“Gecələr yatmayıb, dərs oxuyurdum”.
Bu sözləri Oxu.Az–a açıqlamasında Mingəçevir Dövlət Universitetinin (MDU) II kursunu 100 bal ilə başa vuran, görmə məhdudiyyətli Heydər Qafarlı deyib.
Xatırladaq ki, MDU-nun Təhsil fakültəsinin tarix müəllimliyi ixtisasının II kursunun məzunu olan Heydər Qafarlı universiteti maksimum nəticə yəni, 100 bal ilə başa vurub.
Onun sözlərinə görə, bir çox çətinliklərin öhdəsindən gələrək maksimum nəticəni əldə edib:
“Universitetə 2021-ci ildə 362 bal ilə qəbul oldum. 17 yaşım var idi. Təhsilimi əyani olaraq davam etdirirəm. Hazırda 19 yaşım var. Bu il II kursu uğurlu nəticə ilə başa vurdum. Ötən il bu nəticə əldə edə bilməmişdim. Lakin nəticəm pis də deyildi. I kursu ortalama 98 balla bitirmişdim. Bu il isə istəyimə nail oldum. II kursu maksimum ortalama balı ilə başa vurdum”.
H.Qafarlı maksimum ortalamanı əldə etmək üçün gecə-gündüz səy göstərdiyini qeyd edib:
“Bu il daha çox səy ilə çalışdım. Gecələr də yatmırdım. Gecə saat 03:00-a qədər dərs oxuyurdum. Bu semestr az fasilə etdim, dayanmadım oxudum. Zəhmətimin bəhrəsini də gördüm. Bütün imtahanlardan maksimum nəticə əldə etdim. Valideynlərim də çox dəstək oldular. Daim yanımda oldular”.
Heydər Qafarlı ən böyük arzusundan söz açıb:
“Ən böyük arzum universiteti istədiyim nəticə ilə bitirdikdən sonra magistraturaya qəbul olmaqdır. Təhsilimi elə tarix müəllimliyi üzrə davam etdirməyi düşünürəm. Bu ixtisası öz istəyimlə seçmişəm. 9-cu sinifdə oxuyanda artıq müəyyənləşdirmişdim. Xaricdə təhsillə bağlı açığı düşünməmişəm. Vaxt gəlib çatanda qərar verəcəyəm”.
“Gözüm çox zəifdir. Lakin bu tam da görmürəm demək deyil. Cüzi də olsa, hiss edirəm. Bu problem sonradan yaranıb. Amma buna baxmayaraq əzmimi itirmirəm, dərslərimlə məşğul oluram. Düşünürəm ki, bu mənim oxumağıma əngəl deyil. Mübarizə aparmaq lazımdır”, – deyə H.Qafarlı əlavə edib.
Qeyd edək ki, Heydər Qafarlı İsmayıllı rayonu Cülyan kəndinə yaşayır. Çətinliklə də olsa, valideynlərinin dəstəyi ilə təhsilini davam etdirir.