“Azərbaycan müəllimi”, 29.04.2022
MDU nümayəndə heyətinin Ağdam səfər təəssüratları
2022-ci ilin 14 aprel tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) 40 nəfərdən artıq heyət üzvü Ağdamda səfərdə olub. Ağdamı ziyarət edən heyətdə universitetin əməkdaşları, tələbə və magistrantlar, şəhid məzunların ailə üzvləri və MDU İctimai Nəzarət Şurasının üzvləri təmsil olunublar. Səfər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə həyata keçirilib və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi tərəfindən təyin edilən bələdçilər tərəfindən müşayiət olunub.
Səfər çərçivəsində universitet heyəti Ağdam Şəhidlər xiyabanını ziyarət edib, Ağdamda Ermənistan tərəfindən işğal dövründə dağıdılmış yaşayış binaları, dini, mədəni və tarixi abidələr, o cümlədən İmarət kompleksi, Ağdam Cümə məscidi, Qiyaslı kənd məscidi və Şahbulaq qalası ilə tanış olublar. Şahbulaq qalasında universitetin tələbə gənclərinin və əməkdaşlarının təqdimatında Qarabağa həsr olunan musiqi və şeir parçaları səsləndirilib. MDU kollektivi üzvləri doğma yurdların işğaldan azad olunmasından və sürətlə dirçəldilməsindən qürur duyduqlarını bildirib, bu sonsuz sevinc və fəxarət hisslərini xalqımıza bəxş edən Müzəffər Ali Baş Komandanımıza və Qəhrəman Azərbaycan Əsgərinə minnətdarlıqlarını ifadə ediblər.
Ədalət Quliyeva (MDU-nun İctimai Nəzarət Şurasının üzvü):
MDU-nun təşkilatçılığı ilə Ağdama səfər edən heyətin tərkibində olacağımı biləndə sevincimin həddi-hüdudu yox idi.
Çox qürurverici bir səfər idi. 30 il idi ki, hər hansı bir tədbir keçirəndə deyirdik: “İnşaallah, gələn il bu tədbiri doğma Qarabağda – Şuşada, Laçında, Qubadlıda, Zəngilanda, Füzulidə, Kəlbəcərdə, Ağdamda, Xocalıda, Xocavənddə, Xankəndində qeyd edəcəyik!”
İndi, budur, bu bizim doğma Qarabağda ilk tədbirimizdir. Qürurla, fəxrlə, eyni zamanda kövrək hisslərlə keçirdiyimiz tədbir. Biz Ağdamda İmarət deyilən məkanda, Cümə məscidində olduq. Ağdam Şəhidlər xiyabanını ziyarət etdik. Yıxılmış, dağılmış evləri gördük. Viran qoymuşdular Ağdamı, bütün Qarabağ kimi. Bu da düşmənin alçaqlığından, rəzilliyindən başqa bir şey deyil. Amma Ağdam yenidən qurulur və elə orada gedən abadlıq işlərini gördükcə bir daha inandıq ki, doğma yurdumuz tezliklə öz sakinlərinə qovuşacaq.
Zəfərə qovuşduran xoş hisslər, sevinc göz yaşları ilə biz daha davamlı inkişafda olan Azərbaycanımızla, Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevlə, Rəşadətli Ordumuzla fəxarət hissi keçirdik.
Mayıl İsmayılov (MDU-nun dosenti, Əməkdar müəllim):
“İşğaldan azad edilmiş Qarabağ torpaqlarında olmaq nə qədər qürurverici olsa da, Ağdamın ərazisinə qədəm qoyan kimi… Rəzil düşmən Qarabağ xanlarının uyuduğu kompleksi də yerlə-yeksan etmiş, İbrahim xanın türbəsini dağıtmış, xan qızı Natavanın qəbrini talamış, sümüklərini çıxarmış və aparmışlar. Ağdama daxil olanda, bir vaxtlar bu gözəl şəhərin göz oxşayan mənzərələri əvəzinə, viranəliyi xatırladan, suyu sovulmuş yurd yerləri, evlər-binalar, tari-mar edilmiş tarixi-mədəni abidələr bir-birini əvəz edir.
Qarabağlı həmkarlarımızın, şəhid ailəsi üzvlərinin müqəddəs məscid həyətində diz üstə çöküb yeri öpmələrini, istiladan sonra dünyasını dəyişmiş qohum-əqrəbalarının qəbrlərinə səpmək üçün torpaq yığdıqlarını doluxsunmadan seyr etmək çətin idi.
Geri dönərkən bizi sevindirən məqam Ağdamda müasir arxitektura normalarına uyğun inşa edilən yeni yaşayış evləri, mərkəzdə ucaldılan inzibati binalar oldu. Ağdam Sənaye Parkının uzaqda ağaran tikililəri, “göylərə baş çəkən” kran qüllələri bizi bir daha əmin etdi ki, Prezidentimizin dediyi kimi, yaxın gələcəkdə Ağdam və digər viran qoyulmuş kənd və şəhərlərimiz yenidən tikiləcək, yurd-yuvalarından didərgin düşmüş insanlar öz ata-baba ocaqlarına qayıdacaqlar”.
Mahir İsmayılov (MDU Mexanika kafedrasının müdiri, İkinci Qarabağ müharibəsi iştirakçısı):
“Cənnət Qarabağın gözəl guşəsi Ağdama səfər təəssüratlarım qarışıqdır. İşğaldan azad olunmuş istənilən ərazi adamı istər-istəməz keçmişi xatırlamağa məcbur edir və düşmənin nə qədər vandal olduğunu göstərir. Dağılmış yurd yerlərimizi seyr etmək çox təsirlidir. Təsəllini onda tapdım ki, yaxşı ki, 44 günlük müharibədə iştirak etmək, Vətənə olan borcumu yerinə yetirmək mənə də qismət oldu. Xalqımızın orduya dəstəyini ordu sıralarında gördüm və döyüş ruhunun necə yüksək oldüğünu hiss edərək çətinliklərə qatlaşdım. Ağdamı düşmən “Dəmir yumruq”dan aldığı zərbə altında təhvil verdi. Azad Ağdamın mərkəzində avtobusla hərəkət edərkən ətrafda olan dağıntılar nə qədər ürəkağrıdıcı olsa da, quruculuq-bərpa işləri mənə gələcəkdə gözəl bir Ağdama səfər edəcəyimə və həyat dolu bir şəhərin qurulacağına olan ümidlərimi artırdı.
Müharibədə universitetimizin 120-dən çox məzunu və 4 əməkdaşı iştirak etmişdir. Məzunlarımızın 5 nəfəri şəhid olmuşdur. Şəhid qardaşlarımın ruhu şad olsun. Ali Baş Komandan cənab İlham Əliyevin göstərdiyi qətiyyət bizi qələbəyə apardı”.
Aygün Quliyeva (Şəhid Yasən Əhmədovun həyat yoldaşı):
“İlk öncə, səfərə dəvət ücün MDU rəhbərliyinə və kollektivinə öz minnətdarlığımı bildirirəm. Doğrudan da, çox xoş və yaddaqalan bir səfər oldu. Çox fərqli – kədər, təəssüf qarışıq bir sevinc hissi yaşadım. Çox istərdim o torpaqlara Yasənlə birlikdə qayıtmağı. Onun ən böyük arzusu idi. Şəhid olduğü günə qədər sizi kəndimizə aparacam dedi. Bir gün belə ümidini üzmədi. Müharibə başlayandan sonra, tez-tez telefon əlaqəsi saxlayırdı. Səsində də sevinc hiss olunurdu. Deyirdi ki, hazırlaşın, bir-iki günə Ağdama gedəcəyik. Çox təəssüf özünə qismət olmadı. Şükürlər olsun ki, bu gün o torpaqlar işğaldan azad oldu. Özünə qismət olmasa da övladı ilə qayıtdıq öz yurdumuza. Əminəm ki, ruhu o torpaqlardadı, şaddır. Məkanı cənnət olsun, Yasənin və bütün şəhidlərimizin.
Axırıncı dəfə Ağdam şəhərində 1992-ci ildə olmuşdum. Həmişə Ağdamın işğal olunmamış kəndlərinə gedəndə uzaqdan Şahbulaq qalasına baxıb “görəsən nə vaxtsa ora gedə biləcəyikmi”, – deyə düşünürdüm. Səfər zamanı Dördyol deyilən yerə çatanda yenə uzaqdan Şahbulaq görünürdü. Oğluma dedim ki, təxminən bir saat sonra bax orda olacağıq. Böyük bir həyəcanla çatdıq şəhərə. Gözlərim on iki yaşında gördüyüm çay evini, çörək muzeyini, sarı rəngli karuseli, passaj ticarət mərkəzini, Fərhadın heykəlini axtarırdı. Çox dəhşətli idi. O vaxt gördüyüm şəhərin yerində böyük bir xarabalıq vardı.
Şahbulaqda gördüyüm mənzərə, oranın havası məni yenidən qaytardı cənnətməkan Ağdama.
Səfər yoldaşlarımın da yurd həsrəti hər hallarından bəlli idi. Diz çöküb vətən torpağını öpən, yarpızın iyini göz yaşları ilə içinə çəkən, gördüyü hər şeydən kiçik bir parçanı özü ilə götürən, ordakı hər dəqiqəni fotoaparatın yaddaşına köçürən… Düşmənin xarabalığa çevirdiyi şəhər yenidən qurulacaq. Əvvəlkindən də gözəl olacaq. İşğaldan azad olan torpaqlarımız inkişaf etdikcə, qurulduqca düşmənin bağrı yanacaq”.
Yunus Əhmədli (MDU-nun tələbəsi, şəhid Yasən Əhmədovun övladı)
“30 il düşmən tapdağı altında olan torpaqlara ayaq basmaq mənim üçün çox qürurverici idi. Bir ağdamlı olaraq çox qəribə hisslər keçirdim. Mənə doğma olan, lakin heç vaxt görə bilmədiyim torpaqları gördüm. Burada törədilən vəhşilikləri gördükdən sonra erməni millətçilərinin necə vəhşi, qəddar və vandal olduqlarını bir daha anladım.
Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi və müzəffər Ordumuzun sücaəti sayəsində 44 gün sürən Vətən müharibəsində qazanılmış tarixi Zəfərlə üzərimizdən 30 illik yük götürüldü. Çox təəssüf ki, biz bu muharibədə şəhidlər verdik. Bu şəhidlərdən biri də atam Yasən Əhmədov oldu. Atamın məzarı Mingəçevir Şəhidlər Xiyabanındadır. Mən, atamın uğrunda canından kecdiyi doğma Ağdam torpağından bir ovuc gətirərək onun məzarına səpdim. Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin”.
Qaragöz Kərimov (MDU-nun müəllimi, İkinci Qarabağ müharibəsi iştirakçısı):
“Biz azərbaycanlı olaraq çox qürurlu və fərəhli anlar yaşayırıq. Çünki 28 ildən çox idi ki, həsrətində olduğumuz arzularımızı Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusu Vətən torpaqlarını düşməndən azad edərək reallaşdırdı. Minlərlə məcburi köçkünə doğma torpaqlarına qayıdış xoşbəxtliyi, bütün xalqımıza zəfər sevinci və qürur bəxş etdi. İndi biz o doğma yurdlara sərbəst şəkildə səfərlər edirik.
Avtobusla səyahət edərkən dağıdılmış kəndləri, evləri görəndə Vətən müharibəsi iştirakçısı, Azərbaycan əsgəri kimi yenidən düşmənə qarşı müharibəyə qalxdığımız o dövrə qayıtmalı oldum. Yolboyu səfər edən hər kəsi düşmənin törətdiyi vəhşiliklər, talanlar dəhşətə gətirirdi.
Şahbulaq qalasında yoldaşlarımız ürəklərini boşaltdı, sevinclərini, nisgillərini dilə gətirdilər. Tələbə və müəllimlərimizin, qonaqların ifasında muğam oxundu, şeirlər söyləndi. Şəhid anaları ürək sözlərini dedilər.
Ağdamda Azərbaycan dövlətinin qısa müddətdə həyata keçirdiyi genişmiqyaslı tikinti, abadlıq, quruculuq işləri heyrət doğurur, qürur hissi yaradır.
Görülən tikinti-abadlıq işləri artıq bu yerlərin sahiblərinin gəldiyini göstərir. İndi bu yerlərdə həyat yenidən dirçəldilir, Ağdamın, bütövlükdə Qarabağın dirçəlişi yenidən başlayır. Çünki, Qarabağ Azərbaycandır!”
Mingəçevir Dövlət Universiteti
Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzi