Mingəçevir Dövlət Universitetinin Fizika və Ekologiya kafedrasının müəllimi Şəbnəm İslamova və universitetin “Bir Könüllülər” adlı gənc komandası ətraf mühitin mühafizəsi günü münasibətilə Mingəçevir su anbarında yerləşən çimərliyə ekskursiya təşkil edib. Bu ekskursiyanın əsas məqsədi təbiətin qorunması və ekologiya problemlərinə dair atılan addımlara diqqət çəkmək idi.
Ekskursiya çərçivəsində universitetin gənc könüllüləri təbiətə atılan plastik tullantıları və digər zərərli məhsulları yığaraq çimərliyin təmizlənməsi işlərini həyata keçirib. Könüllülər birgə məqsəd olaraq təbiətə müsbət təsir göstərməyi, tullantıları azaldaraq mühitin daha yaşıl və təmiz qalmasına yardım etməyi hədəflədiyini bildiriblər.
MDU-nun gənc müəllimi Şəbnəm İslamova ekskursiya zamanı təbiətin mühafizəsi və plastik tullantıların ekologiyaya vurduğu ziyan haqqında maarifləndirici çıxış edib. Plastik qabların torpaq və su ekosistemlərinə vurduğu zərər və bu tullantıların çürümə prosesi çərçivəsində təbiətə olan neqativ təsirlərdən danışaraq məsələyə ciddiliklə yanaşmağın vacibliyini vurğulayıb.
Şəbnəm İslamova eyni zamanda, dövlət strategiyası çərçivəsində atılan addımların önəmindən danışaraq, ekologiya problemlərinə qarşı həyata keçirilən layihələr və maarifləndirici tədbirlər haqqında da məlumat verib. O, vətəndaşları, xüsusən gənc nəsli ətraf mühitin qorunması üçün daha aktiv olmağa və bu tədbirlərdə iştirak edərək ekologiyanı qorumağın vacibliyini bildirib.
Ekskursiyanın sonunda “Bir Könüllülər” komandası bu cür təmizlik aksiyalarını davam etdirməyi və bu təbiətsevər nümunənin cəmiyyətdə daha çox insana təsir etməsini arzuladıqlarını qeyd ediblər. Qeyd edək ki, MDU-da “Yaşıl Dünya naminə Həmrəylik ili” çərçivəsində mütəlif tədbirlər həyata keçirilir, gənc nəslin təbiəti qoruması naminə maarifləndirmə işləri davam etdirilir.