2024-cü il mayın 27-də Mingəçevir Dövlət Universitetində (MDU) 28 May Müstəqillik Gününə həsr olunmuş “Müstəqil Azərbaycan Respublikası bizim ən böyük tarixi nailiyyətimizdir!” mövzusunda dəyirmi masa keçirilib.
Universitetin Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə keçirilən tədbirdə MDU-nun Təhsil fakültəsinin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak edib.
Əvvəlcə, Vətənin müstəqilliyi və azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Dövlət Himni səsləndirilib.
MDU-nun Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova giriş sözü ilə çıxış edərək Müstəqillik Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib, bu tarixi günün əhəmiyyətindən danışıb.
Sonra konfransın proqramına uyğun olaraq MDU-nun “Ədəbiyyat” və “Tarix” dərnəklərinin üzvləri olan tələbələrin məruzələri dinlənilib. İlahə Əzimova “Müstəqil olmaq nədir?”, Orxan Daşdəmirov “Azərbaycan xalqının tarixində müstəqillik”, Qənirə Hüseynova “Çar Rusiyasının Azərbaycanda millət, vətən, azadlıq, istiqlal kəlmələrini və milli düşüncənin məhvinə gətirməsi siyasəti”, Mehriban Qarayeva “Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şanlı və ibrətamiz səhifəsidir”, Murad Hacızadə “Azərbaycan irsini “7 qıfıl” altında gizlətmiş 70 illik sovet dövrü”, Sultan Mahmudova “Azərbaycan xalqının milli azadlıq və istiqlal mübarzəsi”, Nərgiz Rəsulzadə “Xalqımızı bəlalardan hifz eləyən, onun işıqlı gələcəyini təmin edən Millət Atası Heydər Əliyev”, İlahə İbrahimova “Qətiyyətli və rəşadətli sərkərdə İlham Əliyev” mövzularında çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyətinin şanlı tarixindən, onu yaradan görkəmli şəxsiyyətlərin mübarizəsindən, 70 illik əsarətdən sonra əldə edilən müstəqillikdən, inkişaf edən Azərbaycanın qüdrətindən bəhs ediblər.
Dəyirmi masanın mövzusuna uyğun olaraq bir neçə videoçarx nümayiş etdirilib.
Tədbirin sonunda tələbələrimiz Əfqan Məmmədov, Nurlana Allahverdiyeva və Nurlanə Rəsulova Vətən sevgisini tərənnüm edən şeirlər söyləyiblər.
Qeyd edək ki, 28 May Müstəqillik Günü ilə əlaqədar olaraq MDU-da silsilə tədbirlər keçirilib.