Azərbaycanın inkişafı bütün regionun inkişafı üçün əsaslı zəmin yaradır
Artıq ikinci ildir ki, dünya ölkələri pandemiyaya qarşı mübarizə aparır. Virusun yayılması dünyanın bütün ölkələrində minlərlə insanın ölümünə səbəb olub. Virusla mübarizə məqsədi ilə 2020-ci ilin mart ayından başlayaraq dövlətimizin başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq ardıcıl tədbirlər həyata keçirilmişdir ki, bunun sayəsində Azərbaycanda yoluxma və ölüm halları başqa dövlətlərlə müqayisədə aşağı səviyyədədir. Ölkəmizdə koronavirusun iqtisadiyyata təsirinin azaldılması, özəl sektorun dəstəklənməsi, makroiqtisadi və maliyyə dayanıqlığının təmin olunması məqsədilə geniş sosial-iqtisadi paket təqdim edilmişdir. 2021-ci il aprelin 26-da Prezident İlham Əliyevin BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında çıxışı zamanı ölkəmizdəki mövcud durumdan bəhs etmişdir.
Azərbaycanda vaksinasiya yanvar ayından etibarən başlanıb. Bu günədək 1,4 milyon vaksin istifadə olunmuşdur ki, bu da əhalinin 14 faizini təşkil edir.
Qeyd edim ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının koronavirusla mübarizəyə həsr edilmiş Zirvə toplantısının təşəbbüskarı olmuş və onu uğurla keçirmişdir. Məhz prezidentimizin təşəbbüsü ilə ötən ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilmişdir.
Vaksinlərin ölkələr arasında ədalətsiz bölgüsü qlobal təhdid yaradan tendensiyadır və Azərbaycan buna etiraz edir. İnsanların sağlamlığına biganə yanaşmaq olmaz. Koronavirus yaşından asılı olmayaraq bütün insanlar üçün böyük təhlükədir. Bunun üçün ölkəmizdə insanlar tələb olunan bütün qaydalara əməl edir, maska taxmaq və məsafə saxlamaqla həyatı davam etdirirlər. Artıq bir ildən artıqdır ki, ölkəmizdə toy və yas mərasimləri əvvəlki kimi keçirilmir, kütləvi yığıncaqlar, tədbirlər olmur. Görüşlər, toplantılar onlayn şəraitdı aparılır ki, bu da insanların sağlamlığı üçün çox önəmlidir.
Prezidentimiz bildirib ki, “Yalnız milli səviyyədə həyata keçirilən səylər dünyada pandemiyanın aradan qaldırılması üçün kifayət etmir.Azərbaycan həm Qoşulmama Hərəkatının sədri kimi, həm də milli səviyyədə dünyada vaksinlərin ədalətli bölgüsü və vaksinlərin inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələr üçün əlçatanlığının təmin edilməsi istiqamətində mübarizəsini davam etdirəcəkdir. Azərbaycan koronavirusla bağlı əksəriyyətinin ən az inkişaf etmiş olduğu 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmişdir”.
2020-ci ildə Azərbaycan xalqı iki düşmənə qarşı mübarizə apardı. Məlum pandemiya ilə mübarizə yenilik idi. Daha dəhşətlisi isə 30 ilə yaxın torpaqlarımızı işğal altında saxlayan, dəfələrlə Azərbaycan xalqına qarşı terror və soyqırımlar törətməklə məkrli niyyətlər həyata keçirən ermənilərə qarşı mübarizə idi. Sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrimizi və dinc sakinlərimizi ağır artilleriya atəşinə tutaraq Azərbaycana qarşı irimiqyaslı hərbi təcavüzə başlamışdır. Azərbaycan öz vətəndaşlarını qorumaq üçün əks-hücum əməliyyatına başlamaq məcburiyyətində qaldı və tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etdi. 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tamamilə darmadağın olunmuşdur. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur edilmişdir. Beləliklə, Ermənistan-Azərbaycan münaqişəsi sona çatmışdır. Münaqişə tarixdə qalmışdır.
İşğal dövründə ermənilər bütün əraziləri, şəhər və kəndləri yerlə-yeksan etmişlər. Onların xisləti büdür. Müharibədən sonra azad olunan ərazilırə gedən, düşmənin törətdiyi bütün vandallıqları öz gözləri ilə görən xarici ölkələrin rəsmiləri dəhşətə gəliblər. Ermənilərin törətdikləri insanlığa sığmayan hadisələr həqiqətən də acınacaqlıdır. Bir vaxtlar insanları qətlə yetirən, yandıran və törətdiklərindən zövq alan erməni separatçıları elə bil ki, torpaqlardan da qisas alıblar. Azərbaycan Ordusunun cəsur əsgər və zabitləri də 44 gün ərzində xalqımızın, şəhidlərimizin, torpaqlarımızın qisasını aldı. Düzdü, baş verən dəhşətləri unutmaq olmaz. Lakin düşmənin nəyə qadir olduğunu, qorxaqlığını, bir də torpaqların həqiqətən də Azərbaycanın əzəli ərazisi olduğunu bütün dünya dövlətləri gördü. Dünya dövlətləri , bəzi ermənipərəst dövlətlər istəməsələr də Azərbaycanın qüdrətinə şahid oldu. Qısa bir müddət ərzində əsrin qələbəsini qazanan Azərbaycan ordusu həqiqətən də böyük dastan yaratdı. Xarici mütəxəssislər Ağdam şəhərini “Qafqazın Hirosiması” adlandırırlar. Ermənistan qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir. 60-dan artıq məscid Ermənistan tərəfindən dağıdılmışdır. Məscidlər inək və donuzların saxlanılması yerlərinə çevrilmişdir.
Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə vermişdir. Hazırda biz Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışırıq. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Hazırda qarşımızda işğaldan azad olunmuş ərazilərdə tamamilə dağıdılmış şəhər və kəndlərin, bütün mədəni və dini abidələrin bərpası kimi nəhəng vəzifə dayanır. Yenidənqurma prosesi çərçivəsində “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji” konsepsiyalarından istifadə olunacaq. Dövlətimizin başçısının rəhbərliyi ilə azad olunan ərazilərdə quruculuq işləri ən yüksək səviyyədə aparılacaq. Çünki, 17 ildən artıqdır ki, Azərbaycanın bütün regionlarında geniş quruculuq işləri aparılır və davam edir. Azad olunan torpaqlarımızda minalardan tımizlənmə işləri də böyük problemdir. Düşmənin yaratdığı və böyük tələfatlara səbəb olan bir bəla. Azərbaycan xalqı bunun da qarşısını alacaq. 30 il düşmən tapdağı altında qalan torpaqlarımızda həyat yenidən bərpa olunacaq, insanlar öz ata baba yurdlarına dönəcək , firavan ömür sürəcəklər.
Nurcamal Əsgərova,
YAP Mingəçevir şəhər Təşkilatının Qadınlar Şurasının sədri