir” fikirləri üzərində qurulan konfransda “Aprel döyüşləri Azərbaycanın hərbi qüdrətinin və Azərbaycan əsgərinin rəşadətinin təntənəsi kimi” mövzusunda məruzə dinlənilmişdir. MDU tələbələri tərəfindən Aprel döyüşlərinin mingəçevirli qəhrəmanları haqqında hazırlanan videoçarx böyük marağa səbəb olmuşdur. Tədris ili ərzində əlamətdar günlər münasibətilə MDU əməkdaşları bir neçə dəfə həmin qəhrəmanların ailələrini ziyarət etmişlər.
Ulu Öndərin irsinin təbliği
Ümummilli Liderin zəngin irsinin öyrənilməsi və təbliği istiqamətində çoxsaylı fəaliyyətlər həyata keçirilmişdir. Bu sıradan Ulu Öndərin anadan olmasının 97-ci ildönümünə həsr olunan “HEYDƏR ƏLİYEV: dahi siyasətçi və fenomen şəxsiyyət”, “Azərbaycan xalqının şərəf tarixi: 15 iyun – Milli Qurtuluş Günü” və “14 iyul 1969-cu il: Tərəqqiyə aparan yolun başlandığı və qüdrətli Azərbaycan dövlətinin bünövrəsinin qoyulduğu gün” mövzularında konfransları xüsusi qeyd etmək lazımdır.
Sevindirici haldır ki, Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə 2019-cu ildə keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışında MDU 8-ci yeri tutmaqla 49 ali təhsil müəssisəsi arasında 14-18-ci yerləri bölüşmüşdür.
Həmrəylik nümayişi
COVID-19 infeksiyası ilə mübarizə sahəsində ölkə başçısı tərəfindən atılan qətiyyətli addımların dəstəklənməsi və Azərbaycan vətəndaşının sağlamlığına verilən yüksək önəmə görə təşəkkür bildirilməsi məqsədilə cari ilin aprel ayında universitetin iki əməkdaşı və Tələbə Gənclər Təşkilatının sədrinin məktubları Azərbaycan Prezidentinin rəsmi internet səhifəsində yerləşdirilmişdir. Bundan başqa, iyulda MDU əməkdaşı və tələbəsinin Azərbaycan əsgərinə və Ali Baş Komandana dəstək, eləcə də doğma torpaqlarımızın erməni işğalından azad olunmasında iştiraka hazırlıq ifadə edən məktubları da Azərbaycan Prezidentinin rəsmi internet səhifəsində yer almışdır.
“Bir” Tələbə-Könüllü Proqramı və “ASAN Könüllüləri”
Tələbələrin könüllülük fəaliyyətinə fəal cəlb olunması üçün bütün zəruri dəstək tədbirləri həyata keçirilmişdir. Bu kontekstdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) “ASAN Könüllüləri” təşkilatı tərəfindən təqdim olunan imkanlardan aktiv istifadə olunmuşdur. 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi bu istiqamətdəki fəaliyyəti daha da genişləndirmişdir.
“Region könüllüsü”
MDU, Mingəçevir Gənclər Evi, Mingəçevir şəhər Gənclər və İdman İdarəsi, Mingəçevir şəhər Regional ASAN Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə “Region Könüllülərinin İnkişaf Forumu” keçirilmişdir. Tələbələr sözügedən Forum çərçivəsində yaradılmış “Region Könüllüsü” Gənclər Hərəkatında fəal iştirak edirlər.
“İmtahan könüllüsü”
2019/2020-ci tədris ilinin yaz semestrinin online imtahan sessiyası çərçivəsində ali təhsil müəssisələri arasında ilk dəfə olaraq MDU-da “İmtahan könüllüsü” adlı layihə həyata keçirilmişdir.
Layihə sonuncu kurs tələbələrinin imtahanların təşkilinə könüllü qismində cəlb olunmasını nəzərdə tutmuşdur. Könüllü tələbələr imtahanlara evdən qoşulan müəllimlərə və birinci-üçüncü kurs tələbələrinə texniki və təşkilati baxımdan köməklik göstərmişlər. “İmtahan könüllüləri” informasiya-kommunikasiya vasitələrinin geniş tətbiqi ilə keçirilən imtahan prosesində İmtahan Qərargahının, Tədris şöbəsinin, dekanlıqların və Apellyasiya Komissiyasının çevik və səmərəli fəaliyyətinə mühüm töhfələr vermişlər.
COVID-19 infeksiyası ilə mübarizə
Cari ilin fevralından başlayaraq koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində kollektiv və tələbə heyəti arasında mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilmişdir. MDU əməkdaşları Mingəçevir şəhər İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatı və Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən birgə həyata keçirilən kütləvi maarifləndirmə işində də fəal iştirak etmişlər.
Bu dövrdə MDU-da dəfələrlə tibbi-profilaktik və dezinfeksiya işləri aparılmışdır. Mingəçevir şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları tərəfindən həyata keçirilən dezinfeksiya işləri bütün tədris binalarını, dəhlizləri, auditoriyaları, laboratoriyaları, idman zalını, kitabxanaları, inzibati otaqları, həyətyanı əraziləri və digər köməkçi tikililəri əhatə etmişdir.
COVID-19 infeksiyası ilə mübarizə sahəsində ölkəmizdə aparılan işlərə töhfə vermək məqsədilə, Elmi Şuranın qərarına əsasən MDU-nun hesabından Koronavirusla Mübarizəyə Dəstək Fonduna 15 (on beş) min manat vəsait köçürülmüşdür.
Çoxsaylı təşəbbüslərdə fəallıq
Pandemiya dövründə irəli sürülən çoxsaylı təşəbbüs və çağırışlara universitet aktiv qoşulmuşdur. Belə ki, MDU əməkdaşları və tələbələri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin #bizbirlikdəgüclüyük və #evdəqal çağırışlarına, Mədəniyyət Nazirliyi və “Kreativ Azərbaycan” portalının elan etdiyi “Evdə Qal, Evdə Yarat” təşəbbüsünə, İctimai Televiziya və Radio Yayımları Şirkətinin #virusameydanoxuyaq virtual fləşmobuna, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin “Əsgərə salam” aksiyasına və digər anoloji təşəbbüslərə fəal qoşulmuşlar. MDU tələbələrinin “Hərəyə bir kitab oxuyaq” və “Həkimlərimizə məktub yazaq” təşəbbüsləri də böyük marağa səbəb olmuşdur.
Xüsusi risk qrupuna daxil olan ailələri ziyarət
Yaranmış şəraitdə MDU ailəsinin hər bir üzvü xeyirxahlıq göstərməyi özünün insanlıq və vətəndaşlıq borcu hesab etmişdir. Karantin rejimi dövründə gənc əməkdaşlar və tələbələr xüsusi risk qrupuna daxil olmaqla xüsusi qayğıya ehtiyac duyan ailələri dəfələrlə ziyarət etmiş, onlara zəruri ərzaq məhsullarından ibarət sovqatlar çatdırmışlar.
Modernləşməni sürətləndirən tərəfdaşlıqlar
2019/2020-ci il tədris ilində universitetdə müvafiq istiqamətlər üzrə fəaliyyətin daha keyfiyyətli həyata keçirilməsində Təhsil Nazirliyi, Mingəçevir şəhər İcra Hakimiyyəti və digər tərəfdaşların davamlı töhfəsi mühüm rol oynamışdır. Məhz bu qarşılıqlı faydalı tərəfdaşlıqlar yeni missiyanın başlandığı ilk tədris ilində MDU-nun modernləşməyə doğru inamlı addımlar atmasını şərtləndirmişdir.
Şahin BAYRAMOV,
Mingəçevir Dövlət Universitetinin rektoru