Bakı Dövlət Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə məktəb idarəetməsi təlimləri uğurla başa çatıb
2021-ci ilin 29 oktyabr tarixində Bakı Dövlət Universiteti (BDU) və Mingəçevir Dövlət Universiteti (MDU) arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən “Məktəb idarəetməsi və post-pandemiya dövründə orta məktəb təhsili: metodoloji və psixoloji nüanslar” adlı beş günlük təlim proqramı uğurla başa çatıb.
“Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən təlimlərdə Mingəçevir şəhər ümumtəhsil məktəblərinin direktorları, direktor müavinləri və müəllimləri, MDU-nun “Pedaqoji” fakültəsinin gənc əməkdaşları, tələbə və magistrantları iştirak ediblər.
Oktyabrın 25-dən 29-dək davam etmiş proqram çərçivəsində BDU-nun Sosial elmlər və psixologiya fakültəsindən dosent Elmina Kazımzadə “Məktəb liderliyi, prinsipləri, strategiyaları və dəyərləri”, “Məktəb atmosferi və liderliyin funksiyaları”, professor Rəna İbrahimbəyova “Təhsildə gender problemləri”, “İnkişaf” Respublika elmi-praktik mərkəzinin elmi işçisi Bahar Kərimova “İstedadlı şagirdlərlə iş” mövzusunda təlim keçiblər və postpandemiya dövründə məktəb idarəçiliyində pedaqoji-psixoloji problemlərə dair fikir mübadiləsi aparıblar.
Proqramın sonunda öz təəssüratlarını bölüşən və məmnunluqlarını ifadə edən təlim iştirakçıları əməkdaşlığa göstərdikləri dəstəyə görə hər iki universitetin rəhbərliyinə, inzibati və akademik heyət üzvlərinə təşəkkürlərini bildiriblər və bu tipli təlimlərin davamlı keçirilməsini arzulayıblar.
Qeyd edək ki, MDU-da akademik potensialın gücləndirilməsi məqsədilə ölkəmizin qabaqcıl və qocaman ali təhsil müəssisəsi olan BDU ilə əməkdaşlığa xüsusi önəm verilir. Sözügedən əməkdaşlığın effektivliyinin yüksəldilməsi məqsədilə universitetlər arasında çoxşaxəli birgə fəaliyyət planı həyata keçirilir. Tələbə və magistrantların, akademik və inzibati heyət üzvlərinin hərtərəfli inkişafına töhfə verməyi hədəfləyən bu fəaliyyət planı ustad dərsləri, konfranslar, dəyirmi masalar, elmi seminarlar, təlimlər, təcrübə mübadiləsi və müxtəlif məzmunlu tələbəyönümlü tədbirləri özündə ehtiva edir.
{phocagallery view=category|categoryid=732|limitstart=0|limitcount=0}