2024-cü ilin 22 mayında Mingəçevir Dövlət Universitetində (MDU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Beynəlxalq Biomüxtəliflik Gününə həsr olunmuş “Biomüxtəlifliyin qorunması perspektivləri” mövzusunda elmi-nəzəri seminar keçirilib. MDU-nun Fizika və ekologiya kafedrasının təşkilatçılığı ilə baş tutan tədbirdə universitetin professor-müəllim heyəti, tələbə və magistrantları iştirak edib.
Seminardan öncə tələbələrin məişət tullantılarından hazırladıqları sərgiyə baxış olub.
Çıxış edən MDU-nun Fizika və ekologiya kafedrasının müdiri Təranə Yusibova mövzu ilə əlaqədar fikirlərini bölüşüb, biomüxtəlifliyin mövcud vəziyyətindən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbiətin qorunması ilə bağlı imzaladığı sərəncamların əhəmiyyətindən, ətraf mühitin mühafizəsi üzrə milli fəaliyyət proqramından, bu sahədə hüquqi bazanın yaradılmasından, ölkədə təbii sərvətlərin mühafizəsi, milli parkların təşkili istiqamətində görülmüş mühüm işlərdən danışıb. T.Yusibova rəhbərlik etdiyi kafedranın əməkdaşlarının tələbələrlə birlikdə bu istiqamətdə həyata keçirdiyi məqsədyönlü tədbirlərdən bəhs edib və 23 May Azərbaycan Ekoloqlar Günü münasibətilə təbriklərini çatdırıb.
MDU-nun Dayanıqlı inkişaf və regional innovasiyalar tədqiqat mərkəzinin müdiri Asim Məmmədov tədbirin təşkilatçılarına, sərgidə fəal iştirak edən tələbələrə təşəkkürünü bildirib. A.Məmmədov bu günün qeyd edilməsində əsas məqsəd dünyanın diqqətini təbii və antropogen faktorların təsirinə məruz qalan biomüxtəlifliyin qorunmasına yönəltmək olduğunu vurğulayıb.
Ardınca kafedranın müəllimlərinin mühazirələri dinlənilib. Gülmirə Məmmədova “Azərbaycan Respublikasında biomüxtəlifliyin qorunmasına dair görülən işlər”, Natəvan Vəliyeva “Elektron tullantıların ətraf mühit və insan sağlamlığına təsiri”, Fəridə Həsənli “İşğaldan azad edilmiş ərazilərimizdə biomüxtəlifliyin mühafizəsi”, Aysel Bayramova “Biomüxtəliflik:Yer üzərində həyatın qorunması” mövzularında çıxış ediblər.
Elmi-nəzəri seminar müzakirələrlə davam edib.
Tədbirin sonunda tələbələrin sərgidə təqdim etdiyi layihələr səsvermə yolu ilə qiymətləndirilib və həvəsləndirici hədiyyələrlə mükafatlandırılıb.
Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində MDU-da müxtəlif tədbirlər keçirilir.