Mingəçevir Dövlət Universitetində Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş esse müsabiqəsi keçirilib

Bu günlərdə Mingəçevir Dövlət Universitetinin Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş “Bəxtiyar misralarında millətimin harayı” mövzusunda esse müsabiqəsi keçirilib. Müsabiqənin məqsədi böyük şairin zəngin ədəbi irsini gənc nəslə tanıtmaq, tələbələrdə milli ruh, vətənpərvərlik və azadlıq ideyalarına maraq oyatmaq olub.

Müsabiqəyə universitetin müxtəlif ixtisas və fakültələrindən çoxsaylı tələbə və magistrantlar qatılıb. İştirakçılar Bəxtiyar Vahabzadənin yaradıcılığında milli azadlıq çağırışlarını, xalqın mənəvi səsini və mübarizə ruhunu əks etdirən esse nümunələri təqdim ediblər.

Esselər Humanitar fənlər kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Günel Yunusova, baş müəllimlər Səadət Ağakişiyeva, Ayna Babazadə, Pərvin Hüseynova, müəllimlər Svetlana Balakişiyeva və Sona Msaəmmədova tərəfindən 100 ballıq sistemlə qiymətləndirilib. Qiymətləndirmə zamanı mövzuya uyğunluq, məzmunun dolğunluğu, məntiqi ardıcıllıq, orijinallıq, üslub aydınlığı və nəticənin əsaslandırılması kimi meyarlar əsas götürülüb.

Nəticələrə əsasən, İlahə İbrahimova “Zəncirləri qıran misralar: Vahabzadənin azadlıq fəlsəfəsi” adlı esse ilə birinci yerə, Zeynəb Mehrəlizadə “Bəxtiyarın misralarında millətimin harayı” adlı esse ilə ikinci yerə, Orxan Ağakişiyev “Bəxtiyar misralarında xalqın səsi” və Cəmilə Cəfərova “Bəxtiyarın qələmi: Milli ruhun aynası” adlı esselərlə üçüncü yerə layiq görülüblər.

Münsiflər heyətinin yüksək qiymətləndirdiyi esselərin qaliblərinə sertifikat və hədiyyələr təqdim olunub.

Müsabiqə tələbələr arasında milli dəyərlərə, azərbaycançılıq ideyalarına və Bəxtiyar Vahabzadə yaradıcılığına olan marağın artmasına xidmət edən mənalı bir ədəbi layihə kimi dəyərləndirilib.