MDU tələbələri Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramını uğurla başa vurublar

Mingəçevir Dövlət Universitetinin (MDU) iqtisadiyyat profili üzrə bakalavriat və magistratura səviyyələrində ali təhsil alan 11 tələbəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) cari ilin iyul-sentyabr aylarında təşkil etdiyi Yay Təcrübə Proqramını uğurla başa vurub. Bununla əlaqədar olaraq, MDU-nun rektoru Şahin Bayramov sözügedən proqramda universiteti təmsil edən bir qrup tələbə ilə görüşüb.


Təhsil dövründə müvafiq dövlət sturukturlarında təcrübə keçməyin və peşəkarların təlimlərində iştirak etməyin karyera inkişafındakı önəmindən bəhs edən Ş.Bayramov vergi sahəsində nəzəri və praktiki biliklərin, işə düzəlmə imkanlarının və faydalı əlaqələrin əldə edilməsi baxımından Yay Təcrübə Proqramının əhəmiyyətini diqqətə çatdırıb. Proqramı müvəffəqiyyətlə bitirən gəncləri təbrik edən rektor yaradılan imkanlara görə bir daha təşkilatçılara təşəkkürünü bildirib.


Yay Təcrübə Proqramında iştirakla bağlı təəssüratlarını bölüşən tələbə və magistrantlar göstərilən diqqətə və dəstəyə görə minnətdarlıqlarını ifadə ediblər və belə layihələrin davamlı olmasını arzulayıblar.


Məlumat üçün bildirək ki, gənclərin bilik və bacarıqlarının artırılması, həmçinin fərdi inkişaflarını hədəfləyən Yay Təcrübə Proqramının başlıca məqsədi məhz onların dövlət vergi orqanlarının fəaliyyətinə marağını artırmaq və gələcəkdə DVX-ə işə cəlb olunmasını təmin etməkdir. Proqrama qoşulmaq üçün ümumilikdə 32 yerli və xarici ali təhsil müəssisəsindən 900-dən çox tələbə müraciət ünvanlayıb. Bir neçə mərhələdən ibarət seçim prosesinin nəticəsinə əsasən, onlardan 67 nəfər Yay Təcrübə Proqramında iştirak hüququ qazanıb və DVX-nin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində yay düşərgəsinə qatılıb. Tələbələr DVX-nin aparatının struktur bölmələri və strukturuna daxil olan qurumlarında əvvəlcədən hazırlanmış proqram əsasında təcrübə keçiblər və  müvafiq sertifikatlarla təltif olunublar.


Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da tələbə gənclərin praktiki bilik və bacarıqlarının artırılması, onların hərtərəfli inkişafı diqqət mərkəzində saxlanılır və bu məqsədlə yerli və xarici tərəfdaşların dəstəyi və təşkilatçılığı ilə keçirilən müvafiq təcrübə proqramlarına tələbələrin cəlb olunmasına xüsusi önəm verilir.