Mingəçevir Dövlət Universitetinin müəllimləri Kembric Universitetinin modelinə uyğun olaraq özünü sınaq prosesində iştirak ediblər

Mingəçevir Dövlət Universiteti (MDU) ilə “Cambridge University Press & Assessment” təşkilatının Azərbaycandakı rəsmi nümayəndəsi ITAC (International Training And Assessment Center) arasında imzalanmış əməkdaşlığa uyğun olaraq Cambridge proqramına uyğunlaşdırılması prosesi davam etdirilir.

Buna uyğun olaraq ilk mərhələ kimi 2025-ci ilin 9 iyul tarixində MDU-da ingilis dili fənlərini tədris edən müəllimlərin özünü sınaq mərhələsi təşkil olunub. Proses universitetin müvafiq ixtisaslarında Cambridge modelinə əsaslanan dərs proqramlarının tətbiqinə keçidə hazırlıq məqsədi daşıyır.

İki gün davam edəcək mərhələdə müəllimlərin dil bilikləri, metodik hazırlığı və Cambridge yanaşmasına uyğun pedaqoji bacarıqları qiymətləndiriləcək. İmtahan nəticələri əsasında hər bir müəllimə Cambridge Assessment tərəfindən fərdi inkişafla bağlı tövsiyələr və istiqamətləndirici təkliflər təqdim olunacaq.

10 iyul tarixində isə növbəti mərhələ olaraq Teaching Knowledge Test (TKT) Modul 1 imtahanı keçiriləcək. Bu imtahan beynəlxalq sertifikatlı müəllimlərin hazırlanmasına və universitetin tədris keyfiyyətinin beynəlxalq səviyyədə tanınmasına mühüm töhfə verəcək.

Qeyd edək ki, əməkdaşlıq çərçivəsində Cabridge modeli ilk olaraq 2025/2026-cı tədris ilindən etibarən “Xarici dil müəllimliyi” və “Dil və ədəbiyyat müəllimliyi” ixtisaslarının I kurs tələbələri üçün tətbiq ediləcək. Müvafiq fənlərin tədris proqramları, sillabusları və imtahan götürülmə qaydası Cabridge modelinə uyğunlaşdırılacaq, dərs vəsaitləri də rəsmi nümayəndəlik tərəfindən təmin ediləcəkdir.