Azərbaycanın siyasəti ədalətli siyasətdir, bu siyasət beynəlxalq hüquqa, tarixi ədalətə söykənir
Azərbaycan Respublikasında vətəndaşların sosial rifah halının yaxşılaşdırılıması məqsədi ilə ardıcıl olaraq tədbirlər həyata keçirilir. 2019-cu ildə ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə şəhid ailələrinə birdəfəlik müavinət verilib, həmçinin pensiya və müavinətlər, minimum əmək haqqı artırılıb. Göstərilən bu diqqət və dövlət qayğısı sakinlərin razılığı ilə qarşılanır. Torpaqlarımızda düşmənin həyata keçirdiyi işğalçılıq əməliyyatları nəticəsində torpaqlarmızın 20 faizinin işğal edilməsi minlərlə insanın öz yurdundan məcburi köçkün düşməsinə, şəhid olmasına, əlil olmasına səbəb olub. Müstəqilliyin ilk illərində çətinlik və iqtisadi böhran keçirən Azərbaycan bir müddətdən sonra inkişaf yoluna qədəm qoyub. 15 ildən artıqdır ki, Azərbaycan dünyanın ən böyük dövlətləri ilə iqtisadi əməkdaşlıq edir, güclənir.
Ölkəmiz inkişaf etdikcə insanlara göstərilən dövlət qayğısı da artır. Ötən illər ərzində şəhid ailələrinə, məcburi köçkünlərə, Qarabağ müharibəsi veteranlarına, əlillərə göstərilən qayğı buna əyani sübutdur. Real həqiqətdir ki, Şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir və son illər ərzində bu istiqamətdə çox böyük işlər görülüb. 8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilib və 7 minə yaxın avtomobil verilibdir. Bu il ərzində 1500 şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə ediləcəkdir. Bütün mənzillər ən yüksək keyfiyyətlə tikilən yeni evlərdir. Eyni zamanda, əlillər üçün 400 avtomobil də nəzərdə tutulur və beləliklə, bu il bu sahədə ən böyük göstəriciyə nail olunub.
Sosial xərclərin içində şəhid ailələrini, müharibə əlillərini, müharibə veteranlarını, məcburi köçkünləri əhatə edən çox böyük proqramların icra olunması həm aztəminatlı ailələrə, həm də vətən torpaqlarını şərəflə qoruyanlara göstərilən ehtiramın bir hissəsidir.
Bu il 7 mindən çox məcburi köçkün ailəsi mənzillərlə təmin ediləcək. Özəl sektor da artıq fəaldır və bu il “Kapital Bank” 68 mənzili öz vəsaiti hesabına bu kateqoriyadan olan insanlara təqdim edib, özəl şirkət- “Paşa Holdinq” tərəfindən onun vəsaiti hesabına Qobu qəsəbəsində məcburi köçkünlər üçün 3 şəhərcik inşa edilibdir və orada artıq 4 minə yaxın köçkün ailəsi məskunlaşıb. Bu, ölkəmizdə vətəndaş həmrəyliyinin, dövlət siyasətinin təzahürü ilə yanaşı dövlət və özəl sektor tərəfindən bu kateqoriyadan olan insanlara qayğının əlamətidir.
Xüsusilə vurğulamaq yerinə düşər ki, sosial sahədə çox böyük işlər görülür. Keçən il şəhid ailələrinin müavinəti 20 faiz artırılıb – 250 manatdan 300 manata çatdırılıb. Köçkünlər üçün müavinətlər 50 faiz artırılıb, bəzi müavinətlər 100 faiz artırılıb. Bu il pandemiya dövründə isə dövlət başçısının tapşırığına əsasən təqribən 5 milyona yaxın insan dövlət tərəfindən maddi dəstəklə əhatə olunub, birdəfəlik müavinətlər verilib, sosial yardımlar göstərilib.
Yeni növ koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə mart ayından bəri ölkəmizin hər yerində, regionlarda sosial izolyasiya tədbirləri həyata keçirilir, dezinfeksiya işləri aparılır. Tətbiq edilən karantin rejiminə əsasən işləyənlərdən fərqli olaraq vətəndaşlar yalnız icazə yolu ilə və vacib olduğu təqdirdə evdən çölə çıxır. Bu da cəmiyyətin dövlətimizin qərarlarına göstərdiyi hörmətin nümunəsidir. Bundan əlavə Prezidentin imzaladığı sərəncamlarla yeni modul tipli xəstəxanalar tikilib və tikilməkdədir. Xəstələr dərmanlarla təchiz edilir. Ölkəmizə bir neçə xarici ölkədən mütəxəssislər, həkimlər cəlb edilib.
Vətəndaşlara göstərilən qayğının davamı olaraq bu ilin əvvəlində pensiyalar orta hesabla 27 faiz, orta əmək haqqı 25 faiz artıb. Bu il 90 min insan ödənişli ictimai iş yerləri ilə təmin ediləcək. Dövlətimizin büdcəsinə daxil olan vəsaitin əsas hissəsi enerji sektorundan gəlir ki, bu da Heydər Əliyevin başladığı neft siyasətinin uğurlu icrası nəticəsində mümkün olmuşdur.
Pandemiya dövründə dünyada böhran davam edir. Dünyanın 150 ölkəsi kredit üçün beynəlxalq maliyyə qurumlarına müraciət edib. Neftin qiyməti bir neçə dəfə düşüb və gəlirlərimiz buna uyğun olaraq azalıb, ancaq bir dənə də olsun sosial layihə ixtisar edilməyib. Ölkə Prezidenti əsas diqqəti vətəndaşların sağlamlığı və sosial rifah halının yaxşılaşdırılmasına yönəldib. Pandemiya dövründə işlərin dayandırılması büdcəyə nə qədər ziyan vursa da yeni iş yerlərinin yaradılması, işsizlərə müavinətlərin verilməsi, o cümlədən yaşlı insanlara sosial yardımların göstərilməsi hər zaman gündəmdədir. Qeyd edim ki, bu çətin və gərgin zamanda Azərbaycanda vətəndaşlara qayğı və diqqətin artırılması, həmçinin sosial izolasiya işlərinin artırılması, maarifləndirmə tədbirlərinin davamlı xarakter alması bir çox ölkələrə nümunədir. Bu Dünya Səhiyyə Təşkilatı tərəfindən təqdir edilir.
Neftin qiymətinin azalmasına Ermənistan sevinir, çünki başa düşmən düşür ki, Azərbaycanın gəlirləri azalacaq və Ermənistan da bundan faydalanacaq. Özünü milli şura adlandıran, əslində, antimilli qruplaşma kimi fəaliyyət göstərən ermənipərəst dəstə də sevinir, istəyirlər ki, Azərbaycan onların dövründəki kimi Ermənistan qarşısında aciz, gücsüz qalsın.
Ötən əsrin doxsanıncı illəri hər birimizin yaddaşındadır. Doxsanıncı illərdə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan müstəqil ölkə kimi qalacaqdı-qalmayacaqdı, bu, hələ böyük sualdır. Amma düşmən qüvvə və onların havadarları bizi yenə də o dövrə qaytarmaq istəyirlər. İllərdir ki, atəşkəs rejimi əldə edilsə də onu dəfələrlə, həm də ən ağır formada pozaraq hərbçilərin, mülki əhalinin ölümü ilə nəticələnən silahlı hücumları düşmənin məkrli niyyətini açıq aydın göstərir. Bu yaxınlarda Ermənistanın hərbi təxribatı nəticəsində Vətənimiz yenə şəhid verib, qan tökülüb, o cümlədən mülki vətəndaş həlak olub. Ermənistan ordusu Tovuz istiqamətində bizim mövqelərimizi, torpaqlarımızın bir hissəsini zəbt etmək üçün namərdcəsinə, qəflətən artilleriya hücumu təşkil edib və bunun nəticəsində hərbçilərimiz həlak olub, yaralanıb. Düşmənə cavab olaraq Azərbaycan Ordusunun cəsur əsgər və zabitləri onların cavabını verib, onlarla düşmən, onların texnikası məhv edilib. Vətənpərvər həbçilərimizn düşmənə verdiyi əks həmlə, şəhidlərimizin qisasının alınması Azərbaycan vətəndaşlarını ruhlandırıb. Vətənimizin yeni şəhidlər verməsinə məyus olsa da xalqımız düşmənə vurulan ağır zərbəni təqdir edir. Bu növbəti qələbə idi. Bizim hərbi qələbəmizi qeyd etmək üçün minlərlə insan küçələrə çıxdı, minlərlə insan dövlətə, orduya dəstək göstərdi. Ancaq Azərbaycan Xalq Cəbhəsinin üzvləri bundan istifadə edib iğtişaş yaratmağa cəhd etdilər, insanların fikirlərini qarışdırmağa, dövlətimizə, dövlətçiliyimizə, mövcud olan sabitliyə zərbə vurmaq istədilər. Bu əməlləri törədən heç bir adam məsuliyyətdən qaça bilməyəcək. Öz xalqına, öz Vətəninə bağlı olan adam müharibə gedən vaxtda bunu etməz.
Unutmaq lazım deyil ki, indi Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü iqtidarı var, Azərbaycan iqtidarının güclü iradəsi var və ən önəmlisi xalqın dəstəyi var. Prezident hər gün minlərlə məktub alır, vətəndaşlar öz dəstəyini ifadə edirlər, həmrəyik ifadə edirlər, orduda xidmət etmək istəyirlər. Birinci gün cəmi 150 nəfər könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məntəqələrinə gəlmişdisə, Prezidentin çağırışından bir həftə keçməmiş əlli minə yaxın insan yazılıb, vətəni qorumağa yollanmaq əzmindədir.
Azərbaycanın siyasəti ədalətli siyasətdir. Bu siyasətimiz beynəlxalq hüquqa, tarixi ədalətə söykənir və biz istədiyimizə nail olacağıq. Bu günlərdə heç vaxt olmadığı qədər – nə 1990-cı illərin əvvəllərində ki, müharibə gedirdi, nə də başqa dövrdə, – çox güclü beynəlxalq dəstək gördük. İlk dəstək Türkiyədən gəldi. Türkiyənin Prezidenti, Müdafiə naziri, Xarici İşlər naziri, parlament üzvləri, ictimai xadimlər Azərbaycana birmənalı dəstək göstəriblər. Çünki, dost dövlətlər bilir ki, Azərbaycan hücuma məruz qalıb, yalnız ədalətin tərəfdarıdır. İşqal edilmiş torpaqlarının hərb yolu ilə deyil, sülh yolu ilə geri almaq istəyir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Azərbaycana dəstək göstərmişdir. Bu təşkilatda beş ölkə fəaliyyət göstərir – Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan. Onlar bu təşkilatın üzvləridir və Azərbaycana birmənalı dəstək göstəriblər.
Qoşulmama Hərəkatı, burada 120 ölkə cəmləşir-birmənalı olaraq Azərbaycanı dəstəklədi. 57 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatı da Azərbaycana birmənalı dəstək oldu. İşğalçı Ermənistan bütün müsəlman aləminə məxsus olan ibadət yerlərini dağıdır, məhv edir, təhqir edir. Buna görə də necə ki, biz bütün müsəlman ölkələri ilə həmrəyik, erməninin münasibəti eyni olacaq. Xüsusilə belə həssas günlərdə, həssas məsələdə ki, Ermənistan bizə hücum edib, bizim mövqelərimizi zəbt etmək istəyir, bizim hərbçilərimizi, mülki vətəndaşları öldürüb, kəndlərimizi dağıdıb. Azərbaycan Ermənistana güclü zərbə vurandan sonra onlar dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qaçdılar ki, bunları müdafiə eləsin. Tələb edirdilər ki, KTMT Azərbaycanı qınayan bəyanat versin. Buna nail ola bilmədilər, heç bir bəyanat verilmədi. Sadəcə olaraq, bu hadisə ilə bağlı ümumi sözlərdən ibarət bir şərh verildi. Axı Azərbaycan əsgəri erməni torpağına bir addımını belə basmayıb, düşmən sərhədimizə silahlar yağdırıb, həm də amansızcasına. Buna Azərbaycan əsgəri necə cavab verməli idi ki, təbii ki, hərb yolu ilə!
KTMT-nin 6 üzvündən 3-cü beynəlxalq təşkilatlar yolu ilə Azərbaycana dəstək göstərdilər. bununla bağlı Prezident İlham Əliyev bildirib ki, “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında, eyni zamanda, KTMT-da üzv olan Qazaxıstan və Qırğızıstan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası vasitəsilə bizə dəstək oldular. Belarus Qoşulmama Hərəkatında təmsil olunur. O da Qoşulmama Hərəkatının bəyanatına qoşularaq bizə dəstək oldu. Yəni, altı ölkədən üçü Azərbaycanı birmənalı şəkildə dəstəklədi.”
Bütün bu məsələlər bir daha onu göstərir ki, bu gün Azərbaycan həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm mənfur qonşu ilə mübarizədə çox böyük bir gücə çevrilib. Bu Azərbaycan dövlətində həyata keçirilən düzgün siyasət sayəsində əldə edilib, bu Azərbaycan xalqının uğurudur. Azərbaycan xalqı tam əmin ola bilər ki, Azərbaycanın müstəqilliyi, azadlığı, insanların rifahı və ölkəmizin güclənməsi daim dövlətimizin başçısının diqqət mərkəzində olacaq. Azərbaycan üçün ən vacib və bir nömrəli milli məsələ – Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir.
İyulun 21 də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim edilməsi mərasimində çıxış edən ilham Əliyev münaqişənin həlli ilə bağlı fikrini belə ifadə edib: “Hər hansı bir yarımçıq həlli bizə lazım deyil. Çünki bu, müvəqqəti olacaq. Yarımçıq, sadəcə, mərhələ ola bilər. Ancaq məsələnin həlli tam olmalıdır. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin edilməlidir. İşğal edilmiş bütün torpaqlar istisnasız azad edilməlidir. Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara, o cümlədən Şuşaya qayıtmalıdır.”
Bəli, Prezidentimizin qətiyyəti bizə ruh verir. Azərbaycan dövlətinin ərazi bötövlüyü təmin edilməlidir. Ölkəmizin ərazi bütövlüyü danışıqlar predmeti deyil, olmayıb, olmamalıdır və olmayacaq. Biz öz doğma torpaqlarımıza qayıtmalıyıq və qayıdacağıq.
Akif Mirabov,
Milli qəhrəman atası