Mingəçevir Dövlət Universitetinə yüksək balla qəbul olunmuş bacılarla görüş keçirilib

  • Post category:Təhsil

2024-cü il sentyabrın 2-də Mingəçevir Dövlət Universitetində (MDU) yüksək bal toplayaraq qəbul olunmuş bacılar – Mətanət Behbudlu və Mədinə Behbudlu, həmçinin onların valideyni ilə görüş keçirilib.

Görüş zamanı MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən, Tədris məsələləri üzrə prorektoru Üzeyir Zeynalov, tələbələri bu yüksək nailiyyətlərə görə Mətanət və Mədinə bacılarını təbrik edərək, MDU-da təhsillərinə uğurla başlamaqlarını arzulayıb. Mətanət qəbul imtahanında 628 bal toplayaraq MDU-nun “Riyaziyyat müəllimliyi” ixtisasına, Mədinə isə 504,7 bal toplayaraq “Dil və ədəbiyyatı müəllimliyi (dillər üzrə)” ixtisasına qəbul olunub.

Prorektor Ü.Zeynalov tələbələrin seçimlərini yüksək qiymətləndirərək, onlara öz potensiallarını tam şəkildə reallaşdırmaq üçün MDU-nun akademik və sosial imkanlarından faydalanmağı tövsiyə edib.

Tələbələr və onların valideyni göstərilən diqqət və təbrikə görə təşəkürlərini bildiriblər.

Qeyd edək ki, cari tədris ilində MDU-ya qəbul olunmuş 500-dən yuxarı bal toplayan tələbələrin sayı 16 nəfərdir. Bu tələbələr arasında 4 nəfər 600-dən yüksək bal toplayıb. MDU-ya qəbul olunmuş və 500-dən yuxarı bal toplamış bütün tələbələrə topladıqları bal miqdarında birdəfəlik təqaüd təqdim olunacaq.