Mingəçevir Dövlət Universitetində “Bilik Günü” qeyd edilib

  • Post category:MDU xəbərləri

16 sentyabr 2024-cü ildə Mingəçevir Dövlət Universitetində (MDU) “Bilik günü” qeyd edilib. Universitetin həyətində keçirilən tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin və Mərkəzi Aran Gənclər və İdman İdarəsinin rəhbərliyi, şəhid ailələrinin nümayəndələri, MDU-nun İctimai Nəzarət Şurasının üzvləri, akademik və inzibati heyət, tələbələr, magistrantlar, onların valideynləri və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin unudulmaz xatirəsinə böyük ehtiram əlaməti olaraq ümummilli liderin büstü qarşısına gül dəstələri qoyulub.

Tədbir başlamazdan öncə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən, Tədris məsələləri üzrə prorektor Üzeyir Zeynalov giriş nitqi ilə hər kəsi salamlayıb, “Bilik Günü” və yeni tədris ilinin başlanması münasibətilə universitetin kollektivini, tələbə və magistrantları təbrik edib, uğurlar arzulayıb. O, 2024/2025-ci tədris ilində MDU ailəsinə yeni qatılan birinci kurs tələbələrini, onların valideyn və müəllimlərini təbrik edib, regionun qabaqcıl ali təhsil müəssisələrindən biri olan Mingəçevir Dövlət Universitetini seçdikləri üçün kollektiv adından onlara minnətdarlığını ifadə edib.

Hazırda Mingəçevir Dövlət Universitetinin Azərbaycan ali təhsil məkanında öz mövqeyini günü-gündən gücləndirdiyini, son illərdə əldə edilən uğurların artdığını qeyd edən Ü. Zeynalov bu uğurların əsasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğının dayandığını xüsusi olaraq vurğulayıb. Eyni zamanda, Elm və Təhsil Nazirliyinin göstərdiyi dəstək sayəsində əldə edilən uğurlarda Mingəçevir Dövlət Universitetinin kollektivinin zəhmətini qeyd edib və MDU ailəsinin hər bir üzvünə təşəkkürlərini çatdırıb.

Ü. Zeynalov çıxışında yeni tədris ilinə hazırlıqla bağlı universitetdə görülmüş işlər və qarşıda duran vəzifələr barədə danışıb, 2024/2025-ci tədris ilində universitetə qəbul səviyyəsinin artdığını, əvvəlki tədris illərinə nisbətən birinci kursa qəbul olan tələbələrin daha yüksək ballar topladıqlarını vurğulayıb. Belə ki, Mingəçevir Dövlət Universitetinə 2024/2025-ci tədris ilində 1315 bakalavr, 141 magistrant tələbə qəbul olmuşdur.

Tədbirdə çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov universitetin müəllim və tələbələrini yeni tədris ili münasibətilə təbrik edib, onlara uğurlar diləyib. Bildirib ki, son illərdə qazanılan bütün uğurlar ölkə başçısı cənab İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar və dövlətimizin bu sahəyə göstərdiyi xüsusi qayğının nəticəsidir.

Tədbirdə çıxış edən MDU-nun şəhid məzunu Əzəmi Hüseynovun bacısı Elnarə xanım, universitetin məzunu, İqtisadiyyat Nazirliyinin Aran regional bölməsinin müdiri Sani Məmmədov universitet rəhbərliyinə, professor-müəllim heyətinə uğurlar diləyib, tələbələri və onların valideynlərini təbrik edib və cəmiyyətimiz üçün faydalı mütəxəssislər kimi yetişmələrini arzulayıblar.

2024/2025-ci tədris ilində 628 bal toplayaraq MDU-nun bakalavr səviyyəsi üzrə ən yüksək nəticə qazanan tələbəsi Mətanət Behbudlu və 87 bal toplayaraq magistratura səviyyəsi üzrə ən yüksək nəticə qazanan magistrant Elmira Xəlilova ürək sözlərini çatdırıb, universitetdə əldə edəcəkləri bilik və bacarıqlarla dövlətimizə, xalqımıza layiqli vətəndaş kimi xidmət göstərəcəklərini, onlara olan etimadı doğruldacaqlarını bildiriblər.

Tədbirin yekununda MDU-ya yüksək balla daxil olmuş Mətanət və Mədinə Behbudlu bacılarının atası Ramiz Behbudov ürək sözlərini çatdırıb, kollektivi yeni dərs ilinin başlanması münasibətilə, eyni zamanda övladlarının timsalında tələbə adı qazanan bütün gəncləri təbrik edib.

Qeyd edək ki, Mingəçevir Dövlət Universiteti Elmi Şurasının qərarına əsasən 2024/2025-ci tədris ilində MDU-ya 500 və 500-dən çox bal toplayaraq qəbul olan hər tələbəyə topladığı bal miqdarında birdəfəlik pul mükafatı verilməsi nəzərdə tutulub. Bu səbəbdən tədbir çərçivəsində 500-dən yuxarı bal toplayaraq MDU-ya qəbul olan 16 tələbə mükafatlandırılıb. Sevindirici haldır ki, onlardan 4 nəfərinin topladığı bal 600-dən yuxarıdır.