Mingəçevir Dövlət Universitetində “İxtisas bələdçisi” forumu keçirilib

2025-ci ilin 16 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Dövlət Məşğulluq Agentliyinin (DMA) Mərkəzi Karyera filialının təşkilatçılığı və Mərkəzi Aran Regional Təhsil İdarəsinin (RTİ) dəstəyi ilə “İxtisas bələdçisi” adlı ixtisas forumu keçirilib.

Məktəbli və tələbələrin əmək bazarının tələblərinə uyğun ixtisas seçimi və karyera planlaması sahəsində dəstək göstərilməsi məqsədilə keçirilən forumun tədbirində Mərkəzi Aran RTİ-nin, DMA-nın, nümayəndələri, eləcə də MDU-nun akademik-inzibati heyət üzvləri, tələbələr və məktəblilər iştirak edib.

Öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respulbikasının Dövlət Himni Səsləndirilib.

Tədbirin açılışında iştirak edən MDU-nun rektoru Anar Eminov çıxışında forumun əhəmiyyətindən danışaraq bildirib ki, gənclərin ixtisas seçimi düzgün istiqamətləndirilməli, onların gələcək karyera perspektivləri əmək bazarının tələbləri nəzərə alınaraq planlaşdırılmalıdır. O, MDU-nun belə layihələrdə iştirakından məmnunluğunu ifadə edərək, universitetin tələbələrinə hərtərəfli dəstək göstərməkdə davam edəcəyini vurğulayıb. Bu tip forumların gənclərə düzgün ixtisas və peşə seçimi zamanı geniş məlumat almaq, öz bacarıq və maraqlarını tapmaqda kömək olduğunu bildirən rektor təşkilatçılara təşəkkür edib.

Sonra, DMA-nın İdarə Heyətinin sədr müavini Hasil Abbasov çıxışında əmək bazarının cari tələbləri və perspektivləri barədə məlumat verib. O, vurğulayıb ki, əmək bazarında tələb olunan peşələr daim dəyişir və gənclərin bu dəyişikliklərə uyğunlaşması vacibdir. H.Abbasov bildirib ki, Agentlik bu istiqamətdə aktiv fəaliyyət göstərir, karyera məsləhətləri və ixtisas seçimi ilə bağlı gənclərə peşəkar dəstək verir. O, forumun belə təşəbbüslərin genişləndirilməsi üçün yaxşı platforma olduğunu və gələcəkdə də əməkdaşlığın davam etdiriləcəyini qeyd edərək göstərilən dəstəyə görə universitet rəhbərliyinə minnətdarlığını bildirib.

Sonra, forumun proqramına uyğun olaraq panel müzakirələri başlayıb.

I Panel müzakirəsində DMA-nın Mərkəzi Karyera Filialının Karyera planlaması şöbəsinin müdiri Əli Qurbanlı, “Edulance English Language Center”in təsisçi direktoru Hüseyn Həsənov, Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin Karyera xidməti üzrə mütəxəssisi Turan Rəşidov və Dövlət İmtahan Mərkəzinin Gəncə Regional Bölməsinin müdiri Nəsimi Məmmədov iştirak edərək ixtisas seçiminin strateji əhəmiyyəti, gələcək əmək bazarı ehtiyacları və fərdi bacarıqlara uyğun karyera quruculuğu mövzularında çıxış ediblər.

II Panel müzakirəsində Mingəçevir Bələdiyyəsinin sədri, MDU-nun müəllimi Anar İsmayılov, Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin direktoru Vüsal Məmmədov, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinin müdiri Sevinc Cəfərova, “HTECH Invest” MMC-nin İcraçı direktoru Orxan Nadirov və Mingəçevir Regional Turizm İdarəsinin baş məsləhətçisi Samrin Xanlayev öz çıxışlarında müxtəlif sahələr üzrə təcrübələrini bölüşərək gənclərə real əmək bazarına inteqrasiya yolları, özünüinkişaf və ixtisaslaşdırılmış sahələrdə uğur qazanma strategiyaları haqqında faydalı məqamlar təqdim ediblər.

Forum tələbə və məktəblilər arasında düzgün ixtisas seçimi və effektiv karyera planlaması üzrə maarifləndirici platforma rolunu oynayıb və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, sonda suallar cavablandırlıb və müzakirələr aparılıb.