2020-ci ilin 17 noyabr tarixində Azərbaycan Texniki Universiteti (AzTU) və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə “Azərbaycanda rəqəmsal ödənişlərin tətbiqi: reallıqlar və perspektivlər” mövzusunda nəzəri-praktiki seminar keçirilib.
“ZOOM” platforması üzərindən online formatda təşkil olunan seminarı açan MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, müzəffər Ali Baş Komandanımızın böyük qətiyyəti və Azərbaycan Əsgərinin rəşadəti sayəsində əldə edilmiş möhətəşəm qələbə münasibətilə tədbir iştirakçılarını təbrik edib. Böyük sevinc və fəxarət hissləri ilə əlamətdar tarixi günlər yaşadığımızı qeyd edən rektor Allahdan bütün şəhidlərimizə rəhmət və yaralılarımıza şəfa diləyib.
Birgə seminarın Azərbaycan Respublikasının Prezidentinin 26 sentyabr 2018-ci il tarixli müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası üzrə müvafiq Tədbirlər Planı çərçivəsində təşkil olunduğunu vurğulayan Ş.Bayramov rəqəmsal ödənişlərin inkişafı sahəsində görülən işlər barədə ümumi məlumat verib. 2019-cu ildən MDU-nun ölkəmizin qabaqcıl ali təhsil müəssisələrindən biri olan AzTU ilə əməkdaşlığa start verdiyini bildirən Ş.Bayramov seminarın sözügedən əməkdaşlıq çərçivəsində baş tutduğunu diqqətə çatdırıb
Əldə etdiyimiz böyük qələbə münasibətilə səmimi təbriklərini çatdıran AzTU-nun rektoru, professor Vilayət Vəliyev qətiyyətli Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı qalibiyyətlə başa vurduğumuz Vətən Müharibəsində hər iki universitetin tələbə və məzunlarının da iştirak etdiyini bildirib.
AzTU ilə regionda yerləşən ali təhsil müəssisələri arasında qarşılıqlı faydalı əməkdaşlığa mühüm önəm verdiyini vurğulayan V.Vəliyev birgə layihələrin həyata keçirilməsində MDU-nu əsas tərəfdaşlardan biri olaraq dəyərləndirib. Nəzəri-praktiki seminarın mövzusunun aktuallığından bəhs edən V.Vəliyev rəqəmsal ödənişlərin əhəmiyyəti, bu sahədə həyata keçirilə biləcək tədqiqat istiqamətləri barədə fikirlərini bölüşüb.
Sonra, MDU-nun İqtisadiyyat kafedrasının müdiri dos.Cəmilə Musayeva “Rəqəmsal ödənişlərin tətbiqinin iqtisadi inkişafa təsiri” mövzusunda, AzTU-nun İqtisadiyyat kafedrasının baş müəllimi, i.f.d. Xəyaləddin Tağıyev “Bank sistemində rəqəmsal ödəniş texnologiyaları” mövzusunda və MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri dos.Vüqar Mustafayev “Rəqəmsal ödənişlərin genişləndirilməsində “ASAN xidmət”in rolu” mövzusunda məruzələrlə çıxış ediblər. Məruzələrdə rəqəmsallaşmanın önəmi, nağdsız ödənişlər, rəqəmsal ödəniş infrastrukturunun inkişafı, ölkəmizdə mövcud olan ödəniş sistemləri, elektron bankçılıq, elektron ticarət, mümkün risklər, mövcud beynəlxalq təcrübə, sözügedən Dövlət Proqramı çərçivəsində reallaşdırılan tədbirlər, müzakirə olunan sahənin inkişafında “ASAN xidmət”in rolu və digər məsələlər haqqında ətraflı məlumat verilib.
Hər iki universitetin müəllim və tələbə kollektivi tərəfindən maraqla qarşılanan birgə seminar mövzu ilə bağlı sualların cavablandırılması ilə başa çatıb.